Məhkəmə qərarları › İş №2(103)-775/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-775/2022

03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-775/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(001)- 984/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.070.633 ABŞ dolları borcun müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 12.12.2014-cü il tarixdə Moskva şəhərində 760.000 ABŞ dolları və 20.09.2015-ci il tarixdə 250.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları borc vermiş, borcu almasına dair Cavabdeh2 əl yazması ilə yazılan, imzası ilə təsdiq olunmuş qəbzləri İddiaçı vermişdir. Cavabdeh 12.12.2014-cü il tarixdə Moskva şəhərində aldığı 760.000 ABŞ dolları borcunu 12.12.2016-cı il tarixədək qaytarmağı üzərinə götürərək buna dair yazılı qəbzə imza etdiyindən iddiaçı cavabdehə inanaraq 20.09.2015-ci il tarixdə yenidən ona 250.000 ABŞ dolları borc vermiş, Cavabdeh2 əvvəl götürmüş olduğu pul vəsaitinə dair imzaladığı qəbzə 250.000 ABŞ dollar pul vəsaitini borc alıb bir il müddətinə, yəni 2017-ci il tarixdə qaytaracağına dair imza etmişdir. Cavabdeh2 borc alarkən pula ehtiyacı olmasını, aldığı borc pul vəsaitini işinə yatıracağını, öhdəsinə götürdüyü vaxtda qaytaracağına iddiaçını inandırmış, lakin aldığı 1.010.000 ABŞ dollarını mənimsəməklə bugünədək heç bir vəsaiti geri qaytarmamışdır. Cavabdeh1 Cavabdeh2 arvadıdır. İddiaçıdan alınan borc cavabdehlərin ailəsinin birgə ehtiyaclarına sərf edilməklə fermer təsərrüfatı qurulmuşdur. Ona görə də cavabdehlər alınan borca görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Cavabdeh1 iddiaçıdan Moskva şəhərində maşın almaq üçün 60.633 ABŞ dolları borc alaraq qaytarmamışdır. Hər iki cavabdeh iddiaçı qarşısında birgə məsuliyyət daşıdıqları borc öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 1.070.633 ABŞ dolları borcun müştərək qaydada İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(001)-984/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 borca görə 1.010.000 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2484/2021 saylı 17 may 2021-ci il tarixli qərarı ilə dəyişdiirlmədən saxlanılmışdır. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclası barədə cavabdehlərə lazımi qaydada məlumat verilməyib. Birinci instansiya məhkəməsinin qətnaməsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində tərtib olunmuş sənədlərə istinad edilmişdir. Həmin sənədlərdə İddiaçı Cavabdeh2 xarici valyuta ilə pul verməsi haqqında məlumatlar nəzərə alınmış, lakin İddiaçı göstərişi ilə qaytarılmalı pulun mühüm hissəsinin özünün tanış və təqdim etdiyi Vüsal Abuzərliyiə verdiyi, bununla da borcun bu hissəsinin adından silinməli olması halı nəzərə alınmamış və yoxlanılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddia müddətlərini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-984/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin olunan, Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2484/2021 saylı 17 may 2021-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə, Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərarında Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “baxılan iş üzrə iddiaçı cavabdehlərdən pul tələb edir. Məhkəmələr tərəfindən iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 12.12.2014-cü il tarixdə iddiaçıdan 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları pul aldığı, 20.09.2015-ci il tarixdə isə 2017-ci ilədək qaytarmaq şərti ilə 250.000 ABŞ dolları borc aldığı barədə iki iltizam imzalamışdır. Cavabdeh2 iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçının göstərişi ilə qaytarılmalı pulun mühüm hissəsinin onun özünün tanışı və təqdim etdiyi Vüsal Abuzərliyiə verildiyi, bununla da borcun bu hissəsinin adından silinməli olması halını nəzərə almamış və yoxlamamışdır. Beləliklə, Cavabdeh2 imzaladığı 20.09.2015-ci il tarixli yazılı iltizamda iddiaçıdan 250.000 ABŞ dolları pulu borc şəklində aldığını etiraf etmiş, hər iki iltizam üzrə aldığı məbləğləri konkret müddət ərzində qaytaracağını bildirmişdir. Eyni zamanda Cavabdeh2 apellyasiya şikayətində də iddiaçıya ümumilikdə borcunun olduğunu faktiki etiraf etmiş, lakin borcunun bir hissəsini iddiaçının tapşırığı ilə üçüncü şəxsə ödədiyinə istinadla borcun məbləğinin daha az olduğunu iddia etmişdir. Göründüyü kimi işə baxılarkən Cavabdeh2 tərəfindən iddiaçıya borclu olduğunu yazılı etiraf edən (tam və ya qismən) sübutlar işə əlavə edilmiş və məhkəmələr tərəfindən tədqiq edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddiaçının tərəflər arasında borc münasibətinin olduğunu sübuta yetirə bilmədiyi, tədqiq edilmiş sübutlar əsasında tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu, iddiaçının Cavabdeh2 pulu məhz bu məqsədlə verdiyi barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən MPM-in 9.3, 77.1, 88, 106.3-cü maddələrinin tələblərini pozmuşdur. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş apellyasiya baxışını təşkil edən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh2 tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Cavabdeh2 12.12.2014-cü il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dollarını almışdır. Cavabdeh2 20.09.2015-ci il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 2017-ci ildək qaytarmaq şərti ilə 250.000 ABŞ dollarını borc almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04.03.2020-ci il tarixli 007-2617-1220 saylı məktubundan müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı X2 həyat yoldaşı İddiaçı pulunun Cavabdeh2 tərəfindən ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətinə baxılmış və tərəflər arasında birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması qənaətinə gəlinmişdir. BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Y.Yusifovun Rusiya Federasiyasının vətəndaşı X2 müraciətinin araşdırılmasının nəticəsinə dair tərtib etdiyi arayışdan müəyyən olunur ki, X6 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində həyat yoldaşı İddiaçı 2014-cü ildən 2018-ci ilədək olan müddət ərzində qohumu Cavabdeh2 Azərbaycan Respublikasında biznes qurması məqsədi ilə 1.304.804 ABŞ dolları pul verdiyini və Cavabdeh2 həmin pulu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, Sklyarova Yelenanın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqrdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X7 vermişdir. Cavabdeh2 1.080.000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Vüsal Abazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə 16.01.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır. Cavabdeh2 Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi N.Şiriyevə verdiyi izahatından müəyyən olunur ki, o, 01.12.2014-cü il tarixdə həyat yoldaşı Cavabdeh1 əmisi İddiaçıla söhbət edərkən avtomobillər üçün ehtiyat hissələrini xaricdən gətirib Azərbaycanda parakəndə satışını təşkil etmək istəməsini bildirmiş, İddiaçı onun qurmaq istədiyi biznesə maraq göstərib onun biznesinə yatırım etmək niyyətində olduğunu demiş, bu məqsədlə İddiaçı 2014-ci ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi hissə-hissə olmaqla təxminən 600.000 ABŞ dollarını Moskva şəhərindən ona göndərmişdir. O, 2015-ci ildə Avtomet MMC təsis etmiş, ehtiyat hissələri almaq üçün Tayvana, Cənubi Koreyaya və Dubaya getmiş, orada ehtiyat hissələrini göndərə bilən müəsisələrlə danışıqlar aparmış, razılaşmalar əldə etmişdir. Şirkətin əsas fəaliyyət növü Xətai rayonunda Babək prospektində yerləşən mağazada avtomobil ehtiyat hissələrini pərakəndə və topdan satmaq olmuşdur. Şirkətin adına Tayvandan 2, Koreyadan 2, Dubaydan da 1 konteyner mallar gəlmiş və 2015-ci ilin sonuna gədər İddiaçı ona əlavə pullar göndərmiş və ümumilikdə ona verdiyi pulların məbləği 1.380.000 ABŞ dolları təşkil etmişdir. Həmin gündən pullar tərəfindən avtomobil ehtiyat hissələrinin satışı üçün qoyulmuşdur. Həmin ərəfədə devalvasiya baş verdiyindən o, aldığı ehtiyat hissələrini zərərlə satıb ehtiyat hissələri ilə əlaqədar biznesini Bakı şəhərində dayandırmış, yalnız Bərdədə ehtiyat hissələri satan kiçik mağazanı işlədir. 2015-ci ilin aprel ayında İddiaçı dostu F.Cəfərovla və Vüsal adlı şəxslə onun yaşadığı Binəqədi rayon X13 ev 1 B ünvanda yerləşən 34 saylı mənzilə gələrək onu Abuzərli Vüsal adlı şəxslə tanış edib Vüsal Abuzərlinin Azərbaycanda qapı, mebel istehsalı, satışı və quraşdırması ilə məşğul olduğunu bildirmiş, özünün də Vüsal Abuzərli ilə birlikdə işlər görüb yaxşı qazanc əldə ediyini demişdir. Daha sonra İddiaçı ona verdiyi pullardan Vüsala da verməsini onun məşğul olduğu qapı, mebel istehsalı, satışı və quraşdırması ilə bağlı olan biznesinə şərik olub ondan yaxşı qazanc əldə etmələrini demişdir. O, İddiaçı sözünə inanıb 2015-ci ilin aprel ayından başlayaraq İddiaçı ona verdiyi puldan Vüsal Abuzərliyə hissə-hissə cəmi 200000 ABŞ dolları vermişdir. Əvvəllər verdiyi pulların müqabilində Vüsal Abuzərli bir neçə dəfə ona hissəhissə olmaqla, cəmi 10000 dollar pul vermişdir. Vüsal ona aldığı pulun qaytarılmasının gecikdirməsinin səbəbini satışdan əldə etdiyi qazancı yenidən biznesinə yatırması ilə izah etmişdir. Bu səbəbdən o, Vüsaldan 200000 ABŞ dolları pulun müqabilində ona hər hansı bir əmlakı təminat kimi girov qoymasını tələb etmiş, razılaşma əsasında Vüsal mülkiyyətində olan Nabranda yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən onun adına keçirmişdir. Bundan sonra o, Vüsala yenidən hissə-hissə 700.000 ABŞ dolları vermiş, lakin Vüsal ondan aldığı cəmi 900000 ABŞ dollarını ona qaytarmamış, 2016-cı ilin yanvar ayında isə Vüsalın həbs olunması ona məlum olmuşdur. 2016-cı ilin yazında həbsdən çıxdıqdan sonra Vüsal ondan aldığı pullarının geri qaytarılması üçün möhlət verilməsini, mebel, qapı istehsalının yenidən təşkil etmək üçün ona əlavə pul verməsini xahiş etmişdir. 2016-cı ilin aprel ayından 2016-cı ilin dekabr ayına kimi Vüsal Abuzərli ondan hissə-hissə olmaqla ümumilikdə 180000 ABŞ dolları pul almışdır. Bu günə kimi Vüsal Abuzərlinin ona olan borcu (900.000 ABŞ dollar + 180.000 ABŞ dollar) 1.080.000 ABŞ dollar təşkil edir. Həmin borcu Vüsal Abuzərli ona qaytarmamışdır. X4 09.01.2018-ci il tarixli iltizamının surətindən müəyyən olunur ki, X1 Natiq Əkbər oğluna borclu olduğu 140.000 ABŞ dollarını iki il müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. İlkin apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, Yusifi də Natiqi də yaxşı tanıyır, münasibətləri yaxşıdır. Yusif Moskvada bizneslə məşğuldur, o da Moskvada bir müddət Yusifə aid olan mağazaların idarəçiliyini həyata keçirmişdir. Natiq avtomobil ehtiyyat hisələrinin biznesi ilə məşğul olmuş, Yusif onun biznesinə şərik olmaq qərarına gəlmişdir. Yusif bu işə bir milyondan artıq pul yatırmışdır, həmin pulları o özü, Cavabdeh2 verib. Sonradan Natiqin işləri zəifləmiş, o, Yusif və Vüsalla birlikdə Natiqgilə getmiş, həmin vaxt X18 təqdim edərək Vüsalın mebel biznesi və qapı düzəldilib quraşdırılması ilə məşğul olduğunu bildirmiş, onun işinə pul qoymaq istədiyi üçün onunla birgə iş üçün verdiyi pulları hissə-hissə Vüsala verməyi tapşırmış, Natiq də onun tapşırığı ilə həmin pulları onun vasitəsi ilə Vüsala verirdi, lakin Vüsala verilən pulun ümumi məbləğini və dəqiq tarixini bilmir, həmin məbləğin 1 mln dollardan artıq olduğunu bildirdi. Pulun Vüsala verilməsi ilə bağlı hər dəfə İddiaçı məlumat verirdi. Yusif də pulun Vüsalda olduğunu bilir. Sonradan məlum oldu ki, Vüsal başqa başqa şəxslərdən də böyük məbləğdə pullar alıb və aradan çıxıb, barəsində cinayət işi var. Vüsalın ona da 5000 borcu var, aralarında məhkəmə mübahisələri də olub. İlkin apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, Vüsal Abazərli ilə həm qonşu olub, həm də 7 il birlikdə işləyiblər. Vüsal mebel biznesi və qapıların düzəldilməsi və quraşdırılması ilə məşğul idi, Yusif, Fədayət Natiq, onun işlədiyi mebel mağazasında olmuşlar, onların söhbətləri əsnasında da ona məlum olmuşdur ki, Yusifin həm Natiq, həm də Vüsalla şərikli biznesi olmuşdur. Sonradan eşitmişdir ki, Vüsal bir çox adamların, o cümlədən Yusifin də pullarını mənimsəyərək aradan çıxmışdır, bildiyinə görə barəsində cinayət işi var, axtarışdadır. X17 nə qədər pul göndərdiyini, Natiqin Vüsala nə qədər pul verdiyini dəqiqliyi ilə bilmir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq Yasamal RPİ İŞ-nin müstəntiqi Ceyhun Hüseynov tərəfindən verilmiş məktubdan müəyyən edilir ki, 16009004 saylı cinayət işi 06.01.2016-cı il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən başlanmışdır. 28 mart 2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin Azərbaycan Respublikası hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda) dayandırılmışdır. İş materiallarında olan sübutların təhlili ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh2 12.12.2014-cü il tarixdə 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları, 20.09.2015-ci il tarixdə isə 2017-ci ildək qaytarmaq şərti ilə daha 250.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Qeyd edilən hal həm iş materiallarına əlavə edilmiş pulun verilməsinə dair qəbzlə, həm də cavabdehin verdiyi apellyasiya şikayətinin məzmunu və özünün məhkəmə iclasında verdiyi izahatlarla təsdiqini tapır. Cavabdeh N.İsmayılov hüquq-mühafizə orqanlarında aparılmış araşdırma zamanı verdiyi izahatlarında da iddiaçıdan göstərilən pul məbləğini aldığını etiraf etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbində göstərilən məbləğdə pulun verilməsi tam sübuta yetirilir. Cavabdeh həmin pul məbləğini borc şəklində deyil, iddiaçı ilə birlikdə biznes qurmaq üçün aldığını, onların birgə biznes fəaliyyəti olduğunu, habelə həmin pul məbləğinə təxminən bərabər məbləğdə pulu iddiaçının göstərişi ilə onun tanışı olan X7 hissə-hissə qaytardığını, sonuncunun həmin pul vəsaitini mənimsəyərək qaçdığını, iddiaçınını təqdim etdiyi qəbzi isə pullar verildikdən uzun müddət sonra Moskva şəhərində olarkən onun xahişi ilə imzaladığını, hazırda onun iddiaçıya borcunun qalmadığını bildirmişdir. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh tərəfindən verilmiş qəbzlərin onun tərəfindən sonradan imzalanması və bu qəbzlərin həqiqəti əks etdirməməsi ilə bağlı dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, iddiaçı bu dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmçinin, iddiaya etirazını əsaslandırmaq üçün şahidlərin ifadələrinə və Yasamal RPİ-də X5 barəsində dələduzluq faktına görə başlanmış cinayət işinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən sübutları araşdıraraq onları cavabdehin dəlillərinin təsdiq edilməsi üçün mötəbər hesab etmir. Belə ki, cavabdeh N.İsmayılov məhkəmə iclasında verdiyi izahatında İddiaçı ona birbaşa nəğd pul vermədiyini, həmin pula Rusiyadan taxta-şalban məmulatları alaraq satmaq üçün ona göndərdiyini, onun da həmin məmulatları Azərbaycanda və İran İslam Respublikasında satdığını bildirir. Yasamal RPİ-də istintaqı aparılan işlə bağlı verdiyi izahatında isə İddiaçı ona 2014-2015-ci illərdə Moskva şəhərindən 1.380.000 ABŞ dolları məbləğində pul göndərdiyini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 da ifadəsində Cavabdeh2 avtomobil ehtiyat hissələrinin biznesi ilə məşğul olduğunu, İddiaçı onun biznesinə şərik olmaq qərarına gəldiyini, Yusifin bu işə bir milyondan artıq pul yatırdığını, həmin pulları onun özünün Cavabdeh2 verdiyini bildirir. Bundan başqa, şahid həmin pulların İddiaçı tapşırığı ilə Cavabdeh2 tərəfindən onun vasitəsilə Vüsal Abazərliyə verildiyini bildirsə də, pulun nə vaxt verildiyini və hansı məbləğdə olduğunu xatırlamadığını göstərmişdir. Digər şahid X9 isə İddiaçı həm Vüsal Abazərli, həm də Cavabdeh2 ilə şərikli biznesinin olduğunu, sonradan X11 Əhmədovun pullarını mənimsəyərək aradan çıxdığını bildirməklə, mübahisə predmeti olan pul məbləğinin taleyi ilə bağlı əhəmiyyətli məlumat verməmişdir. Bundan başqa, Cavabdeh2 iddiaçıdan aldığı bir milyon ABŞ dollarına yaxın pul məbləğini Vüsal Abazərliyə qaytardığını, onun isə həmin pulları mənimsədiyini, V.Abazərlinin həmin pulla yanaşı onun özünün də 600.000 ABŞ dollarına yaxın pulunu mənimsədiyini bildirir, lakin V.Abazərlinin barəsində polisə şikayət edərkən onun cəmi 1.080.000 ABŞ dolları məbləğində pulunun mənimsənildiyini göstərir. Göründüyü kimi, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlar arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Apellyasiya şikayətinin hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olması ilə bağlı dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən verilmiş qəbzlərdə həmin borc məbləğlərinin 12.12.2016-cı il və 20.09.2017-ci il tarixlərədək qaytarılmasını öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 05.12.2019-cu il tarixdə müraciət etmiş və iddia müddətini ötürməmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh2 İddiaçı 12.12.2014cü il tarixdə 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları, 20.09.2015ci il tarixdə isə 2017-ci ildək qaytarmaq şərti ilə 250.000 ABŞ dolları borc almış, lakin aldığı borcu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, Cavabdeh2 iddianın İddiaçı almış olduğu 760.000 ABŞ dolları və 250.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları pul məbləğini ona geri qaytarmaq öhdəliyi yaranmış, lakin həmin öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qətnamənin mübahisələndirilən hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı”nda Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(001)-984/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar