Məhkəmə qərarları › İş №2(103)-7769/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7769/2021

19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7769/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikint Kooperativinə qarşı "mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-2774/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün cavabdehin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 08 may 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzili pulunu tam ödəyərək almışdır. Mənzili 08 may 2012-ci il tarixdən aldığı ilk gündən cavabdeh onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa, aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) "xxxx" MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün "xxxx" MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X1 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzlilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin fərmandan sonra mənzilinə çıxarış alınması üçün dəfələrlə cavabdehə çıxarışın alınması üçün protokoldan çıxarışı və digər lazım olan sənədləri verilməsinə dair yazılı müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf həmin müraciətlərin yalnız birinə cavab vermişdir. Həmin yazılı cavabda sənədlərin verilməməsinin əsası kimi, MTK tərəfindən yazılmış uydurma borc məbləğinin istənilməsi və tərəfindən ödənilməsini tələb etməsidir. Cavabdeh heç bir əsas olmadan aldığı mənzilə heç bir borcu olmadığı təqdirdə çıxarışını almaq üçün protokoldan çıxarışı və digər lazımı sənədləri vermək üçün ondan və bina sakinlərindən qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Ölkə başçısının məlum fərmanından sonra cavabdeh özündən uydurma heç bir qanuna uyğun gəlməyən məbləği ondan və digər sakinlərdən tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-2774/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Mənzil Tikint Kooperativi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi birtərəfli qaydada mübahisəni araşdırmaqla qərəzli mövqe nümayiş etdirmişdir. Komunal xidmət haqqı yaşayış mənzillərinin hər kvadratına 30 qəpik müəyyən edilmişdir ki, iddiaçının mənzili 124.43 kv.m olduğundan (124.43x0.3=37.3) aylıq kommunal xidmətlərə görə ödəniş 37.30 manat olmaqla, hal-hazıra ödənilməmiş cəmi borcu 3000 manat təşkil edir. Yaşayış kompleksində 465 yaşayış təyinatlı mənzil mövcuddur. Hazırda 357 mənzildə yaşayış mövcuddur. Toplanan komunal xidmət haqları hesabına çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər ödənilir. Həmçinin, ümumi istifadə olunan ərazilərin işıqlandırılması ücün "Azərişıq"-a, zibillərin daşınması üçün Binəqədi rayon Mənzil Kommunal Təsərüffatı Birliyinə məişət tullantılarının daşınması üçün, "xxxx" MMCyə liftlərə göstərdiyi xidmətə görə hər ay "xxxx" MTK tərəfindən ödənişlər olunur. "xxxx" MTK tərəfindən göstərilən xidmət haqlarının cavabdeh tərəfindən ödənilməməsi "xxxx" MTK-nın vergi və digər təşkilatlara qarşı borclarının yaranmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğu üçün onun ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh "xxxx" MTK-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 08 may 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 1, blok 1, mərtəbə 2, ümumi sahəsi 124,43 kv.m yaşayış sahəsi, 3 otaqlı, 1a nömrəli yaşayış mənzilini payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 650 manat olmaqla, ümumilikdə icraçıya 80.880 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsində MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 may 2012-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də ev 1, 1-ci blok, 2-ci mərtəbə, 124,43 kv.m sahəsi olan 3 otaqlı 1a saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 3 otaqlı mənzil üçün borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanlanmış ərizənin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da istismara qəbul edilmişdir. ASAN Xidmətə müraciət etsə də, ona protokoldan çıxarış olmadan çıxarış ala bilməyəcəyini bildirmişlər. Ona görə də yaşadığı ev üçün çıxarışın alınması üçün lazım olan protokoldan çıxarışı 15 iş günü ərzində ona təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pay haqqını tam ödədiyi yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, bununla da javabdehin mənzilə mülkiyyət hüququnun iddiaçıya keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirmək vəzifəsini icra etməməsi qanunsuz olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nətijə düzgün olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh "xxxx" Mənzil Tikint Kooperativi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2774/2021 saylı iş üzrə 08.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar