Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-777/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı iddia tələbi üzrə (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüqunun tanınması və pasport qeydiyyatına alınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı X2 nümayəndəsi X4, Cavabdehin hüquqi varisi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2-872/2007 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səbail MKTB 7 saylı Mənzil Kommunal İstismat Sahəsinin 02 №-li xx.xx.2007-ci il tarixli forma 2 saylı arayışına əsasən Bakı şəhəri Z.Tağıyev küçəsi 14 №-li evinin 3 otaqlı 78 kv.m sahəsi olan 34 №-li mənzili şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mənzildə cavabdehlər pasport qeydiyyatındadırlar.
2. İşin hallarından müəyyən olunur ki, Cavabdeh3 ilə X6 19 sentyabr 2004-cü il tarixdən rəsmi nikahdadırlar. Bu nikahdan 06 iyul 2005-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X5 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzil köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınmasına dair iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2004-cü ildə cavabdehlə rəsmi nikaha daxil olmuş, toy mərasimindən sonra cavabdehin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. O, həyat yoldaşı və digər ailə üzvləri ilə mehriban münasibətlərdə olmuş, cehizlərinin yerləşdiyi 2 saylı mənzilində yaşamış və ailə təsərrüfatını birgə idarə etmişlər. Yaşadığı evin mülkiyyətçisi və digər ailə üzvləri, həmçinin onun həyat yoldaşı maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün belə qərara gəlmişlər ki, evlərin yüksək qiymətlə xaricilərə kirayəyə verib özləri üçün ucuz olan mənzil tapıb müəyyən müddət kirayədə yaşasınlar. 2006-cı ilin may ayında qaynatası evi xaricilərə kirayəyə vermiş, özləri üçün ucuz qiymətə mənzil tapıb yaşamaq üçün həmin mənzilə köçmüşlər. Qaynatası öz ailəsi ilə bir müddət kirayədə yaşadıqdan sonra işləmək üçün Rusiya Federasiyasına Ceboksarı milayətinə köçmüşlər. Onlar orda bir müddət yaşadıqdan sonra Bakıya qayıdıb yenə də bu günə kimi kirayədə yaşayırlar. Qaynatası ailəsi ilə Bakıya qayıtdıqdan sonra cavabdeh ondan ayrılaraq yaşamaq üçün valideynlərinin yanına getmiş və bu günə qədər onlarla birlikdə yaşayır, onun və körpə uşağının taleyi ilə maraqlanmır. Cavabdeh onu tərk edib gedəndən sonra o, tək yaşaya bilmədiyindən yaşamaq üçün ata evinə pənah gətirmiş və artıq 2 aydır ki, atasının evində yaşayır. Onun körpə uşağı ilə mübahisəli mənzilin 2 saylı otağına köçürülməyinə, mənzildən istifadə hüququnun tanınması, faktiki yaşadığı mənzilə pasport qeydiyyatına alınmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2-872/2007 saylı qətnaməsi ilə (hakim Alim Namazov) X1 ünvan 1 ünvanına yaşayış hüqunun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət olunmuşdur.
6. Məhkəmə öz mövqeyini həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 228.2 və 228.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldığı gündən uzun bir müddətin keçməsinə baxmayaraq, qeyd olunan tarixədək qətnamə Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabdehlərə təqdim edilmədiyindən, eləcə də qətnamənin icrası olaraq iddiaçı onun mülkiyyətində olan yaşayış evinə köçürülmədiyən onun qətnamədən xəbəri olmamışdır. Qətnamə məhkəmə tərəfindən Cavabdeh1 ailə üzvləri vasitəsilə yalnız xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh qətnaməni əldə edib məzmunu ilə tanış olduqdan sonra həmin qətnamədən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə çıxardığı qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyyətçisi Cavabdeh1 arasında mübahisəli mənzildən istifadə barəsində razılaşma olmuş, iddiaçı mübahisəli mənzilə ailə üzvü kimi köçüb yaşamış, cavabdehin razılığı ilə mənzilin yaşayış sahəsindən faktiki istifadə etmiş, həmin mənzildə cavabdeh Anar Abadullayevlə birgə təsərrüfat aparmışdır. Bununla da iddiaçı həmin mənzilin yaşayış sahəsindən istifadə hüququnu əldə etmişdir. Məhkəmə bu qənaətini əsaslandırarkən maddi hüquq normaları qismində həmin vaxt qüvvədə olan 8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.3-cü maddəsinə istinad etmişdir. Əvvala, işə baxan məhkəmə yekun nəticəyə gələrkən iddiaçının digər cavadeh Cavabdeh3 ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olduğunu (nikah haqqında arayış iş materiallarına əlavə edilmişdir), mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisənin məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvəyə mindiyi tarixdən – 1 sentyabr 2000-ci ildən sonrakı tarixə təsadüf etdiyini, belə olduğu halda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən iddiaçının mübahisəli mənzilə yaşayış və həmin mənzildən istifadə hüquqnunun yaranmadığını nəzərə almamışdır. Adı çəkilən Konstitusiya Məhkəməsinin qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləriilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-cimaddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçiilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşm ailə müəyyənləşdirilir. Göründüyü kimi, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirmişdir. Bununla belə iddiaçı ilə iş üzrə cavabdeh olan mənzilin mülkiyyətçisi Cavabdeh1 arasında mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsinə hüquqi əsas olan hər hansı bir formada bağlanan yazılı razılaşma olmadığı halda, məhkəmə, onların arasında mübahisəli mənzildən istifadə barədə razılaşmanın mövcud olması barədə həqiqətə uyğun olmayan dəlilirəli sürərək əsassız və qanunsuz nəticəyə gəlmişdir. Beləliklə də məhkəmə tətbiq edilməli olmayan əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cümaddəsini tətbiq etməklə, istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbini nəzərə almayaraq əssasız və qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan halların sübut edilməməsini nəzərə almamaqla və tətbiq edilməli olan qanunu tətbiq etməməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən məhkəmə aktnın apellyasiya qaydasında ləğv olunması üçün hüquqi əsasdır. Beləliklə də birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-872/07 saylı qətnaməsi əsassız və qanunsuz oldğundan apellyasiya instansiyası qaydasında ləğv edilməli və iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Prossesual məsələlər və iştirakçılarının izahatı
10. Mülki işin apellyasiya icraatı zamanı cavabdeh X14 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və məhkəmənin 08 fevral 2023-cü il tarixli protokol qərardadı ilə Cavabdeh1 prosessual hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi X7 apellasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. Maddə 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
15. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
21. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2-872/2007 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X1 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzilə köçürülmə, istifadə hüqunun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməməlidir.
26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrıayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.
28. Kollegiya qeyd edir ki, hazırki mülki iş üzrə tərəflər arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri xx.xx.2004-cü il tarixdən sonra yarandığından, həmçinin, İddiaçı Cavabdeh1 ailə üzləri sırasına daxil olmadığından mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyyətçisi Cavabdeh1lə arasında mübahisəli mənzildən istifadə barəsində razılaşma olmuş, iddiaçı mübahisəli mənzilə ailə üzvü kimi köçüb yaşamış, cavabdehin razılığı ilə mənzilin yaşayış sahəsindən faktiki istifadə etmiş, həmin mənzildə cavabdeh Anar Abadullayevlə birgə təsərrüfat aparmışdır. Bununla da iddiaçı həmin mənzilin yaşayış sahəsindən istifadə hüququnu əldə etmişdir.
31. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə raşılaşmır. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.”
32. Göründüyü kimi, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirmişdir.
33. Məhkəmə tərəfindən iddiaçının cavabdehə məxsus mənzildən istifadə barəsində İddiaçı ilə Cavabdeh1 arasında razılaşmasının olduğunu qeyd etsə də, bu hal iş materialları ilə sübuta yetirilmir.
34. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında cavabdehə məxsus mənzilədən istifadə hüququnun yaranmasına dair notariat qaydada təsdiqlənmiş hər hansı yazılı razılaşma olmadığından iddiaçının mübahisəli evə istifadə hüququ tanına və həmin mənzilə köçürülə bilməz. Ona görə də iddia tələbi qeyd edilən hissələrdə əsassızdır və təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin ünvan 1-ə iddiaçının pasport qeydiyyatına alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi digər tələblərində aslı olduğundan və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq həmin hissədə iddia tələbi rədd olunduğundan iddia tələbi iddiaçının pasport qeydiyyatına alınması hissəsində də əsassızdır və təmin edilə bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbləri təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2-872/2007 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzilə köçürülmə, istifadə hüqunun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.