Məhkəmə qərarları › İş №2(103)-7780/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7780/2023

29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7780/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, e-2(001)-564/2023 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e- 2(001)-564/2023 saylı qətnaməsinə əsasən İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunaraq Cavabdeh 23000 manat məbləğində pul vəsaiti və 159 manat dövlət rüsumu və vəkil xərci olaraq ödənilmiş 110 manat məbləğində pulun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, e-2(001)- 564/2023 nömrəli qərardadı ilə qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardadın əsaslarına görə, cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya əməl etmədən vermişdir. Belə ki, cavabdeh Əlavə 2-də nəzərdə tutulmuş qrafalara istinad etsə də, əsaslandırmamışdır. Həmçinin Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh bu hissədə qətnamə çıxarılarkən maddi normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir.

4. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş Formada 5-ci bəndindən “işin hallarını” sonra 6-ci bənd “maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” göstərilmişdir. Cavabdeh həm işin hallarında, həm də 6-ci bəndində göstərmişdir ki, qətnamədə AR MM-nin 329.1-ci maddəsinin tələbləri pozulmuşdur və düzgün tətbiq edilməmişdir. Belə ki, 6-ci qrafada göstərmişdir ki, işdə olan qəbzə əsasən həmin qəbz qanunla müəyyən olunmuş formada tərtib edilməmişdir. Bu qəbzdə tam anket məlumatları (kreditorun adı, atasının adı, sayadı) göstərilmədiyi üçün qəbzin özü etibarsız sayılır. Qəbzdə yalnız kreditorun adı göstərilmişdir. Buna görə qəbz qanunla müəyyən edilmiş formada tərtib edilməmişdir. Beləliklə, həm formanın beşinci bəndində, həm də altıncı bənddə konkret olaraq maddi hüququn hansı normasının pozulduğu cavabdeh tərəfindən göstərilmişdir. Eyni zamanda, altıncı bənddə bu normanın pozulduğu işin hallarını da konkret göstərilmişdir. Qeyd edilmişdir ki, formadakı 6-cı bəndin adı sütunun üstündə deyil, sağ tərəfdə göstərilir, bu sistemin özünün texniki səhvidir. Apellyasiya şikayəti göndərəndən sonra 6-cı bəndin adı kənara çıxmışdır. Beləliklə, cavabdehin vəkili tərəfindən şikayət düzgün və bütün tələblərə uyğun tərtib edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(001)- 564/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

8. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılması barədə qərardadını onunla əsaslandırır ki, formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh bu hissədə qətnamə çıxarılarkən maddi normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir.

10. Lakin apellyasiya şikayətini nəzərdən keçirərkən görünür ki, şikayətin 6-cı bəndinin “maddi hüquq norması” hissəsində “AR Mülki Məcəlləsinin 329.1-ci maddəsi” göstərilmiş, “Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” hissəsində normanın məzmunu açıqlanmış və “İşdə olan qəbzdən görünür ki, həmin qəbz qanunla müəyyən olunmuş formada tərtib etməmişdir. Bu qəbzdə tam anket məlumatları (kreditorun adı, atasının adı, soyadı) göstərilmədiyi üçün qəbzin özü etibarsız sayılır. Qəbzdə yalnız kreditorun adı göstərmişdir. Buna görə qəbz qanunla müəyyən edilmiş formada tərtib edilməmişdir.” məzmununda əsaslandırma aparılmışdır.

11. Mülki Məcəllənin 329.1-ci məzmununun məhz əqdin forma tələblərinə riayət edilməməsi ilə bağlı olması da onu təsdiq edir ki, apellyator tərəfindən maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməsinə dair dəlillər əksini tapmışdır və bu əsasla apellyasiya şikayətinin qaytarılması qanuna uyğun deyildir.

12. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunaraq qərardad ləğv edilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, e-2(001)- 564/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, e-2(001)- 564/2023 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar