Məhkəmə qərarları › İş №2(103)-7783/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7783/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7783/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və X2 Dövlət Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və X1 Dövlət Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunvericiliyin tələbləri nəzərə alınmadan qəbul olunduğundan ləğv edilməli və ərizə icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Cavabdeh1 MMC tərəfindən istehlakçı İddiaçı1 keyfiyyətsiz və qüsurlu xidmət göstərmiş, nəticədə İddiaçı1 və onun ailə üzvlərinə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4194/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi iş materiallarına əlavə etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni hesab etmir. Belə ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC tərəfindən istehlakçı İddiaçı1 keyfiyyətsiz və qüsurlu xidmət göstərdiyini və nəticədə İddiaçı1 və onun ailə üzvlərinə həm maddi, həm də mənəvi ziyan vurlduğunu iddia edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd olunur: istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkardır. qüsur— malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğudur. Həmin qanunun 11-ci maddəsində qeyd edilir ki, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Həmin qanunun 12-ci maddəsində isə göstərilmişdir ki, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hüquq normalarının tələbi pozaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılmaqda haqlı olmamışdır. Ona görə də, iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılarkən maddi hüquq normaları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri əsasında yoxlanılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar