Məhkəmə qərarları › İş №2(103)-778/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-778/2024

08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-778/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3472/2023 saylı, 24 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X1 İcrasına Nəzarət üzrə Hərbi prokurorluğunun böyük müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli cinayət işinin icraatına xitam vermək haqqında qərarına görə, N nömrəli hərbi hissə komandanlığının və kollektivin baş leytenant İddiaçı Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” bəndi ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işi xitam edilmiş; onun vəsatəti təmin edilərək yenidən tərbiyə və islah olunması üçün hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, baş leytenant İddiaçı törətdiyi cinayət əməli ictimai təhlükəli olmamaqla ağır nəticələrə səbəb olmamış, o, özü isə təmiz ürəklə peşman olduğunu bildirdiyindən barəsində olan cinayət işi xitam edilməklə Azərbaycan Respublikası CPM-nin 5-ci maddəsinə əsasən o, yenidən tərbiyə və islah olunması üçün xidmət etdiyi hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilməlidir.

2. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, vətəndaş İddiaçı X1 İcrasına nəzarət üzrə hərbi prokurorluğun baş müstəntiqi, ədliyyə kapitanı İ.İ.Əliyevin cinayət işinn icraatına xitam verilməsi haqqında xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət qərarının verilməsi haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı yol verilmiş qeyriqanuni hərəkətlər nəticəsində dəymiş mənəvi və maddi ziyanın əvəzi olaraq Maliyyə Nazirliyi tərəfindən 150000(yüz əlli min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilib ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı maddi və mənəvi təzminatın ödənilməsi ilə əlaqədar qaldırdığı iddia ərizəsinə baxaraq qətnamə çıxarmışdır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, düzgün cavabdehin Maliyyə Nazirliyinin verilməsi məqsədə müvafiqdir. O, isə öz növbəsində ona qarşı edilmiş qeyri-qanuni cinayət məsuliyyətinə qanunsuz cəlb etmə qətiimkan tədbiri kimi həbsə almanın nəticəsində ona maddi və mənəvi zərərin Hərbi Prokurorluq tərəfindən vurulmasını göstərmişdir.xx.xx.1995-ci il Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının qanuni qüvvəsini almış qərardadı ilə, onun xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qeyri-qanuni həbsdə saxlanmış və onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə qərardadında Hərbi prokurorluğa 1 həftə ərzində protest verilməsi hüququ izah edilmişdir. Baxmayaraq ki, Azərbaycan dövlətinin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda onların hərbi hissəsi qanuna uyğun olaraq iştirak etmiş və dövlətin qoyduğu tapşırığı uğurla icra etmişdir. Hərbi Prokurorluğun qaldırdığı Cinayət Məcəlləsinin 102 və 255.B maddələri ilə ittihamı məhkəmədə sübut olunmamışdır. İş ibtidai istintaqa qaytarılmaqla məhkəmə tərəfindən Hərbi prokurorluğun istintaqın düzgün aparılması, əsl cinayət törətmiş şəxslərin tapılmasını tövsiyyə etmişdir. Belə ki, dövlət tapşırığını icra edən zabit baş leytenant İddiaçı cinayət məcəlləsinin 255.B maddəsini qulluq səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini sui-istifadə etdiyini heç nə ilə sübut etmədiklərini göstərmişdir və sonradan cinayəti hansısa naməlum şəxsin törətdiyini qeyd etmişdir. Beləliklə, onun xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qanunsuz həbsdə saxlamaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Nəzərə alsa ki, o, qeyri-qanuni hərəkətlər nəticəsində aylıq məvacibləridən məhrum olmuş və digər hüquq və azadlıqları pozularaq mənəvi işgəncələrə məruz qalmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3472/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” və 105-ci bəndləri ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinin icraatına xitam əvvəl 105-ci bəndinə dair hissəvi, sonradan 255-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı cinayət işi gedişatında barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edib ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək qətnamənin ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. 1964-cü il tarixli Azərbaycan SSR-nin Mülki Məcəlləsi: Maddə 444-1. Qanunsuz məhkumetmə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlbetmə, qətimkan tədbiri kimi həbsə almanı qanunsuz tətbiq etmə, həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh vermə nəticəsində vətəndaşa vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən tam ödənilir.

12. Hazırda qüvvədə olan xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

13. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdeh tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.

22. Hazırki iddianın qanuni əsası kimi 01 sntyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 444-1-ci maddəsi, habelə yuxarıda qeyd olunan digər maddi hüquq normaları nəzərdən keçirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası da qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmalıdır. Belə ki, işdə olan xx.xx.1995-ci il tarixli cinayət işinin icraatına xitam vermək haqqında qərarla təsdiq olunur ki, iddiaçının barəsində olan cinayət işinin icraatına hərbi hissə komandanlığının vəsatəti təmin edilməklə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Demək ki, həmin vaxt qətimkan tədbiri kimi həbsə almanı qanunsuz tətbiq etmə, eləcə də həbs nəticəsində iddiaçıya ziyan vurma öz təsdiqini tapmır. Bu cür vəziyyətdə iddia necə təmin oluna bilərdi ki, iddiaçı da bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı buna cavab verməyə hazır olmalı idi.

23. Məhkəmə tərkibi qeyd edir ki, konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə, sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Lakin iddiaçının ittiham olunduğu əməl üzrə təqsirli olduğu təsdq olunub. Yalnız həmin dövrdə qüvvədə olan Cinayət Prosessual Məcəllənin 5-ci maddəsi tətbiq olunaraq istintaq orqanı tərəfindən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bu faktı 30 ilə yaxın müddətdə iddiaçı da mübahisələndirməmişdir. Deməli, cinayət törətməsi ilə razılaşmışdır.

24. Ona görə də hazırki halda iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi iddiasını əsaslı etmir. Çünki, həmin qərarın qəbul edilmə əsası iddiaçıya iddia etdiyi hüquqlarının pozulması nəticəsində dəyən ziyana görə pul kompensasiyasının verilməsi halını istisna edir.

25. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3472/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3472/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar