Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7730/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı x oğlunun cavabdeh z oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4197/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 məxsus tövlənin sökülməsi və evinə tökülmüş peyin nəticəsində yararsız hala düşmüş evinin təmir işləri üçün tələb olunan 15.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh z oğlu məhkəməyə vəsatət verərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatəti belə əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu ünvan Quba rayonu, İkinci Nügədi kəndidir. Belə olan halda isə hazırki mülki işə onun qeydiyyatda olduğu ünvan üzrə Quba Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4197/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh z oğlu tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə onun qeydiyyatda olduğu ünvan barədə MAPS arayışı əlavə etməmiş, ərizədə ona heç bir aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Onun qeydiyyatda olduğu ünvan Quba rayonu, Nügədi kəndidir. Burdan aydın olur ki, hal-hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında olan işə aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə iddiaçının sökülməsini tələb etdiyi tövlə, habelə ziyan dəydiyi bildirilən ev Binəqədi rayonu ərazisində yerləşir və iddiaçının tələbləri də mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqədardır. İddiaçı x oğlu mübahisəli tövlə və ziyan dəydiyi bildirilən evin olduğu ünvanı əsas götürərək, iddia ilə məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, qanunvericiliklə iddianın müstəsna aidiyyət qaydalarına uyğun verilməsi əsasları konkret göstərilmiş və tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibin hüquqlarının pozulması ilə əlaqələndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı x oğlu iddiasını əsaslı olaraq sökülməsini tələb etdiyi tövlənin, habelə ziyan dəydiyi bildirilən evin ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermiş və həmin məhkəmə düzgün olaraq işin ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin vəsatətini təmin etməmişdir. Şikayətin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası izah edir ki, cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 6 cavabdehə məxsus və sökülməsi tələb edilən tikilisi Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşir. Ona görə də, iddiaçı düzgün olaraq müstəsna aidiyyat qaydalarına riayət etməklə, əmlakın yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən şikayətin təmin edilərək, iddianın aidiyyəti üzrə göndərilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh z oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4197/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7730/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7730/2021
30.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver