Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-78/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı mülkiyyətdə olan torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılaraq qanunsuz istifadə olunması ilə əlaqədar pul ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5016/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,5636 ha torpaq sahəsini qanuna zidd zəbt etməklə bu ərazidən istifadə hüququnu məhdudlaşdırmağa görə mülkiyyətçi kimi onlara dəyən bütün zərər, o cümlədən əldən çıxmış faydanın 15000 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsi, mülkiyyətində olan 0,5636 ha torpaq sahəsi 2 il müddətinə icarə qaydasında ödənilməsi nəzərdə tutulmuş məbləğin bazar dəyəri qiymətində onunla cavabdeh arasında icarə müqaviləsinin bağlanması və həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar-İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona 3,21 hektar pay torpağı verilmiş, “Torpağın mülkiyyət hüququna dair” JN №888, Kod 90603018 nömrəli Dövlət Aktı təqdim olunmuşdur. Bu pay torpağından 2015-ci ilə kimi tam həcmdə əkin məqsədilə istifadə etmişdir. 2015-ci ildə növbəti əkin zamanı həmin torpaq sahəsinin təqribən 0,5636 hektarında X9 Kəmərinin keçməsi ilə əlaqədar müvəqqəti ofis binaları, yataqxana, yeməkxana, maşın dayanacağı və digər təsərrüfat fəaliyyəti məqsədilə Kürdəmir düşərgəsi (Camp) salındığını görmüşdür. Bundan sonra BP-nin bu layihə üzrə Kürdəmir nümayəndəliyinə müraciət etmişdir. Bundan sonra onlara rəsmi ərizəsini vermişdir. Müraciəti ilə əlaqədar BP-nin nümayəndələri araşdırma aparmışdır. Ona verilən rəsmi cavabda ona məxsus yerin digər şəxsə aid olan sənədin onlara təqdim olunduğu və kompensasiyanın həmin şəxsə ödənildiyi bilidirilmişdir. Bundan sonra mübahisəli yerin ona məxsus olması ilə əlaqədar DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən torpağa Dövlət reyestrindən çıxarış alınması üçün müraciət etmiş və 07 noyabr 2018-ci ildə mübahisəli torpağa çıxarış əldə etmişdir. Bundan sonra həmin çıxarış əsasında yerində mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsində məlum oldu ki, BP-nin Kürdəmir düşərgəsində ona məxsus 0,5636 hektar torpaq sahəsi 2 il ərzində zəbt olunmaqla istifadə edilmişdir. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus olan mübahisəli torpaq sahəsi saxta sənədlərlə Kürdəmir rayonu, Atakişili kənd sakini X3 adına rəsmiləşdirilərək bu torpaqdan istifadə üzrə onunla müqavilə bağlanılaraq kompensasiya ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5016/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin müvəqqəti istifadə etdiyi torpaq sahəsinin bir hissəsi Razim Ağayevə və digər hissəsi olan 0,5636 ha hissəsi isə ona məxsus pay torpağıdır ki, bu da öz əksini onun torpaq sahəsinə dair çıxarışda tapır. Lakin kompensasiyanın hesablanıb ödənilməsi zamanı çıxarışla ona məxsus və cavabdeh tərəfindən istifadə olunmuş 0,5636 ha torpaq sahəsi Razim Ağayevin adına cavabdehin və yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə R.Ağayevə məxsusluğu rəsmiləşdirilərək ona ödənilmişdir. Məhkəmə torpağa dair hər iki çıxarış üzrə cavabdeh tərəfindən 2 il istifadə edilmiş torpaqların yerində koordinatlar üzrə müəyyənləşdirilərək müayinə olunması və bu işə mütəxəssislərin cəlb olunması barədə vəsatət versə də, təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazını məhkəməyə təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olnur ki, “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti ilə (icarəçi) X5, X2, X7, Babaşova Günel Razim qızı (torpaq mülkiyyətçiləri) arasında 23 fevral 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən qeyd olunan şəxslər tərəfindən birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2.24 ha torpaq sahəsi boru kəmərinin genişləndirilməsi ilə bağlı tikinti işlərinin aparılması və genişləndirilmiş boru kəmərinin istismarı üçün tələb olunan qurğu və avadanlıqların müvəqqəti yerləşdirilməsi məqsədilə icarəçiyə icarəyə verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2.24 ha torpaq sahəsi 2/5 hissədə X5, 1/5 hissədə X2, 1/5 hissədə X7, 1/5 hissədə Babaşova Günel Razim qızının mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 08.12.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2.24 ha torpaq sahəsinin 0.5636 ha hissəsi “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin icarəsində olması daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində 27.02.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı isə məhkəməyə iddia qaldıraraq mübahisə torpaq sahəsinin ona məxsus olmasını, “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən onun torpaq sahəsinin zəbt olunduğunu, bunun nəticəsində ona zərər dəydiyini bildirib, ona dəymiş zərərin əvəzinin və əldən çıxmış faydaya görə 15000 manat pul tələb etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçı zərərin (əldən çıxmış faydanın) nədən ibarət olmasını və cavabdehlərin hansı qanunsuz hərəkətlərindən irəli gəlməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmiş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddia tələblərini təmin etməmişdir. Digər tərəfdən iş materiallarının tədqiqi zamanı cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təqsiri müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, 21 fevral 2002-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş (“TƏMÖH Sazişi”) imzalanmışdır. TƏMÖH Sazişi “Azərbaycan Respublikasında (Boru Kəməri) Layihəyə və bütün CQBK üzrə fəaliyyətlərə münasibətdə Azərbaycan qanunvericiliyinə görə üstünlük təşkil edən hüquqi rejim kimi" qüvvəyə minir". TƏMÖH Sazişində müəyyən edilmişdir ki, Saziş Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunmalıdır. Sazişinin 4.1-ci maddəsinin (ii) bəndinə əsasən, “Dövlət hakimiyyət orqanları (Boru Kəməri) iştirakçılarını müstəsna və qeyri-məhdud Torpaq hüquqları ilə təmin edirlər”. Qeyd edilən müqavilədən irəli gələrək “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti mübahisəli torpaq mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən cavabdeh Genişləndirmə Layihəsi çərçivəsində tikinti işlərinin aparılması və genişləndirilmiş boru kəmərinin istismarı üçün tələb olunan qurğu və avadanlıqların müvəqqəti yerləşdirmişdir. Faktiki olaraq cavabdeh bu hərəkətləri qanuna uyğun həyata keçirilmişdir. Bundan başqa iş materiallarından görünür ki, TƏMÖH Sazişinə əsasən cavabdeh tərəfindən həyata keçirilən layinə 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə cavabdehin zəbt etdiyi torpaq sahəsinə çıxarışı 2019-cu il tarixdə əldə etmişdir. İddiaçı, iddia ərizəsində 02 mart 1999-cu il tarixli JN 888 saylı (kod: ********) şəhadətnaməyə istinad etmişdir. Şəhadətnamədə torpaq sahəsinin koordinatları qeyd olunmuşdur. İş materiallarında mövcud olan sənədlərdən 02 mart 1999-cu il tarixli JN 888 saylı (kod: ********) şəhadətnamədə göstərilmiş koordinatlarla “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə icarə hüququ əsasında verilmiş RX seriyalı, ******* saylı çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatların üst-üstə düşməsi müəyyən olunmur. Digər tərəfdən, RX ******* nömrəli çıxarışdakı koordinatlarla iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında uyğunsuzluq halları olmuşdur. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5016/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-78/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-78/2022
27.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver