Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7763/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “evin faktiki sahəsi barədə məlumatın cavabdeh tərəfindən tanınması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3302/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “evin faktiki sahəsi barədə məlumatın cavabdeh tərəfindən tanınması və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hazırlanmış şəxsi məlumat hissəsində göstərilən faktiki sahəsinin 152.819 kv.m olması barədə məlumatın Cavabdeh MMC tərəfindən tanınması və həmin məlumatlar əsasında kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3302/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan İddiaçı1 verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin “iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hazırlanmış şəxsi məlumat hissəsində göstərilən faktiki sahəsinin 152.819 kv.m olması barədə məlumatın Cavabdeh MMC tərəfindən tanınması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu tələb hüquqi əhəmiyyətə malik deyil və tələbə mahiyyəti üzrə baxılması hər hansı hüquqi nəticəyə səbəb olmayacaqdır. İddia tələbinin “kompensasiyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, kompensasiya tələbinin nədən ibarət olmasının dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən iddiaçı tərəfə verilmiş bütün suallar mahiyyəti üzrə cavablandırılmamış, tələbin dəqiqləşdirilməsinin zəruri olmasının iddiaçı tərəfin diqqətinə çatdırılmasına baxmayaraq, onlar tələbə olduğu formada baxılmasını təkid etmiş və bildirmişlər ki, kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul olunduqdan sonra onların özləri kompensasiyanın formasını, məbləğini və digər halları müəyyən edəcəklər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Tələbin birinci hissəsi məhkəmənin də göstərdiyi kimi hüquqi əhəmiyyətə malik deyil və məhkəmədə baxılmalı tələb deyil, ikinci hissəsi isə aydın deyildir, iddia ərizəsində tələbin predmeti, qiyməti, iddiaçının tələbləri göstərilməli olduğu halda, hazırki iddia ərizəsində kompensasiya tələbinin nədən ibarət olması dəqiqləşdirilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3302/2023 nömrəli 31 oktyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7763/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7763/2023
25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver