Məhkəmə qərarları › İş №2(103)-772/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-772/2022

10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-772/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi tələbinə dair" iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2021 saylı mülki iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında imzalanmış 27.10.2014-cü il tarixli, BB GTS-278/2014 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun hissəsi olan 04.11.2014-cü il tarixli, K1309 saylı maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borc alana 24 ay müddətinə faktiki illik faiz dərəcəsi 16.6123% (illik cərimə faizi 25% (gündəlik 0.694%)) olmaqla 320000 manat məbləğində tranşlarla kredit vermişdir. Müqavilə üzrə borc alanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvahında yerləşən yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamənin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində llyazov Zaman Həsən oğlunun mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi “Daşınar Əmlakın Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin 16.04,2019-cu il tarixli hərracın yekunları üzrə protokolu və əmlakın alqı-satqısı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, yaşayış sahəsi halhazırda mülkiyyətçi "PAŞA Bank” ASC-nin sahibliyində və nəzarətində deyil və həmin mənzil cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2021 saylı mülki iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzildən onun istifadə hüququ var, həmin mənzildən istifadə hüququna xitam verilmədən onun mənzildən məcburi qaydada çıxarılmağı barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil İddiaçı ASC tərəfindən qanuni əsasla alınmışdır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən həmin mənzil iddiaçının mülkiyyətindədir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına istinad edərək belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.11.2014-cü il tarixli, № İS0924 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 27.10.2014-cü il tarixli, BB GTS-278/2014 saylı kredit öhdəliyinin təminatı qismində Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X2, X7, Cavabdeh, X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X1 və X6 iddiaçının xeyrinə 04.11.2014-cü il tarixli, Kİ309 saylı kredit müqaviləsi üzrə 256571,77 manat kredit borcu, 22456,97 manat faiz borcu, 2794 manat hesablanmış cərimə, cəmi 281822,74 manat borcun, 40 manat notariat xərcinin, 80 manat xidmət haqqının, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərci 700 manat tutulması, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzilə və digər ipoteka predmetlərinə yönəldilərək, açıq hərracda satılması qət edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin 16.04,2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil 84660 manat dəyərində ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil İddiaçı ASC-nin adına 25.11.2020-ci il tarixində mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq, qeyd edir ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir. Hazırda cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarını lazımi qaydada həyata keçirilməsinə maneə törədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2021 saylı mülki iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar