Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7705/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7705/2022 Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(004)-3577/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mərhum həyat yoldaşı X6 cavabdeh "xxxx" MMC-də briqadir vəzifəsində işləmiş, o, xx.xx.2019-cu il tarixdə törədilmiş cinayət əməli nəticəsində vəfat etmişdir. 2.İddiaçı həyat yoldaşının vəfat etməsi nəticəsində cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələblərini irəli sürmüşdür. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən həmin müəssisənin işçisi olmuş və vəzifə səlahiyyətlərini həyata keçirən zaman zərərçəkmiş şəxs mərhum həyat yoldaşı X3 ölümü nəticəsində ailəsinə dəyən 203700 manat miqdarında maddi zərərin və 200000 manat miqdarında mənəvi zərərin, ümumilikdə 403700 manat miqdarında dəymiş zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X6 ilə 15 iyul 1997-ci il tarixdə 353 saylı nikah qeydi ilə nikahları qeydə alınmışdır. Mərhum həyat yoldaşı X6 Cavabdeh MMC-nin Zığ qəsəbəsinin Zeytun bağlarında 2007-cı il tarixdən əvvəlcə sahə rəisi vəzifəsində, 2018-ci il ci il tarixdən isə briqadir vəzifələrində işləmişdir. X6 əmək müqaviləsini 05 yanvar 2018-ci il tarixdə işəgötürən Cavabdeh MMC ilə bağlmış, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinin elektron alt sistemində 2WDNB9G000100 nömrəli bildirişlə daxil edilmişdir. 28 sentyabr 2019-cu il tarixdə mərhum həyat yoldaşı X6 Cavabdeh MMC-nin Zığ qəsəbəsindəki Zeytun bağında vəzifə səlahiyyətlərini yerinə yetirərkən zeytun yığmaq adı ilə Zeytun bağına gəlmiş 3 nəfər qayda pozucuları- X9, X10 və X4 mərhum həyat yoldaşı X3 işlədiyi əraziyə gələrək icazəsiz zeytun yığarkən mərhum həyat yoldaşının iradına məhəl qoyulmamış, mərhum həyat yoldaşı onların qorunan bağdan uzaqlaşmalarını tələb etdikdə aralarında xoşagəlməz söhbətlər yaranmış, nəticədə Zeytun bağından oğurluq edən 3 nəfər ad və familiyaları qeyd olunan şəxslər mərhum həyat yoldaşı X5 işçilərin gözləri qarşısında əvvəl əllə, təpiklə, sonra isə ağac dəyənəklə zərbələr vuraraq həyatdan məhrum etmişlər. Həmin vaxtdan etibarən ailə başçısının qəddarlıqla həyatdan məhrum edilməsi ailədə və yaxınlarında cinayətkarlara qarşı böyük hiddət doğurmuş, cinayətkarların cinayət məsuliyyətinə cəlb etdirilməsinə böyük vaxt sərf etdiklərindən dəymiş maddi ziyanın tələbi onlar tərəfindən sonuncu plana salınmışdır. X6 vəzifə səlahiyyətlərini icra edən zaman cinayətkarlar tərəfindən xüsusi amansızlıqla öldürülsə də, bu hadisə mərhum həyat yoldaşı X3 əmək kollektivinə, birliyin rəhbərliyinə heç də təsir etməmişdir. Bir dəfə də olsun mərhum həyat yoldaşı X3 işlədiyi kollektivin rəhbərliyi qapılarını açmamışlar. Doğrudur rəhbərlikdən başqa bütün iş yoldaşları-fəhlələr və qulluqçular bütün mərasimlərdə əvvəldən-axıra kimi xüsusi ədəblə iştirak ediblər. Rəhbərlik qətlə yetirilən ailə başçısının ailə üzvləri ilə maraqlanmamışlar. Hansı ki, işəgötürən “Gilan Orchards" MMC ilə işçi mərhum X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10/18 saylı əmək müqaviləsinin 10-cu maddəsinə əsasən müqavilə tərəflərinin əmlakına və səhhətinə, maddi, kommersiya maraqlarına ziyan vurarsa, digər tərəf qarşısında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyacaq. İşə götürən müraciətlərinə məhəl qoymamışdır. İş yerində qətlə yetirilən şəxsin dəfn xərclərini, hüzn mərasimlərinin xərcini ödəməmişlər. Doğrudur, bir dəfə dəfn üçün 10000 manat ödəmişlər, daha sonra rəhbərlikdən heç qapılarını açan olmamışdır. Mərhum həyat yoldaşı X6 ünsiyyətcil, hər kəsin qayğısına qalan, kasıblara və imkansızlara kömək edən insan olduğu üçün rəhmətliyin üç mərasimində 3500 nəfər, yeddi mərasimində 3000 nəfər, cümələrində yas mərasimləri həyətlərində keçirildiyinə görə iştirak edənlərin sayı dəqiq olmasa da, qırx mərasimində 4000 nəfərə yaxın insan iştirak etmişdir. Rəhmətliyin üç, yeddi və qırx mərasimləri mərasim evində keçirilmiş, bu mərasimlərin xərclərini yaxınları ödəmişlər. Bu mərasimlərin keçirilməsinə 125000 manat pul vəsaiti ödənilmişdir. Pulun qaytarılması tələb olunmasa da, hesab edir ki, bu xərclər xərcçəkənə ödənilməlidir. Cavabdeh şəxs mərhum həyat yoldaşı X3 işlədiyi hüquqi şəxs Cavabdeh MMCdir. İş yerində qətlə yetirilən şəxsin dəfn yerinin alınmasına, qəbir yerinin düzəldilməsinə, baş daşının qoyulmasında 16500 manat xərcləri çıxmışdır. Mərhum həyat yoldaşı X6 ay ərzində iş yerindən aylıq 500 manat pul gətirmiş, həmin vaxt aylıq 250 manat pensiya almışdır. Bundan əlavə, ailənin dolanışığı üçün taksi fəaliyyətindən ayda 700 manat pul gətirmişdir.Mərhum həyat yoldaşı ailənin dolanışığı üçün evə hər ay 1400-1500 manat arası pul gətirmişdir. Orta hesabla 1450 manat, üç illiyə görə hesabladıqda 1450 manat x 36 ay=52200 manat edir. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 sentyabr 2022-ci il tarixli, 2(004)-3577/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Kərim Xudiyev) iddia təmin edilməmişdir. 6.Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən onlara maddi yardım kimi 10000 manat ödənilmişdir. Vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi zamanı işəgötürənun təsiri üzündən sağlamlığına zərər vurulması sübuta yetirilməmişdir. İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZ-İİ seriyalı 045984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1729 nömrə ilə qeyd edilmişdir. 8.İş materiallarında olan xx.xx.1997-ci il tarixli, Vİ-Ж seriyalı, 452162 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı xx.xx.1997-ci il tarixdə nikahlarını bağlamışlar. 9.İş materiallarında olan Cavabdeh MMC ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X11 oğlu qeyd edilən tarixdən Cavabdeh MMC-də briqadir vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 3.2-ci bəndinə əsasən X3 əmək funksiyaları işçilərin gördüyü işlərə nəzarət etmək, işçilərin işlərə bölgüsünü təmin etmək və.s, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasından ibarət olmuşdur. Həmçinin, Əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərinin biri digərinin əmlakına və səhhətinə, maddi, kommersiya maraqlarına ziyan vurarsa, digər Tərəf qarşısında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyacaq. Əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən, tərəflərlərdən hər hansı biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər Tərəfə ödəməyi öhdəsinə götürür. Əgər Tərəflər dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, zərər dəyən Tərəf məhkəmə qaydasında zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 10.İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçinin vəfat etməsi ilə əlaqədar Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 25/20 nömrəli əmrinə əsasən X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. 11.Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 1(101)-65/2022 saylı hökmündən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 120.1 və 128ci maddələri ilə təqsirli bilinməklə CM-nin 120.1-ci maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətinə, CM-nin 128-ci maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X7 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin beləliklə, məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxslərin paltarlarının götürülməsi protokolları, "xxxx" MMC və "xxxx" MMC tərəfindən ibtidai istintaqa təqdim edilmiş sənədlərdən, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs Nümayəndə1, şahidlər F.lsmayılov, O.Niftullayevin, B.Piriyevin və digər şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən bağ hasarlanmamış, bağın kimə məxsus olmasına və kənar şəxslərin girişinin qadağan olmasına dair lövhələr olmamış, hadisə baş verdiyi zaman təqsirləndirilən şəxslərlə aralarında münaqişə yaranan Bəhruz və Filman Piriyevlərin, MMCnin fəhləsi olan Fəhrad İsmayılovun üzərlərində xüsusi geyim və xidməti vəsiqələri olmamış, Bağır Piriyev MMC-nin sahə rəisi (briqadiri), Filman Piriyev isə mühasibi olmaqla mühafizəçi funksiyalarını daşımamış və fiziki zor tətbiq edib MMC-nin ərazisindən kənar şəxsləri çıxarmaq səlahiyyətləri olmamışdır. Cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilmişdir ki, X1 rəisi kimi vəzifəsi ərazinin mühafizəsini təmin etmək olmamış, funksyaları əmək müqaviləsində göstərilən inzibati-təsərrüfat öhdəliklərindən ibarət olmuşdur. 12.Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 13.Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. 14.Bu baxımdan, məhkəmə hesab etmişdir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki, iddiaçı vəzifə səlahiyyətlərini həyata keçirən zaman zərərçəkmiş şəxs mərhum həyat yoldaşı X3 ölümü nəticəsində ailəsinə dəyən zərəri tələb etsə də, iddiaçı tərəfindən ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, X3 vəzifəsi ərazinin mühafizəsini təmin etmək olmamış, əmək funksyaları əmək müqaviləsində göstərilən inzibati-təsərrüfat öhdəliklərindən ibarət olmuşdur.X3 həyatına və sağlamlığına vurulmuş zərər onun əmək funksiyasının icrası ilə bağlı, həmçinin işəgötürənin təqsiri səbəbindən olmamışdır. Ona görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilə, cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 15.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 21, 1096, 1097, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və tədqiq edilmiş sübutlar üzrə yeni qətnamə qəbul edilsin. 18.Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməkdə, əlavə olaraq qeyd olunmuşdur ki, həyat yoldaşı zeytun bağından oğurluq edən 2 nəfər Kənan və Ramin Ağayev qardaşlarının hücumuna məruz qalaraq öldürülmüşdür. Həyat yoldaşı tapşırıq əsasında vəzifə səlahiyyətlərini icra edən zaman öldürüldüyü aydın görünür. Həyat yoldaşını hadisə yerinə çağırtdıran həmin günü zeytun bağına rəhbərlik edən şəxs Filman Piriyev olmuşdur. Həyat yoldaşı briqadir olaraq ümumi işlərə nəzarət etmiş şəxs olmuşdur. Buradan belə çıxır ki, öldürülmüş şəxsi aldadaraq vəzifə səlahiyyətlərindən əlavə işlər haqqı ödənilmədən gördürülürmüş. Həmin vaxtı zeytun bağlarında mühafizəçilər işdən azad olunduqlarına görə zeytun bağına nəzarəti fəhlələr və bütün işçilər növbə ilə həyata keçirirdilər. Onun həyat yoldaşı vəzifə səlahiyyətlərini faktiki icra edərkən öldürülüb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdilər. 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 22.Maddə 191-ci maddəsinin 1-ci bəndi. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 23.Maddə 191-ci maddəsinin 2-ci bəndi. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 24.Maddə 192-ci maddəsinin 1-ci bəndi. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 25.Maddə 192-ci maddəsinin 2-ci bəndi. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 26.Maddə 195-ci maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 28.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.Maddə 1096 və 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 30.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(004)- 3577/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. 37.Hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. 38.Belə ki, iddiaçı vəzifə səlahiyyətlərini həyata keçirən zaman zərərçəkmiş şəxs mərhum həyat yoldaşı X3 ölümü nəticəsində ailəsinə dəyən zərəri tələb etsə də, iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətləri (əməlləri) və bu hərəkətin (əməlin) nəticəsi arasında səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla bağlı sübutlar mövcud deyildir. X2 həyatına və sağlamlığına vurulmuş zərər onun əmək funksiyasının icrası ilə bağlı, həmçinin işəgötürənin təqsiri səbəbindən olmamışdır. 39.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə maddi və mənəvi zərərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. 40.Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 41.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(004)-3577/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev