Məhkəmə qərarları › İş №2(103)-7738/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7738/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7738/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1̇nin Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020- ci il il tarixli, e-2(001)-183/2020-015 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəvan Sığorta ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 Füzuli oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Universal Pro MMC-yə məxsus və Rəvan Sığorta ASC tərəfindən sığortalanmış Ford Tranzit markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yolnəqliyyat hadisəsində iştirak etmiş, həmin hadisə Cavabdeh1 MMC-nin mülkiyyətində olan hadisə zamanı sonuncunun işçisi Cavabdeh2 tərəfindən idarə edilən Daewoo BS 090 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermişdir. Hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və barəsində AP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə nəticəsində sığortalı avtomobilə dəymiş zərər 6900 manat məbləğində müəyyənləşdirilmiş, sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən azadolmaya görə 700 manat və köhnəlmə əmsalı üzrə 269,91 manat çıxılaraq qalan 5930,09 manat sığorta ödənişi sığortalı avtomobili təmir edən Nurgün Motors MMC-yə ödənilmiş və bu ödəniş xx.xx.2018-ci il tarixli 574 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. Ona görə də, Cavabdeh1 MMCdən və Cavabdeh2 Füzuli oğlundan sığorta ödənişinə görə 5930,09 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 5960,49 manatın Rəvan Sığorta ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-183/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən sığorta ödənişinə görə 5057 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5087 manatın Rəvan Sığorta ASC-nin xeyrinə tutulması, Cavabdeh1 MMC-dən ekspetiza tədqiqatının dəyərinə görə 120 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 MMC tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Cavabdeh1 MMC-nin iş üzrə cavabdeh olmasına baxmayaraq, Cavabdeh1 MMC-nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə nümayəndəsinin iştirakını təmiş etməmiş, məhkəmə bildirişlərini poçt vasitəsi ilə ünvanına göndərməmişdir. Bununla da, işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 134, 135-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla məhkəmədə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh1 MMC-ni sübutları təqdim etmək hüququndan məhrum etmişdir. Mülki işin materiallarında iş ekspertizadan qayıtdıqdan sonra, yəni yenidən baxışa təyin edilən, xx xxxx 2020-ci il tarixdə baxılan və qətnamə çıxarılan zaman məhkəmə tərəfindən bildirişin Cavabdeh1 MMC-yə təqdim edilməsi barədə heç bir sübut yoxdur. İşə baxan məhkəmə hadisəni törətmiş və hər iki tərəfə (iddiaçıya və digər cavabdehə yəni Cavabdeh1 MMC-yə) ziyan vurmuş, iş üzrə əsl təqsirli olan X1 hansı səbəbdən ona qarşı iddianı əsassız saydığını və hansı səbəbdən ona münasibətdə iddianı təmin etmədiyini əsaslandırmamış, bunları qətnamədə göstərməmişdir. Məhkəmə heç bir əsas olmadan X3 münasibətdə iddianı rədd etmiş və bu nəticəsini əsaslandırmamışdır ki, bu da kobud maddi və prosesual hüquq pozuntusudur. Cavabdeh hesab edir ki, X1 törətdiyi mülki hüquq pozuntusuna görə Cavabdeh1 MMC cavabdeh ola bilməz. İşə baxan məhkəmə əsassız olaraq X1 vurduğu zərərə görə bütün məsuliyyəti Cavabdeh1 MMC-nin üzərinə qoymaqla, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanınvaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan avtonəqliyyat vasitələrinin kartotekasından çıxarışdan müəyyən olunur ki, **-TG-*** dövlət qeydiyyat nişanlı Daewoo BS 090 markalı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. İşəgötürən Cavabdeh1 MMC ilə işçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2018- ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən müəyyən olunur ki, işçi təqsiri üzündən üçüncü şəxslərə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2018-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, Cavabdeh2 X7 Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi **-TG-*** dövlət qeydiyyat nişanlı Daewoo BS 090 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Z.Bünyadov prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan soldan sağa manevr edərkən idarəetməni itirmiş, nəticədə yolun sağ kənarında dayanan Ford Transit yük markalı **-JK- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğundan Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəinə əsasən təqsirli bilinmişdir. Nərimanov rayon DYPŞ-nın xx.xx.2018-ci il tarixli TP 458344 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh2 Füzuli oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Nurgün Motors MMC-nin xx.xx.2018-ci il tarixli NL-1311 saylı qüsur aktından müəyyən olunur ki, **-JK-*** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobilin təmir xərcləri 6900 manat müəyyən edilmişdir. AC № 981637 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2015-ci il buraxılışlı Ford Transit yük markalı **-JK-*** qeydiyyat nişanlı avtomobil Universal Pro MMC-nin mülkiyyətindədir. xx.xx.2017-ci il tarixli Mİ seriyalı 009199 saylı avtonəqliyyat vasitələrinin kasko sığorta şəhadətnaməsindən müəyyən olunur ki, Universal Pro MMC-yə məxsus Ford Transit yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər sığorta məbləği 46000 manat, sığorta haqqı 1196 manat, azadolma məbləği 700 manat olmaqla Rəvan Sığorta ASC-də sığortalanmışdır. xx.xx.2018-ci il tarixli KSF2352 saylı sığorta aktından müəyyən olunur ki, Rəvan Sığorta ASC-də avtonəqliyyat vasitələrinin kasko sığortası növündə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər sığortalanmış Universal Pro MMC-yə məxsus Ford Transit yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 6900 manat, sığorta ödənişi 5930,09 manat müəyyən edilmiş, 5930,09 manat zərər məbləği avtomobilin təmiri üçün Nurgün Motors MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixli 574 saylı ödəniş tapşırığından müəyyən olunur ki, Rəvan Sığorta ASC tərəfindən Mİ-009199 saylı sığorta şəhadətnaməsinə əsasən Nurgün Motorc MMC-yə 5930,09 manat kasko sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4416 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Nurgün Motors şirkətinin servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı Ford Tranzit markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 5757,00 manat müəyyən edilir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin işçisi olan Cavabdeh2 Füzuli oğlu Cavabdeh1 MMCnin mülkiyyətində olan**-TG-*** dövlət qeydiyyat nişanlı Daewoo BS 090 markalı avtonəqliyyat vasitəsini idarə edərkən iddiaçı Rəvan Sığorta ASC-də Universal MMC tərəfindən kasko sığorta növündə sığortalanmış Ford Transit yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqqaşaraq inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunmamasını qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən onun olduğu ünvana məhkəmə bildirişləri göndərilmişdir. Bundan başqa, iş materiallarından da görünür ki, cavabdehin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etmiş və nümayəndəsi tərəfindən verilmiş vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarından da müəyyən olunur ki, cavabdehə məhkəmə prosesləri barədə məlumat verilmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı izah edir ki, cavabdeh subroqasiya qaydasında ədinlməli olan məbləğin onun deyil, digər cavabdeh olan işçisi Cavabdeh2 tutulmalı olduğunu bildirsə də, onun bu dəlili əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ olduğundan Cavabdeh1 MMC zərərin əvəzini ödədikdən sonra cavabdeh V.F.Babyevə qarşı tələb irəli sürmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-183/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar