Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7704/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əlsovet oğlunun və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Əlsovet oğluna qarşı “tikilinin sahibliyə və istifadəyə verilməsi” barədə ilkin, Cavabdeh Əlsovet oğlunun İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlsovet oğluna qarşıiddia ərizəsi, sonradan isə iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4 ünvanında yerləşən 149 saylı 2 mərtəbəli özbaşına tikilini Cavabdehla nikahda olduqları dövrdə inşa etdiklərini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, xx xxxx 2019-cu il tarixdə aralarında razılıq əldə edildiyini və özbaşına tikilinin 1-ci mərtəbəsində yerləşən mətbəx hissəsi istisna olmaq şərtilə qalan hissənin abadlaşdırılmaqla onun istifadəsinə verilməsi və bu zaman aparılacaq yenidənqurma işlərinin cavabdehin maliyyə vəsaiti hesabına aparılacağı barədə razılaşdıqlarını, lakin cavabdehin razılaşmanı pozmaqla kiçik bir otağı və istifadə üçün tam yararlı olmayan sanitar qovşağı onun istifadəsinə verdiyini, həmin sahədə azyaşlı qızı ilə birlikdə daimi yaşadığını, orada pasport qeydiyyatında olmaqla yaşayış sahəsinin yeganə sığınacağı olduğunu bildirmiş, tikilinin 1-ci mərtəbəsinin tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağının azyaşlı qızı ilə birlikdə onun, 2-ci mərtəbəsinin tam şəkildə cavabdehin istifadəsinə verilməsi, bundan əlavə evin qarşı tərəfindən onunla qızına giriş-çıxış verilməsi, eləcə də birgə nikah dövründə alınmış 2 ədəd soyuducunun, 3 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd tozsoranın, mebel dəstinin, uşaq mebel dəstinin, 2 ədəd şifonerin, jurnal stolunun, ətçəkən maşının, mətbəx mebelinin, 2 qaz sobası və iki aspiratorun və ya onların dəyərinin yarısının, qızının ad günündə alınaraq ona hədiyyə edilmiş noutbukun, anasının ona hədiyyə etdiyi buxarlı profesional ütünün, bacısının bağışladığı mətbəx mebelinin və anasının bağışladığı qaçış aparatının və ya həmin əşyaların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, aralarında xx xxxx 2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı təhdid, hədə qorxu və şantajları nəticəsində onu xx xxxx 2019-cu il tarixli müqaviləyə imza atmağa məcbur etmiş, polis idarəsinin istintaq şöbəsində istintaq aparılan zaman həmin müqavilə imzalananadək, yəni xx xxxx 2019-cu il tarixədək onu təzyiq altında saxlayaraq tez-tez 102 xidmətinə zəng etməklə gününün polis bölmələrində keçməsinə nail olduğundan, bu çətin durumdan çıxmaq üçün məcbur olub müqaviləyə imza atmışdır. Sözügedən müqaviləni imzaladıqdan iki gün sonra iddiaçıdan xx xxxx 2019-cu il tarixdə Binəqədi Rayon Polis İdarəsinə təqdim etmək üçün notarial qaydada təsdiq olunmuş ərizə almışdır. Bundan əlavə, mübahisəli tikili özbaşına tikilidir, onun hüquqi statusu olmadığı üçün həmin mənzilə dair bağlanmış hər hansı razılaşma etibarsızdır. Həmçinin, həmin müqavilə ilə onun qanunvericiliklə razılığı alınması tələb olunan sənədlər olmadan təmir-tikinti və bərpa işləri aparmaq hüququ yoxdur, belə hüququ olmadığı halda isə üzərinə qoyulmuş öhdəliklər də etibarsızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəsi “birgə nikah dövründə alınmış 2 ədəd soyuducunun, 3 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd tozsoranın, mebel dəstinin, uşaq mebel dəstinin, 2 ədəd şifonerin, jurnal stolunun, ətçəkən maşının, mətbəx mebelinin, 2 qaz sobası və iki aspiratorun və ya onların dəyərinin yarısının, qızının ad günündə alınaraq ona hədiyyə edilmiş noutbukun, anasının ona hədiyyə etdiyi buxarlı profesional ütünün, bacısının ona bağışladığı mətbəx mebelinin və anasının alaraq ona bağışladığı qaçış aparatının və ya həmin əşyaların dəyərinin cavabdehdən alınaraq ona verilməsi” hissəsində icraata qəbul edilmədən geri qaytarılmış, eyni tarixli qətnamə ilə isə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci və beşinci bəndlərinin etibarsız sayılması, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv və ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, işin hallarını obyektiv araşdırmadığını irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Əlsovet oğlu və onun nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmiş, İddiaçı isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, İddiaçı ilə Cavabdeh Əlsovet oğlu xx xxxxx 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahlarından xx xxxx 2010-cu il tarixdə Zəhra adını verdikləri uşaqları doğulmuş, birgə nikahları dövründə onlar, ünvan 2 ünvanda lazımi icazələr almadan iki mərtəbəli fərdi ev (özbaşına tikili) (bundan sonra - mübahisəli tikili) inşa etmiş, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, İddiaçı oraya pasport qeydiyyatına düşmüşdür. İşin müəyyən olunan digər halına görə, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh tərəfindən döyülərək bədən xəsarətləri alması barədə ərizə ilə Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinə müraciət etmiş, ərizə və toplanmış material üzrə cinayət işi başlanmış, tərəflər arasında xx xxxx 2019-cu il tarixdə aşağıdakı məzmunlu sadə yazılı formalı "Müqavilə-Razılaşma” imzalanmışdır: “Biz məlum müqaviləni aşağıdakı şərtlər daxilində razılaşaraq imzaladıq:
1. ünvan 3 ünvanda yerləşən iki mərtəbəli fərdi ev birgə nikah dövründə inşa edilmişdir.
2. Məlum fərdi evin 1-ci mərtəbəsi (mətbəx hissəsinin çıxılması şərti ilə) İddiaçı istifadəsində qalır. Birinci mərtəbənin sağ arxa hissəsində Cavabdeh Əlsovet oğlu öz maliyyəsi hesabına sanitar qovşaq, hamam, mətbəx inşa etməli, həmçinin çıxış-giriş hissəsinin istifadə üçün yararlı vəziyyətə gətirir.
3. Müqavilə şərtləri yerinə yetirilmədiyi halda tərəflər məsələnin hüquqi müstəvidə həll etməkdə səlahiyyətlidirlər.
4. Birgə nikah dövründə tərəflərin əldə etdikləri fərdi xarakterli əmlak (geyim əşyaları və sair) onların özlərinə məxsusdur, lakim ümumi istifadədə olan məişət əşyaları cehiz formasında İddiaçı məxsusdursa, 1-ci mərtəbəyə düşürdülməli və İddiaçı istifadəsinə verilməlidir.
5. Kombi çıxarılmalı, yerində mətbəx qurulmalıdır.
6. Qaz və soyuducu verilir.
7. Aliment 120 manat təşkil edir, kommunal xərclər Cavabdeh tərəfindən ödənilir.
8. 3 ay başqa yerdə yaşamalı, xx xxxxx 2019-cu ildən müddət başlayır.
9. Ailə həyatı qurarsa fərdi evdən imtina etməlidir.
10. Oğlu anası ilə yaşamaq istərsə, birinci mərtəbədə yerləşən mətbəx İddiaçı istifadəsinə qaytarılmalıdır.
11. Həftənin iki günü uşaq atasına veriləcək”. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən müqavilənin (razılaşmanın) bağlanmasından sonra – xx xxxx 2019-cu il tarixdə - İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə notariat təsdiqli ərizə ünvanlamış, ərizədə keçmiş həyat yoldaşı Cavabdeh Əlsovet oğlu ilə barışdığını, onun tərəfindən dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin uşağının anasının yanında qalması, xx xxxx 2019-cu il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehdən 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə isə İddiaçı ərizəsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 180, 324.1, 329.1, 339.4-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci bəndinin birinci cümləsi özbaşına tikintinin bir hissəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlıdır, həmin bəndin qalan hissəsi və beşinci bənd isə həmin istifadə ilə bağlı və ondan irəli gələn digər öhdəliklərdir. Yəni, ikinci bəndin qalan hissəsi və beşinci bənd sahibliklə bağlı razılaşma bağlanmadığı təqdirdə bağlana bilməzdi,ona görə də iddiaçının tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci və beşinci bəndlərinə əsaslanan iddia tələbi, yəni özbaşına tikilinin bir hissəsinin onun sahibliyinə verilməsi və bundan irəli gələn digər hərəkətlərin yerinə yetirilməsi barədə cavabdeh tərəfindən öhdəliyin icra edilməsi tələbi, qeyd olunan bəndlər etibarsız sayıldığından təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə belə nəticəyə gəlmişdir ki, cavabdeh həmin “Müqavilə-Razılaşma”nın məhz hədə-qorxu və şantaj nəticəsində imzalandığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, qeyd olunan “Müqavilə-Razılaşma”nın digər bəndləri daşınar əşyaların bölgüsü, kommunal xidmətlərin ödənilməsi və s. ilə bağlıdır və həmin bəndlərin etibarsız sayılması üçün hər hansı əsas yoxdur. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi mülki qanunvericilik hüquqi fakt olaraq özbaşına tikilinin mövcudluğunu qəbul edir, müəyyən istisnalarla ona mülkiyyət hüququnun, habelə sərəncam hüququnun yaranmadığını nəzərdə tutur. Bu tikililəri mülki qanunvericilikdə nəzərdə tutulmuş yaşayış sahəsi və ya mənzil qanunvericiliyinin mənasına görə mənzil kimi qiymətləndirmək mümkün olmasa da, qanunvericilik artıq mövcud olan belə tikililər məhkəmə qərarı əsasında sökülməyənədək onlardan yaşayış yeri kimi istifadəni qadağan edən birbaşa normalar da müəyyən etmir. Bu baxımdan dövlətin və maraqlı şəxslərin etirazı olmadan belə tikililərdən uzun illər ərzində yaşayış yeri kimi istifadə edən şəxslər belə faktiki istifadədən irəli gələn bəzi hüquqlara malik olur və vəzifələr daşıyırlar. Sözsüz ki, bu hüquqlar mülki qanunvericilikdə müəyyən edilmiş yaşayış sahəsindən istifadə hüququ və mənzil qanunvericiliyində müəyyən edilmiş mənzildən istifadə etmək hüquqlarına bərabər tutula və istinad olunan qanunvericilik sahələrində müəyyən edilmiş təminatlar bu hüquqlara eyni qaydada şamil oluna bilməz. Lakin özbaşına tikilidən yaşayış yeri kimi faktiki istifadə edən şəxslər mülkiyyət hüququnun əldə edilməsi, tikiliyə sərəncam vermək hüquqları istisna olmaqla mülki və mənzil qanunvericiliyinin ümumi prinsiplərindən irəli gələn və ya həmin qanunlarla tənzimlənən - şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasından müdafiə olunmaq, pozulmuş hüquqların bərpasını tələb etmək, qanunvericiliyə zidd olmayan müqavilə şərtləri əsasında öz davranışlarını (qarşılıqlı münasibətlərini), birgə yaşayış qaydalarını tənzimləmək, qonşuluq hüquqlarından irəli gələn və sair hüquqların təmin olunmasını və ya vəzifələrin icrasını tələb etmək imkanına malik olmalıdırlar. Bu baxımdan özbaşına tikilidə yaşayan şəxslərin oxşar tələblərinə yalnız tikilinin özbaşına olması əsası ilə baxılmaması və ya təmin olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuş mənzil, 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları, mülki və mənzil qanunvericiliyinin prinsip və məqsədləri baxımından yolverilməzdir. Təsadüfü deyildir ki, Mülki Məcəllənin 11.5-ci maddəsində, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmamasının və ya onun qeyri-müəyyənliyinin məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməyəcəyi təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, bu gün ölkədə faktiki mövcud olan özbaşına tikililərdə yaşayan şəxslərin həmin tikililərdən yaşayış yeri kimi istifadə etməsi məhz sadalanan hüquq və vəzifələr əsasında həyata keçirilir, məhkəmələrdə həmin tikililərdən çıxarma, onlara köçürmə, belə tikililərdə yaşayan şəxslərin hüquqlarının qorunması ilə bağlı çoxsaylı digər mübahisələrə baxılır. Baxılan iş üzrə mübahisəli tikilinin tərəflərin birgə nikahı dövründə lazımi icazələr alınmadan inşa edildiyi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı mübahisə olunmayan hallardır. Tərəflər aralarında ailə münasibətləri pozulduqdan sonra xx xxxx 2019-cu il tarixdə tikilidə öz davranışları (qarşılıqlı münasibətləri, birgə yaşayış qaydaları) ilə bağlı sadə yazılı formada razılıq imzalamış, ilkin iddiaçı da məhz həmin razılaşmanın şərtlərinin Cavabdeh tərəfindən pozulduğuna istinad edərək tikilinin 1-ci mərtəbəsinin tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağının azyaşlı qızı ilə birlikdə onun istifadəsinə verilməsi, 2-ci mərtəbəsinin tam şəkildə Cavabdeh istifadəsinə verilməsi, bundan əlavə, evin qarşı tərəfindən onunla qızına giriş-çıxış verilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ilkin iddia tələbinə etiraz edərək və istinad olunan razılığı hədə-qorxu və şantaj nəticəsində, məcburiyyət altında imzaladığına əsaslanaraq razılığın etibarsız hesab olunmasını istəmişdir. Nəzərə alınmalıdır ki, ilkin iddiaçı mübahisəli tikiliyə istifadə hüququnun tanınmasını tələb etməmiş, Cavabdehla evin ayrı-ayrı otaqlarından istifadə olunması ilə bağlı qaydaların müəyyən olunmasını xahiş etmişdir. Bu tələb isə mübahisəli tikiliyə mülkiyyət və ya əmlak hüquqlarının tanınması ilə bağlı deyil, üçüncü şəxslər və dövlət orqanları qarşısında hüquq və vəzifələr yaratmır və bu baxımdan Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikililərlə bağlı müəyyən edilmiş qadağanları pozmur. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh üzərinə hər hansı əlavə özbaşına tikinti işlərinin aparılması vəzifəsinin qoyulmasını da tələb etmir. Beləliklə, ilkin iddiaçının iddia tələbi Cavabdehla birlikdə faktiki yaşadığı özbaşına tikilidə davranış qaydalarının müəyyən olunmasına yönəlmişdir Lakin birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 180-ci maddəsini düzgün tətbiq etməyərək belə qənaətə gəlmişdir ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, şəhərsalma və tikinti qaydalarına uyğun tikilmədiyindən ilkin iddianın təmin olunması faktiki olaraq özbaşına tikili üzərində hüququ olmayan şəxsə və şəxslərə istifadə və sahibliklə bağlı hüquqlarının yaradılmasına şərait yaratmış olacaq. Eyni zamanda məhkəmə, qarşılıqlı iddianı qismən təmin edərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış razılığın ikinci və beşinci bəndlərini etibarsız hesab etmişdir. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələbinin əsası Baxışç Bünyatovun müvafiq razılığı hədə qorxu və şantaj nəticəsində, məcburiyyət altında imzaladığı ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddia tələbi ilə bağlı belə nəticəyə gəlmişdir ki, cavabdeh həmin “Müqavilə-Razılaşma”nın məhz hədə-qorxu və şantaj nəticəsində imzalandığını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə, qarşılıqlı iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin bəzi şərtləri özbaşına tikintinin bir hissəsinin iddiaçının istifadəsinə verilməsi və ondan irəli gələn digər öhdəliklərlə bağlıdır. Halbuki Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. İddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. Baxılan iş üzrə qarşılıqlı iddiaçı məhkəmə baxışının gedişində qarşılıqlı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə qarşılıqlı iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bimədiyini vurğulasa da, qarşılıqlı iddianı qismən təmin etmişdir. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6680/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Əlsovet oğluna qarşı “tikilinin sahibliyə və istifadəyə verilməsi” barədə ilkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4 ünvanında yerləşən 149 saylı 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsi tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağı azyaşlı qızı ilə birlikdə İddiaçı, 2-ci mərtəbəsi tam şəkildə Cavabdeh Əlsovet oğlunun istifadəsinə verilsin və evin qarşı tərəfindən İddiaçı (azyaşlı qızı ilə birlikdə) giriş-çıxış hüququ təmin olunsun. Cavabdeh Əlsovet oğlunun İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev