Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7769/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyənləşdirilməsi, müqavilənin etibarsız hesab olunması, vicdanlı alıcı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklara pay hüququnun tanınması və müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Qaçayeva” soyadı verilmiş, nikahlarından xx.xx.2008-ci il tarixdə Əsmər adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0,03 ha. torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 18 may 2010-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
3. X2 Qaçayevə qarşı xx.xx.2020-ci il tarixdə “nikahın ləğv olunması, uşağın yanında qalması və aliment ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, nikahlarının ləğvi barədə xx.xx.2021-ci il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmış, nikah pozulduqdan sonra qadına “Nəsibova” soyadı verilmişdir.
4. “Volkswagen Passat” minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 sentyabr 2019-cu il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmış, 16 noyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X8, xx.xx.2021-ci il tarixdə isə sonuncu tərəfindən X1.
5. Həmin avtomobil hazırda X4 mülkiyyətindədir və onun tərəfindən avtomobilə dair həyat yoldaşı X6 avtomobil üzərində sahibliyin həyata keçirilməsi üçün etibarnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 0,03 ha. torpaq sahəsinin və “Volkswagen Passat” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin əmlaklar üzərində 2/3 hissədə onun, 1/3 hissədə cavabdehin payı müəyyən olunmaqla həmin paylara uyğun mülkiyyət hüququnun tanınması, habelə, avtomobilə dair cavabdehlə X12 arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin və X12 ilə X9 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə 11 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 05 avqust 2008-ci il təvəllüdlü Əsmər adlı uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 0,03 ha. torpaq sahəsini əldə etmişlər və həmin əmlak 18 may 2010-cu il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Həmin ərəfədə heç birinin rəsmi iş yeri olmamış, lakin o, fərdi repetitor fəaliyyəti ilə məşğul olmuşdur. Evləndikləri ilk vaxtlardan müxtəlif ünvanlarda müvəqqəti kirayədə yaşamış, qazanclarını toplamaqla göstərilən torpaq sahəsini əldə etmişlər. Həmin dövrdə cavabdehin anasına məxsus yaşayış evi satılsa da, əldə edilmiş puldan mübahisələndirilən torpaq sahəsinin alınmasına xərclənməmişdir. Sonradan həmin torpaq sahəsində öz hesablarına və onun atasının maddi dəstəyi ilə fərdi yaşayış evi inşa etdirmişlər. O dövrdə rəsmi olaraq işləməsə də, cavabdehlə birgə nikahdan olan övladına baxmış, tikilən evin təmizliyi, ustalara yemək hazırlamaq, gündəlik təsərrüfat işləri ilə məşğul olmuşdur. “Volkswagen Passat” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili də birdə nikah dövründə - 21 sentyabr 2019-cu il tarixdə əldə etmişlər və avtomobil də cavabdehin adına mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. 16 noyabr 2020-ci il tarixdə, yəni cavabdehə qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan bir-neçə gün sonra cavabdeh avtomobili öz adına qeydiyyatdan çıxarmaq məqsədilə onu satmışdır. Halbuki, avtomobil birgə mülkiyyət olmaqla özgəninkiləşdirilməsi zamanı onun razılığının alınması mütləq idi. Sonradan isə cavabehin avtomobili satdığı X13 Bağırova arasında avtomobillə bağlı alqısatqı müqaviləsi bağlanmışdır. Avtomobilin özgəninkiləşdirilməsi məlumatı olmadan həyata keçirildiyindən, onunla bağlı bağlanmış əqdlər etibarsız hesab edilməlidir. Hazırda birgə nikahdan olan uşaqları himayəsində olduğundan, uşağın da mənafeyi nəzərə alınmaqla göstərilən əmlaklar üzərində onun 2/3 hissədə payı və həmin paya uyğun mülkiyyət hüququ müəyyən edilməlidir.
8. İddiaçı məhkəmədə verdiyi izahatında həmçinin göstərmişdir ki, evləndikdən sonra 9-cu mikrorayona, qayınatasının evinə gəlin köçmüş, 2010-cu ilədək orada yaşamış, 2010-cu ilin yanvar ayından 2013-cü ilin aprel ayınadək Badamdar qəsəbəsində yaşamışlar. Həmin dövrdə cavabdehin rəsmi iş yeri olmasa da, restoranda işləmişdir. Badamdar qəsəbəsində olan, cavabdehin anasına məxsus ev satıldığından onlar Maştağa qəsəbəsinə köçməli olmuş, lakin köçdükləri ev yaşanılası şəraitdə olmadığından onun atasıgildə məskunlaşmışlar. Həmin dövrdə cavabdeh evlərini tikdirməklə məşğul olduğundan atası ona 2000 manat pul vermiş, o da həmin pulu maddi kömək üçün cavabdehə vermişdir.
9. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının hüquq irəli sürdüyü əmlaklar birgə nikah dövründə əldə edilsələr də, ərlə arvadın birgə gəlirləri hesabına əldə olunmamışdır. Belə ki, tərəflər nikaha daxil olduqdan sonra bir müddət cavabdehin valideynləri ilə birlikdə onlara məxsus evdə, sonradan cavabdehin anasına məxsus Badamdar qəsəbəsində yerləşən kooperativ binadakı mənzildə yaşamış, həmin mənzil satıldıqdan sonra əldə edilmiş vəsait hesabına Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi alınmış, həmin torpaqda ev inşa edilmişdir. Tərəflər birgə nikah münasibətlərində olduqları dövrdə işləməmiş, gəlirləri olmamışdır. Mübahisələndirilən avtomobil isə birgə nikah dövründə alınmış, həmin dövrdə də satılmışdır. Avtomobili əldə edən şəxslər vicdanlı sahibdirlər, buna görə də həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X9 izahatında göstərmişdir ki, nə iddiaçını, nə də cavabdehi tanımır. İddia ərizəsində göstərilən avtomobili əri əvvəl etibarnamə əsasında almış, etibarnamənin müddəti bitəndə isə onun adına dövlət qeydiyyatına aldırmışdır. Avtomobilə görə 9500 manat pul ödəmişlər. Tərəflər arasındakı mübahisədən məlumatsızdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0,03 ha. torpaq sahəsinin Cavabdeh ilə İddiaçı birgə mülkiyyəti hesab edilməsi, torpaq sahəsi üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payı müəyyən edilməklə həmin hissədə mülkiyyət hüquqlarının tanınması, dövlət rüsumunun əvəzi kimi 25 manatın, mediasiya xərcinin əvəzi kimi 25 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
12.1. Torpaq sahəsinin məhz cavabdehin anasına məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmasına dair cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, iddiaçı öz izahatında 2013-cü ilədək cavabdehin anasına məxsus, Badamdar qəsəbəsindəki evdə yaşadıqlarını bildirmiş, mübahisələndirilən torpaq sahəsinin isə 2010-cu ildə cavabdehin adına dövlət qeydiyyatına alındığı iş materialları ilə sübuta yetirilmişdir - belə olan halda, həmin torpaq sahəsinin birgə mülkiyyət hesab edilməməsi üçün heç bir əsas müəyyən edilmir. 12.2. Avtomobilin tərəflərin birgə nikah dövründə əldə edildiyi, nikah pozulmamışdan da özgəninkiləşdirildiyi müəyyən edilir. Avtomobilin satışından əldə edilmiş gəlirin məhz cavabdeh tərəfindən təkbaşına, iddiaçının fikri nəzərə alınmadan xərcləndiyini təsdiq edən heç bir sübut iddiaçı tərəfdən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, həmin avtomobilin üzərində iddiaçı ilə cavabdehin pay hüququnun müəyyən olunması, habelə, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyil və iddia bu hissədə rədd edilməlidir.
13. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Ailə Məcəlləsinin 32.1-ci, 32.3-cü, 36.1-ci, 36.3-cü, 37.1-ci, 37.2-ci, Mülki Məcəllənin 225.1-ci maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, avtomobilin nikahın pozulması barədə iddia qaldırmasından 13 gün sonra, yəni ailə münasibətlərinin faktiki pozulduğu dövrdə onun razılığı olmadan satılmış olmasını, beləliklə də avtomobilin satılmasından xəbərdar olmasının qeyrimümkünlüyünü, torpağa dair payları müəyyənləşdirərkən uşağın mənafeyini nəzərə almadığını irəli sürmüşdür.
15. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, mübahisəsi gedən torpaq sahəsinin tərəflərin birgə vəsaitləri hesabına əldə edilmiş olmasının müəyyən edilmədiyini və iddiaçının bununla bağlı sübut təqdim etmədiyini nəzərə almamış, iddiaçının təhrif edilmiş izahatına istinad etməklə qanunsuz qərar çıxarmış, iclas protokolları ilə tanış olmaq hüquqlarını məhdudlaşdırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, habelə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil müvafiq apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar vermişlər.
17. Məhkəmə iclasında iştirak edən X9 izahatında göstərmişdir ki, avtomobili əri 9500 manat pul ödəyib almışdır və tərəflər arasında mübahisənin onlara heç bir aidiyyatı yoxdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
19. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
20. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
21. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
22. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
23. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
24. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
27. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
28. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
29. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
30. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.
31. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının “Volkswagen Passat” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin əmlaklar üzərində 2/3 hissədə onun, 1/3 hissədə cavabdehin payı müəyyən olunmaqla həmin paylara uyğun mülkiyyət hüququnun tanınması, habelə, avtomobilə dair cavabdehlə X12 arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin və X12 ilə X9 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin hissədə yeni qətnamə çıxarılmalı, cavabdehin şikayəti təmin olunmayaraq qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
44. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0,03 ha. torpaq sahəsinin tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır; bununla belə Cavabdeh nümayəndəsi (vəkili), həmin torpaq sahəsinin təmsil etdiyi şəxsin iddiaçı ilə birgə əldə etdikləri qazanc hesabına deyil, Cavabdeh valideynlərinə məxsus mənzilin satışından əldə olunmuş vəsait hesabına alındığını irəli sürməklə iddiaya etiraz etmişdir.
45. Kollegiya cavabdehin nümayəndəsinin bu arqumentini əsassız hesab edir; belə ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir; bununla belə o, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, şifahi bildirdikləri isə işin halları ilə təkzib olunmuşdur.
46. İrəli sürdüyü həmin halla bağlı cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi akta münasibətdə isə qeyd olunmalıdır ki, birincisi, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 34), digər tərəfdən isə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırıldığı halda qəbul edilə bilər (§ 35).
47. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdehlə 15 ilə yaxın müddətdə nikahda olmuş və uzun müddət Cavabdeh valideynlərinin vəsaiti hesabına alındığı irəli sürülən torpaqda inşa edilmiş evdə yaşayaraq orada uşağına qulluq etmiş iddiaçının, həmin evin dəyərini artıran vəsait qoyuluşunda, habelə evin inşasında (təmirində) bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.
48. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0,03 ha. torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilməklə onların birgə mülkiyyətində olmuşdur və cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamaqla birinci instansiya məhkəməsinin müvafiq hissədə gəldiyi qənaət həm işin hallarına, həm də qanunvericiliyin mənasına uyğundur.
49. Kollegiya, qeyd edilən torpaq sahəsinin tərəflər arasında 2/3-1/3 hissə nisbətində bölünməli olması ilə bağlı iddiaçının dəlilini də əsassız hesab edir; belə ki, birincisi, qanunvericilik yetkinlik yaşına çatmamış uşağın tərəflərdən biri ilə yaşamasını payların qeyri-bərabər bölünməsi üçün mütləq əsas kimi nəzərdə tutmamışdır; ikincisi isə, Cavabdeh üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi müəyyən olunmamışdır. Uşağın iddiaçının himayəsində olmasının onun payının müəyyənləşdirilməsində əhəmiyyət kəsb edən faktor olduğunu qəbul etsə də, kollegiyanın qənaətinə görə, iddiaçının digər diqqətəlayiq mənafeyi müəyyən olunmadan yalnız uşağın mənafeyi nəzərə alınaraq bölgünün bu cür qeyrimütənasib aparılması ədalətli deyildir və qeyd edilən torpaq sahəsinə tərəflərin 1/2 hissədə paylarının müəyyən edilməsi işin hallarına daha uyğundur.
50. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və avtomobilə payının müəyyən edilməsi” tələbi üzrə gəldiyi nəticəni “avtomobilin satışından əldə edilmiş gəlirin məhz cavabdeh tərəfindən təkbaşına, iddiaçının fikri nəzərə alınmadan xərcləndiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir” qənaəti ilə əsaslandırmaqla nəticəsinin işin faktiki hallarına uyğun gəlməməsinə yol açmışdır.
51. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
52. “Volkswagen Passat” minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin nikahda olduqları dövrdə əldə edildiyi və birgə əmlak hesab olunduğu işin müəyyən olunan halıdır.
53. İşin müəyyən olunan halı həm də ondan ibarətdir ki, həmin avtomobil Cavabdeh tərəfindən 16 noyabr 2020-ci il tarixdə, yəni İddiaçı ona qarşı xx.xx.2020-ci il tarixdə “nikahın ləğv olunması, uşağın yanında qalması və aliment ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etməsindən 13 gün sonra X8, xx.xx.2021-ci il tarixdə isə sonuncu tərəfindən X1.
54. Mülki və ailə qanunvericiliyinin müddəalarına (§ 18-20, 27) əsasən kollegiya hesab edir ki, “Volkswagen Passat” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqavilələri əsasında satın alımış X12 və X9 avtomobili vicdanlı əldə etmişlər və onların avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.
55. Xüsusilə nəzərə alınmalıdır ki, ailə qanunvericiliyi (§ 28) ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir.
56. Kollegiyanın qənaətinə görə, iddiaçının ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobii vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.
57. Bununla belə kollegiya iddiaçıya izah edir ki, o, avtomobilin satışından Cavabdeh əldə etdiyi pul vəsaitinin ona çatmalı olan hissəsinin Cavabdeh xeyrinə tutulması barədə iddia qaldırmaq hüququna sahibdir.
58. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi avtomobil, tərəflərin ailə münasibətlərinin pozulmasından sonra satılmışdır və belə olan halda onun satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi barədə cavabdehin irəli sürdüyü arqument ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz.
59. Qeyd olunmalıdır ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir. Cavabdeh isə ailə münasibətlərinin pozulmasından sonra satdığı avtomobilin satışından əldə etdiyi vəsaitin göstərilən istiqamətdə xərcləndiyinə dair heç bir sübut təqdim etməmişdir.
60. Hazırkı icraat çərçivəsində bu məsələyə qiymət verilməsi ona görə mümkün deyil ki, İddiaçı belə bir tələbi olmamışdır – hansı ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 218.3-cü maddəsi).
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4775/2022 saylı iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı “Volkswagen Passat” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin əmlaklar üzərində 2/3 hissədə onun, 1/3 hissədə cavabdehin payı müəyyən olunmaqla həmin paylara uyğun mülkiyyət hüququnun tanınması, habelə, avtomobilə dair cavabdehlə X12 arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin və X12 ilə X9 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. İddiaçı həmin iddia tələbləri təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödədikləri dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov