Məhkəmə qərarları › İş №2(103)-7756/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7756/2023

25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7756/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2023 nömrəli, xx.xx.2023-cü il 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 374/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən ilkin olaraq Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra digər Cavabdeh1 tərəfindən də apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verildiyindən Bakı Apellyasiya Məhkəməsi müki işi baxışdan çıxararaq ərizəyə münasibət bildirilməsi üçün mülki iş materiallarını birinci instansiya məhkəməsinə qaytarmışdır. Nərimanov Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2023-cü il 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şikayət onunla əsaslandırılmışdır ki, ötürülmüş müddətin bərpa edilməsini xahiş etdiyi qətnamə ona poçt vasitəsilə rəsmi qaydada çatdırılmamış, bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə ona bildirmişdir ki, qətnamə onun elektron kabinetinə yerləşdirilmişdir. Lakin o, asan nömrə ilə elektron kabinetin yaradılmasından, kabinetinin mövcudluğundan məlumatsız olmuş, ona görə də prosessual hüquqlarından istifadə edə bilməmişdir, sonradan yeni asan nömrə ilə vəkilinin köməyi ilə elektron kabinet yaratmış və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir, məhkəmə isə bu halları nəzərə almamışdır. İddaçı elektron qaydada şikayətə etiraz verərək onun təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin və şikayətə iddiaçı tərəfindən verilmiş etirazın dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, onun tərəfindən isə apellyasiya şikayəti elektron qaydada xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, qətnamə Cavabdeh1 rəsmi qaydada çatdırılmışdır, şikayət isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən xeyli vaxt keçdikdən sonra verilmişdir və kollegiya hesab edir ki, onun prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində və eyni məzmunlu şikayətində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də məhkəmə haqlı olaraq müddəti bərpa etməmişdir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin veriməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2023 nömrəli, xx.xx.2023-cü il 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar