Məhkəmə qərarları › İş №2(103)-7717/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7717/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7717/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun və kredit müqavilələri üzrə ödənilmiş pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1989/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pul, 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 37030 manat məbləğində pulun cavabdeh X1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır və 2 ilə yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh avtomobil alğı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin əvvəllərdə o, avtomobil almaq istəmiş, cavabdehdən ona avtomobil tapmasını istəmişdir. Bir müddət sonra cavabdeh ona “Opel Zafira” markalı avtomobil tapdığı üçün o, həmin avtomobilə görə cavabdehə hissə-hissə olmaqla, cəmi 17.000 manat məbləğində pul vermişdir. Həmin avtomobilin dəyəri onun cavabdehdə verdiyi məbləğin yarısı qədər olsa belə, cavabdeh verdiyi pulların onun avtomobilinin təmirinə sərf edildiyini bildirmişdir. O, da cavabdehdə inanaraq pullarını ona vermişdir. Lakin cavabdeh ona verməli olduğu avtomobili verməmişdir. Buna görə də cavabdehdən pulunu istədikdə hər dəfə ondan aldığı pulu qaytaracağını bildirmişdir. Bu barədə səs yazıları və aralarında olan yazışmalar mövcuddur. Cavabdeh pul vəsaitini ondan alaraq həmin pulun əvəzində ona verməli olduğu avtomobili təhvil verməmişdir. Bundan başqa qeyd edir ki, cavabdeh 2019-cu ildə ümumilikdə ondan 20000 manat məbləğində borc almışdır. Belə ki, Cavabdeh ilə aralarında 04.06.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndindən göründüyü kimi o, cavabdehə 10.000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən isə cavabdeh 04.06.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə aralarında 26.09.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndində göründüyü kimi, o Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 26.09.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə aralarında 26.09.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndində göründüyü kimi, o Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 26.09.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqavilələri üzrə müəyyən olunmuş tarixlərdə ona borclu olduğu məbləğləri qaytarmamış və müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1989/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pulun tutulması hissəsində qəbul etməyərək onun İddiaçı müqavilə ilə nəzərdə tutulmuş 20.000 (iyirmi min) manat məbləğində borcundan əlavə, 17.000 (on yeddi min) manat məbləğində də borcu olmadığını bildirmiş, belə olan halda tərəfindən cavabdehdən iddiaçı ilə aralarında ***-***-**-**/***-***-**-** (Cavabdeh) və ***-***-**-**/***-***-**-** (İddiaçı) mobil telefon nömrələri ilə aparılmış “WhatsApp” vasitəsilə səsli danışıqlar və sms yazışmalarında onun həmin borc məbləğini etiraf etməsini bildirərkən cavabdeh işin bu halını təkzib edə bilməmiş və məhkəməyə həmin yazışmaların onunla İddiaçı arasında aparılmadığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarında qəsdən iştirak etməyərək həmin sübutların birgə tədqiq olunmasından yayınmış, işə baxan məhkəmə tərəfindən isə həmin sübutlar guya qanunsuz yolla əldə olunmuş sübut hesab edilərək iddia tələbinin 17.000 (on yeddi min) manat məbləğində olan hissəsinin təmin edilməsi üçün əsaslar kimi nəzərə alınmamış və iddia həmin hissədə rədd edilmişdir. Qeyd edir ki, cavabdehlə iddiaçı arasında “WhatsApp” vasitəsilə aparılmış və sübut qismində məhkəməyə təqdim edilmiş, cavabdeh tərəfindən də təkzib olunmayan və həqiqi olmadığı cavabdeh tərəfindən sübut edilməyən səsli danışıqlar və sms yazışmalarının iddia tələbinin 17.000 (on yeddi min) manat məbləğində olan hissəsi ilə bağlı məhkəmə tərəfindən sübut qismində qəbul edilməməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət yanlış olmaqla, həmin hissədə qanunvericilik normaları düzgün qiymətləndirilməmişdir. Halbuki N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında birbaşa əlaqədar tərəflər arasında olan dnışıların mülki mübahisənin həlli zamanı istifadə edilməsinin Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilmədiyi və qanuni yolla əldə edilmiş sübut olduğu göstərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilələrdə cavabdehin qeyd etdiyi telefon nömrələri ilə aparılmış danışıqlar sübut kimi təqdim edilsə də birinci instansiya məhkəməsi nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, həmin bildirişlərin poçt xəbərnamələri müvafiq qaydada imzalanar qəbul edilsə də cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Apellyasiya baxışı zamanı qəbul edilmiş 13 oktyabr 2021-ci il tarixli qərardadla işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin - iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən isə qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tələbində qeyd edir ki, tərəflər arasında yaxın münasibətlər olmuş, cavabdeh avtomobil alğı-satqısı ilə məşğul olmuşdur, iddiaçı avtomobil almaq istəmiş, cavabdehdən ona avtomobil tapmasını istəmişdir. Bir müddət sonra cavabdeh ona “Opel Zafira” markalı avtomobil tapdığı üçün o, həmin avtomobilə görə cavabdehə hissə-hissə olmaqla, cəmi 17.000 manat məbləğində pul vermişdir. Hazırda iddiaçı cavabdehə verdiyi 17.000 manat məbləğində pulun geri qaytarılmasını tələb edir və sübut kimi səs yazılarına və “WhatsApp” vasitəsilə yazışmalara istinad etmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə hesab etmişdir ki, iddiaçının sübut kimi qəbul edilməsini tələb etdiyi telefon yazışmaları və səs yazısı gizli yolla əldə edilmiş və ünvanlanan şəxsin razılığı ilə aparılmamışdır. Eyni zamanda həmin yazıların nə vaxt, hansı şəraitdə aparılması müəyyən edilmir. Bu səbəbdən həmin sənədlərdən sübut kimi istifadə edilə bilməz. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, hazırki iş üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşmüş və iddiaçı tərəfindən cavabdehlə arasında olan telefon danışığının qeydə alınmasını özündə əks etdirən elektron daşıyıcını eləcə də aralarında olan “WhatsApp” vasitəsilə yazışmalardan çıxarışlar təqdim edilmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi yazışmalardan çıxarışı sübut kimi qəbul etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Hazırki iş üzrə də birbaşa əlaqədar tərəflər arasında olan və həmin şəxslərə sirr olmayan yazışmalardan çıxarışlar təqdim edilmişdir ki, həmin yazışmalar qanunu pozmaqla əldə edilmiş hesab edilmir. Həmin yazışmalardan göründüyü kimi Cavabdeh 17000 manatın İddiaçı verəcəyini bildirmiş və bundan sonra aralarında sözləşməyə əsasən 20000 manat borcun qalacağını qeyd edir (iş vər.səh.17). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi Cavabdeh iddiaçı ilə aralarında müqavilə olmadan aldığı 17000 manat pulu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əssassız varlanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238, 252- 253, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı pellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1989/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilməyən - Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 2 (iki) ay müddətində həmin məhkəmə vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar