Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7731/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “talanmış pulların və qızılların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanı üzrə mənzildən talanmış 583 ayarlı 7 qram çəkidə 570 manat dəyərində olan qızıl sırğanın və 15.000 manat məbləğində pulun ona qaytarılması, habelə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-3789/21) iddia rədd edilmişdir. İddiaçı sözügedən qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh onun kiçik bacısıdır. X9 cavabdehin həyat yoldaşı, X10 isə onların hələ Ermənistan SSR-nin Meqri rayonunda yaşayarkən 1979-cu ildə daxil olduqları rəsmi nikahdan doğulan övladlarıdır. Böyük bacısı X6, digər bacısı X5 və 1920-ci il təvəllüdlü anası X7 ilə birlikdə 1988-ci ildən öz vəsaiti hesabına aldığı, eləcə də öz adına olan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanında yaşayırdılar. Onların öz ailələri və övladları yoxdur. Həyat yoldaşı X15 3-cü övladına hamilə olarkən, bacısı Həqiqət ona bildirmişdir ki, “qardaş, özün bilirsən ki, nə mənim, nə də Gülçöhrənin bir övladımız, yəni varisimiz yoxdur. Hamı kimi əvvəl-axır biz də ölüb gedəcəyik və həyatda bizdən heç bir iz qalmayacaq”. Bacısı ondan xahiş etdi ki, bu dəfə doğulan uşağı körpəlikdən ona versin, o da uşağı öz övladı kimi böyütsün, onlar ölüb getdikdən sonra da nələri vardırsa uşağın olsun, həm ocaqları sönüb izləri itməsin, həm də onların da bir xatırlayanı olsun. O da heç bir tərəddüd etmədən buna razılıq vermişdir. 10 avqust 1996-cı il tarixdə uşaq doğuldu və bacısı ibadət əhli olduğu üçün onun adını Mehrab qoyaraq öz evinə aparmış, doğma ana duyğuları ilə ona nəvaziş göstərməyə, böyütməyə başlamışdır. Qısa bir müddət ərzində onlar arasında çox isti bir ana-bala bağlılığı yaranmış və bu onu çox fərəhləndirmişdir. Bacısı biologiya müəlliməsi olmuşdur. Mehrabı böyüdüb məktəb yaşına çatdırdıqdan sonra da uşağı özünün işlədiyi, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli orta məktəbə qoymuşdur. Hər yerdə və hər kəsin yanında böyük bir sevinc hissi ilə bildirirdi ki, Mehrabı qardaşı ona verib, onu o böyütmüşdür, onun oğludur, evi və nəyi vardırsa onundur. Bacısı bildirmişdir ki, o, öldükdən sonra da Mehrabın heç bir çətinliyi olmasın deyə evlənməsi üçün yeni bir ev, maşın alması üçün də hər şeyini hazırlamışdır. Odur ki, bütün ətrafdakılar, qohumqonşular, o cümlədən cavabdeh də bunları bilmişdir. 2011-ci ildə növbəti tibbi müayinə zamanı bacısı Həqiqətin süd vəzində bədxassəli şiş (xərçəng) aşkar olundu. Cərrahi əməliyyatdan (Mastektomiya), müvafiq kimya və şüa terapiyası aldıqdan sonra özünü yaxşı hiss etmiş, tamamilə normal həyat yaşamışdır. Bacısı Sonagil qonaq kimi apardıqları Buzovnada yerləşən bağ evindən qayıtdıqdan sonra onun səhhəti kritik həddə pisləşərək komaya düşmüş və Təcili Yardım vasitəsi ilə 1 saylı X20 (Semaşko) çatdırılmış, orada ona "hidovolemik toksiki şok” diaqnozu qoyulmuşdur. Lakin, həkimlərin çox ciddi və operativ səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və 10 sentyabr 2014cü il tarixdə vəfat etmişdir. Bu hadisədən bir neçə il sonra digər bacısı Gülçöhrənin nəfəs borusunda (Traxeyada) bədxassəli şiş əmələ gəlmişdir. Cərrahi əməliyyatdan (Larinqoektomiya), kimyaterapiya aldıqdan sonra qismən yaxşılaşmışdır. Lakin, 2020-ci ildə onun bronxlarında yenidən bədxassəli şiş yaranmışdır. Həmin ilin oktyabr ayının əvvəlində müalicə həkimi onun vəziyyətini nisbətən stabil saxlamaq məqsədi ilə venadaxili köçürülmək üçün bir sıra dərman preparatları təyin edərək ona açıq şəkildə bildirmişdir ki, artıq çox gecdir, xəstə hər an boğulub ölə bilər, aparsınlar ev şəraitində nə qədər yaşayarsa, yaşasın. Evə qayıtdıqdan sonra ixtisasca feldşer olan bacısı Sonaya telefonla zəng edib vəziyyəti ona danışmış və xahiş etmişdir ki, heç olmazsa gedib son günlərini yaşayan xəstə bacısının sistemlərini qoşub, venadaxili iynələrini vursun. Lakin o, pandemiya şəraiti olduğunu bəhanə gətirərək, oraya gedib həmin işləri görməkdən imtina etmişdir. Yalnız xəstənin vəziyyəti kritik həddə ağırlaşaraq onun ölümünə üç-dörd gün qalmış oraya gedib ona bir-iki iynə vurmuşdur. 22 dekabr 2020-ci il tarixdə saat 16:10 radələrində bacısı Gülçöhrə vəfat etmişdir. Həmin gecə meyitin yanında yalnız anası və oğlu Mehrab qalmışdır. DİN-in 102 xidmətindən rəsmi icazə alınmasına baxmayaraq, bacısı Sona öz həyat yoldaşı Təvəkkül və qızı Ulduzla birlikdə laqeydcəsinə çıxıb öz evlərinə getmişlər. 23 dekabr 2020-ci il tarixdə bacısı Gülçöhrə dəfn edilmiş və o gündən başlayaraq bacısı Sona (cavabdeh) guya anasını tək qoymamaq üçün 40 gün həmin mənzildə qalmışdır. Həmin müddət ərzində nə zaman anasına baş çəkmək üçün və ya digər məsələlərlə bağlı həmin ünvana gedirdisə, Sadıqov Təvəkkül və Karadağ Ulduzun da orada olduqlarının, onların özlərini faktiki olaraq mənzilin əsl sahibləri kimi apardıqlarının, ona tamamilə yad münasibət bəslədiklərinin şahidi olmuşdur. Bütün mühüm qərarlar yalnız K.Ulduz tərəfindən verilir və hətta onun icazəsi olmadan heç nəyə əl vurmaq olmazdı. Bu hal onda kifayət qədər əsaslı şübhələr doğursa da, heç nə başa düşə bilmirdi. 29 yanvar 2021-ci il tarixdə 40 mərasimindən sonra cavabdehlər çıxıb öz evlərinə getmişlər və həmin tarixdən anasının yanında oğlu Mehrab qalmağa başlamışdır. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, cavabdeh 40 gün ərzində anasının yüz yaşını ötmüş yaşlı bir qadın olmasından istifadə edib, S.Təvəkkül və K.Ulduzla qabaqcadan əlbir olaraq mənzili qarət etməklə məşğul olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzildən oğlu Mehrab üçün toplanılmış pulun üzərindən 15.000 manat məbləğində nağd pul, onun adına alınmış qızıl sırğa, müxtəlif geyim, ev və məişət əşyaları talan edilərək mənzildən çıxarılmış və mənimsənilmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbləri tamamilə əsassız və həqiqətə uyğun olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı tələb etdiyi pul vəsaitinin və qızıl zinət əşyaların mövcudluğu və özünə məxsus olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində özü qeyd etmişdir ki, guya Cavabdeh tərəfindən 15.000 manat məbləğində pul vəsaiti və 570 manat dəyərində qızıl sırğa ünvan 1 ünvanı üzrə mənzildən talanmışdır. Qeyd edilməlidir ki, iddiaçının göstərdiyi ünvan 1 ünvanındakı mənzil onun xüsusi mülkiyyətində deyil və orada heç bir vaxt yaşamamışdır. Həmin mənzil bacısı X2 məxsus olmuş və o, anası X7 ilə orada daimi yaşamışdır. 2020-ci ilin dekabr ayında X5 vəfat etdikdən sonra həmin mənzilin faktiki olaraq yeganə varisi X3 mülkiyyətindədir. Göründüyü kimi, həmin mənzilin və mənzildə olan hər hansı əmlak və ya pul vəsaitinə dair tələblərin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Başqa sözlə, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özünə məxsus olmayan əmlakı və ya pul vəsaitini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində Cavabdeh nümayəndə ilə təmsil edilməsinə etiraz etmiş, lakin buna baxmayaraq məhkəmə işə baxmışdır. Halbuki, iş üzrə elə xüsusatlar mövcuddur ki, bu barədə məlumatlar yalnız Cavabdeh özünə məlumdur. Odur ki, həqiqətə nail olunması, mübahisənin obyektiv həll edilməsi yalnız Cavabdeh şəxsən məhkəməyə çağırılaraq ondan izahat alınması və ona müvafiq suallar verilməsi yolu ilə mümkündür. Hakim işdə qərəzli olmuş, o, hakimə etiraz etmiş, lakin əvəzində hakim qətnamə qəbul etmişdir. Qətnamədə onun iştirakı yazılmışdır. Tələb etdiyi pul vəsaiti və qızıl-zinət əşyalarının mövcudluğuna dair sübutları təqdim edə bilməməsinin səbəbi hakimin qanunvericiliyin tələblərini pozaraq ona şərait yaratmaması olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər bacı-qardaşdırlar. İddiaçının tələbi bacısı olan cavabdehdən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanı üzrə mənzildən talanmış 583 ayarlı 7 qram çəkidə 570 manat dəyərində olan qızıl sırğanın və 15.000 manat məbləğində pulun ona qaytarılması barədədir. İddiaçının fikrincə, həmin əmlaklar onun 1996-cı il təvəllüdlü oğlu Mehraba aid olmuş və qeyd olunan ünvanda yaşamış mərhum bacısının ölümündən sonra cavabdeh və ailə üzvləri tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı, tələb etdiyi əmlakların mülkiyyətçisi deyildir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə görə tələb etdiyi qızıl sırğa oğlu X8 adına alınmış əmlakdır, 15.000 manat pul məbləği isə iddiaçının mərhum bacısı X6 tərəfindən X12 üçün toplanmış pul vəsaitidir, həmin əmlaklar mərhum X4 məxsus olan ünvan 1 ünvanında olmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli əmlaklar üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir, başqa sözlə, ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı cavabdehdən tələb etdiyi əmlak və pulun 1996-cı il təvəllüdlü oğlu Mehrab Talıbova məxsus olduğunu bildirsə də, yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyətli olan Mehrab Talıbovun özü tərəfindən cavabdehə qarşı belə bir iddia qaldırılmamışdır. Halbuki, həmin əmlaklar həqiqətən də Mehrab Talıbova məxsusdursa, bu əmlaklarla bağlı iddia qaldırmaq hüququ da ona məxsusdur. İşdən göründüyü kimi, Mehrab Talıbov tərəfindən hazırkı iş üzrə İddiaçı onun adından belə bir iddia qaldırmaq səlahiyyəti də verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7731/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7731/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver