Məhkəmə qərarları › İş №2(103)-7740/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7740/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7740/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin rəhbərliyindən 500.000 (beş yüz min) manat məbləğində maddi ziyan, 100.000 (yüz əlli bir) manat dəyərində mənəvi ziyan, 31 (otuz bir) manat dövlət rüsumu və 151 (yüz əlli bir) manat xidmət haqqı, cəmi 600.182 (altı yüz min yüz səksən iki) manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda 02 iyun 2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək İddiaçı ünvan 1 ünvanında yerləşən 3 saylı mənzillə bağlı cavabdehə və üçüncü şəxslərə bütün hərəkətlərin, o cümlədən söküntü və tikinti işlərinin aparılmasının qadağan olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli (hakim V.Quliyev, iş № 2(005)-2100/2021) qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 5/1 hissəsində söküntü və tikinti işlərinin aparılması Cavabdehnə və digər şəxslərə qadağan edilimişdir. Cavabdeh MMC şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə söküntü və tikinti işlərinin qadağn edilməsi tədbirinin, maddi və mənəvi zərərin tutulmasını ehtiva edən iddia tələbləri ilə hansı əlaqəsinin olduğunu və bu tələblər üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsində bu tədbirin əhmiyyətinin nədən ibarət olduğunu qərardadda əsaslandırmamışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının əmlakına müdaxilə ehtimalı olması qənaətinə gələn məhkəmə demək olar ki, işin həlli üzrə qabaqcadan artıq öz möveyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2100/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı tamamilə əsassız və qanunsuz olduğu üçün ərizənin təmin edilən hissəsində ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar