Məhkəmə qərarları › İş №2(103)-7715/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7715/2021

12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7715/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X1 və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.03.2013-cü il tarixdə MMC-yə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən “Haval M2” markalı avtomobili 3 (üç) illik qarantiya verilməsi şərtilə aldığını, il tamam olmadan Servis Mərkəzində nəqliyyat vasitəsinin mühərrikinin yağının dəyişdirilməsi zamanı avtomobilin bir-neçə gün naməlum səbəbdən Servisdə saxlanıldığını, avtomobil servisdən qaytarıldığı zaman “!” işarəsinin yandığını görüb avtomobili dərhal Servisə geri qaytardığını, servis nümayəndələrinin avtomobilin sürət qutusunda nasazlıq olduğunu və ehtiyat hissəsi gələnədək onun Servisdə qalmalı olduğunu bildirdiklərini, iki həftə sonra Servisdən zəng edərək avtomobilin düzəldiyini dediklərini, lakin avtomobili təhvil alarkən əslində onun hələ də təmir olunmadığını aşkar etdiyini, Servisdən “ehtiyat hissəsi gələndə avtomobili gətirərsən, təmir edərik” dediklərini, bundan sonra dəfələrlə nəqliyyat vasitəsinin təmir edilməsi ilə bağlı Servis Mərkəzinə zəng etdiyini və avtomobili təmir edilməsi üçün yenidən Servisə apardığını, lakin avtomobilin bu dəfə Servisdə bir ay saxlanıldıqdan sonra təmir edilmədən, problemli vəziyyətdə ona geri qaytarıldığını və bu zaman Servis rəhbərinin bu avtomobillərin hamısında eyni problemin olduğunu təsdiq etdiyini, üç il qarantiya müddətində demək olar ki, avtomobilindən istifadə edə bilmədiyini və sonunda da artıq avtomobilin işə düşmədiyini, birtəhər onu işə salaraq servisə aparmaq istəyərkən sürət qutusunun tamamilə dağılıb yararsız vəziyyətə düşdüyünü, evakuator vasitəsilə avtomobili Servisə apardığını, bir neçə həftə sonra avtomobilin Servisdən ona təmir edilib adı ilə təhvil verilərkən onun probleminin yenə də həll edilməmiş olduğunu aşkar etdiyini, bu barədə bildirməsinə baxmayaraq avtomobildəki nasazlığın aradan qaldırılmadığını, avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün də heç bir tədbir görülmədiyini irəli sürmüş, ona zavod qüsuru olan avtomobilin satılması nəticəsində məruz qaldığı maddi zərərin əvəzi kimi 7000 manatın, mənəvi zərərin əvəzi kimi 10 000 manatın, habelə 30 manat dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayət verə iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, avtomobilinin əsassız olaraq zəmanətdən çıxarıldığının nəzərə alınmadığını, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X2 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının onlara müraciəti çox olmuş, ilk mübahisə yağ dəyişmə prosesinin tez bitməsi ilə bağlı yaranmış, bundan sonra sürət qutusunda problem ortaya çıxmışdır. Sürət qutusu tərəflərindən zəmanət hesabına dəyişdirilmiş, sonradan yağ dəyişmə ilə bağlı gecikmələr olmuş, bu səbəblə avtomobil zəmanətdən çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Cavabdeh MMC-nin əməkdaşı X3 bildirmişdir ki, iddiaçının avtomobilinin sürət qutusu zəmanət müddəti dövründə tərəflərindən zəmanət hesabına dəyişdirilmiş, sonradan yağ dəyişmə ilə bağlı gecikmələr olduğundan avtomobil zəmanətdən çıxarılmış, bununla bağlı Yaqut xanıma onun 3 gecikməsi olan sənəd təqdim etmişlər. Sonra iddiaçı surət qutusunda problem olması ilə bağlı yenidən müraciət etmiş, maşına baxış keçirdikdə görmüşlər ki, surət qutusunu idarə edən tros maşın vurulduğu üçün zədələnmişdir. Şəkillərdən də görünür ki, tros əzilib və o dəyişilsə problem aradan qalxır, bunun isə təxminən 100-150 manat xərci vardır. Bu hadisə 2017-ci il tarixdə baş vermiş, həmin dövrdə artıq zəmanət bitdiyi üçün servis təmir üçün pul tələb etmişdir. Yaqut xanım isə bundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçı, 18.03.2013-cü il tarixdə 2012-ci il buraxılışlı “Haval M2” markalı avtomobili Cavabdeh MMC-nə məxsus “Great Wall Azərbaycan” Servis Mərkəzindən 3 il zəmanət şərtilə satın almış, 18.05.2013-cü il tarixdən 26.08.2015-ci il tarixinədək avtomobilə texniki xidmətlər göstərilməklə müəyyən ehtiyat hissələri dəyişdirilmiş, yağ dəyişmə periodunda gecikmələrə yol verildiyindən avtomobil zəmanətdən çıxarılmışdır. İşin müəyyən olunan və cavabdeh tərəfindən mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, avtomobilin sürətlər qutusunda problem ortaya çıxmış, sürətlər qutusu zəmanət çərçivəsində dəyişdirilmişdir; iddiaçının iddiasına görə həmin nasazlıq zavod qüsurunun nəticəsi olmaqla qutu dəyişdirildikdən sonra da aradan qaldırılmamışdır; cavabdeh MMC-nin bildirməsinə görə isə qüsur avtomobilin qəzaya uğraması nəticəsində surət qutusunu idarə edən trosun zədələnməsi səbəbilə ortaya çıxmış, avtomobil zəmanətdən çıxarıldığı üçün növbəti dəfə təmir olunmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1128.1-ci maddəsinə görə isə, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Kollegiya hesab edir ki, iddiaçı müvafiq iddia tələblərini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələblərinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni avtomobilin sürətlər qutusunda yaranan problemin malın (konkret halda avtomobilin) qüsurunun nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin 1128.2-ci və 1129.1-ci maddələrinə əsasən, əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlılığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Həmin Məcəllənin 1131-ci və 1132-ci maddələrinə görə isə, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. İşin hallarından aydın olur ki, iddiaçı avtomobilinin texniki baxışının müəyyən olunmuş intervalına əməl etmədiyindən avtomobil zəmanətdən çıxarılmış, özünün bildirməsinə görə avtomobilin altındakı qoruyucu zədə almış, cavabdeh MMC-nin bildirməsinə görə isə, sürətlər qutusundakı problem məhz həmin zədə nəticəsində ortaya çıxmışdır. Başqa sözlə, avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi və avtomobildə sonradan ortaya çıxan problemlərlə həmin texniki qüsurlar arasında səbəbli əlaqə olduğu sübuta yetirilməmişdir; bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edir. İddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı ərizələrin birində bildirdiyi, “sürətlər qutusunda problem mən xaricdən gələndən sonra yarandı. Mən avtomobili rəsmi olaraq bir şəxsə arendaya vermişdim. Avtomobilin yağ dəyişmə vaxtı yaxınlaşırdı deyə onu servisdə qoy deyə şəxsdən xahiş etdim və servisə dedim ki, mümkünsə bir həftə maşın orada qalsın. Qayıtdıqdan sonra avtomobili götürərkən problemin yaranmasını gördüm. Arendaya verdiyim şəxs dedi ki, avtomobildə heç bir problem olmayaıb, olsaydı onu sürə bilməzdi” məzmununda məlumatlar da ağlabatan mühakimə əsasında o qənaətə gəlməyə əsas verir ki, sürətlər qutusundakı problem istehsalçı qüsurunun nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-921/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar