Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-78/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilk, həmçinin Cavabdeh "xxxx" ASC-yə qarşı “əlavə razılaşmanın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(011)-3067/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilinə dair bağlanmış 13178 saylı, xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13178 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 62076,34 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 156 ay müddətində hər ay 299,51 manat olmaqla, hər ayın 28-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən uzun müddət aylıq ödənişlər edilməmiş, müqavilənin tələbləri pozulmuşdur. Daha sonra cavabdeh gecikdirilmiş məbləğin ödənilməsi barədə cavabdehə müraciət etmiş, onunla "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə əlavə razılaşma bağlanılmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən cavabdehin mənzilə görə iddiaçıya olan borcunun 35272,55 manat təşkil etdiyi müəyyən edilmişdir. Əlavə Razılaşmanın 2-ci bəndinə əsasən cavabdehin müqavilə üzrə bu günədək ödəmədiyi aylıq ödənişlər 13125,13 manat, satıcıya əldən çıxmış fayda məbləği üzrə 283,62 manat, cəmi 13408,75 manat təşkil edir. Əlavə Razılaşmanın 3-cü bəndinə əsasən, Alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 13408,75 manat borcundan 2000 manat nağd şəkildə, qalıq 11408,75 manat məbləğində hissəsini isə 36 ay müddətinə hər ayın 28-də 316,91 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürür. Ödənişlər xx.xx.2017-ci il tarixdən başlayır. Əlavə Razılaşmanın 4-cü bəndinə əsasən alıcı müqavilə üzrə aylıq 299,51 manat təşkil edən ödənişləri müqavilə müddətinin sonuna kimi, hər ayın 28-də ödəməyi öz öhdəsinə götürür. Ödənişlər xx.xx.2017-ci il tarixdən başlayır. Lakin, cavabdeh razılaşma ilə üzərinə götürdüyü öhdəliklərini də pozmuş və pozmaqda davam edir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdalıqlara baxmayaraq onun tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir. Cavabdehin qrafik üzrə 17822 manat ödəniş məbləği borcu var. Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmamışdır. Bu hal iddiaçıya müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnu verir. Əlavə Razılaşmanın 7-ci bəndinə əsasən alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu Razılaşma satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır (təhvil verilməlidir). Eyni zamanda, Cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanın etibarsız hesab olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzili xx.xx.2010-cu il tarixdə X1 almış, sonuncuya "xxxx" ASC-yə ödədiyi pulu tam olaraq ödəmiş, yerdə qalan pulun "xxxx" ASC-yə ödənilməsi üçün sonuncu ilə alqı-satqı müqaviləsi bağlamışdır. "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AK-796 saylı kredit müqaviləsinin və həmin tarixli 796 saylı ipoteka müqaviləsindən göründüyü kimi, həmin mənzilin alınması üçün iddiaçı bankdan cəmi 23544 manat 83 qəpik pul götürmüş və bu müqavilə üzrə zamin "xxxx" ASC olmuşdur. Daha sonra "xxxx" ASC bağlanıldığı üçün "xxxx" ASC həmin mənzilin kredit müqaviləsini "xxxx" ASC-nin üzərinə çevirib və həmin bankla Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli NAR-İ-12/37 saylı kredit müqaviləsində isə Bakı şəhəri, 2944 saylı məhəllə, X.Məmmədov küçəsi 2-də yerləşən 67/116 saylı mənzilə görə bank ona 24038 manat 40 qəpik kredit ayırmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək hər ay mütəmadi olaraq ödənişlər həyata keçirildiyi halda, krediti azalmaq əvəzinə artmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya gəldikdə isə, razılaşmanın imzalandığı günə borcunun 35272 manat 55 qəpik, həmçinin ödəmədiyi ödənişlər əldən çıxmış fayda ilə birlikdə 13408 manat 75 qəpik olması ağlabatan deyildir. Son bir ildə o, "xxxx" ASC-yə pul ödəməmişdir. Lakin, bunun səbəbi ölkədə elan edilən pandemiya ilə bağlı olmuşdur. Hamıya bəlli olan haldır ki, pandemiya dövründə heç yer demək olar ki işləməyib. Bu da fors major kimi qiymətləndirilməlidir. Bu səbəbə görə, hesab edir ki, yaşadığı mənzil əlindən alına bilməz. Eyni zamanda, o, "xxxx" ASC ilə əlavə razılaşmanı imzaladığını da xatırlamır. Bu razılaşmanın varlığından o, keçən məhkəmə prosesində ona qarşı tərəfin iddia ərizəsi təqdim edildiyində xəbərdar olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(011)-3067/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, borcun şişirdilməsi, həmçinin cavabdehin təqdim etdiyi xx.xx.2017-ci il tarixli əlavə razılaşmada olan imzanın onun tərəfindən icra olunmaması, bu halın təsdiqi üçün xəttşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də, vəsatətin əsassız olaraq rədd edilməsi, iş üzrə tam araşdırmanın aparılmaması və s. göstərilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümaəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 13178 saylı müqaviləyə əsasən - Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzili iddiaçı tərəfindən cavabdehə satılmış və cavabdeh öz növbəsinə həmin mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilmiş müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri tərəflərin razılığı ilə 62076,34 manat məbləğində müəyyən olunur və cavabdeh mənzilin qiymətini 156 ay müddətinə, hər ay üçün müəyyənləşdirilmiş məbləği olan 299,51 manatı hər ayın 28-ci gününədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 2017 oktyabr ayında olan 12809,73 manat məbləğində gecikməsi olmuş, həmin məbləği bir dəfəlik ödəmək imkanı olmadığından ilkin olaraq 2000 manat ödəməli, yerdə qalan qalıq borcu isə 36 ay müddətinə ödəməyə icazə verilməsini xahiş etmişdir. İşdə olan, qeyd edilən müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 13178 saylı Əlavə Razılaşma”nın surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barədə razılaşmışdırlar: - Alıcı Cavabdeh razılaşır və qəbul edir ki, alıcının satıcıdan 13178 saylı, xx.xx.2010-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən aldığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilə görə satıcıya olan borcu bu Razılaşmanın imzalandığı günə 35272,55 manat təşkil edir; - Alıcının bu günədək ödəməyi aylıq ödənişlər 13125,13 manat, satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 283,61 manat, cəmi 13408,75 manat təşkil edir; - Alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 13408,75 manat məbləğində borcundan 2000 manat məbləği nağd şəkildə, qalıq 11408,75 manat məbləğində hissəni isə 36 ay müddətinə hər ayın 28-də 316,91 manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürür; ödənişlər xx.xx.2017-ci il tarixdən başlayır; - Alıcı müqavilə üzrə aylıq 299,51 manat təşkil edən ödənişləri müqavilə müddətinin sonuna kimi, hər ayın 28-də ödəməyi öz öhdəsinə götürür, ödənişlər xx.xx.2017-ci il tarixdən başlayır; - Alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 (otuz) gündən artıq müddətə gecikdirərsə, bu Razılaşma satıcı tərəfindən alıcının qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 05- 01/385 saylı təklifin surətindən müəyyən olunur ki, satıcı alıcıya 5 gün müddətində mənzilə görə olan borcunu ödəmədiyi və ya xx.xx.2010-cu il tarixli, 13178 saylı müqavilə və xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanın ləğv edilməsi barədə razılaşmanın (müqavilənin) bağlanılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi təklif edir. Əks halda, məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2010-cu il tarixli 13178 saylı müqavilənin və xx.xx.2017-ci il tarixli Əlavə Raşılaşmanın ləğv edilməsi, mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi, habelə çəkilmiş məhkəmə xərclərinin ödənilməsi tələb ediləcəkdir. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəflər arasında müqavilə bağlanıldığı tarixdən, yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək 35941,20 manat və ya 120 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 33472 manat və ya 61 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 17822 manat və ya 59 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı xx.xx.2019-cu il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 4 il 10 ay təşkil edir. Beləliklə işin müəyyən olunmuş hallarına əsasən – tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilinin cavabdehə satılması ilə bağlı tərəflər arasında xx.xx.2010-cu il tarixli 13178 saylı müqavilə bağlanmış, müqavilədə mənzilin dəyəri tərəflərin razılığı ilə 62076,34 manat məbləğində müəyyən olunmuş, cavabdeh (alıcı) pulu 156 ay müddətinə, hər ay 299,51 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, müqavilədə qeyd olunan mənzil cavabehə təqdim olunmuş, sonuncu hazırki vaxtadək orada yaşayır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də tərəflər arasında xx.xx.2017-ci il tarixli Əlavə Razılaşma bağlanmışdır. Əlavə Razəlaşmanın şərtlərinə görə - onun imzalandığı günə cavabdehin əsas müqavilə üzrə borcu 35272,55 manat, o cümlədən həmin günədək ödəməyi aylıq ödənişlər üzrə borcu 13125,13 manat, əldən çıxmış fayda məbləği üzrə borcu 283,61 manat təşkil etmişdir. Yuxarıda da qeyd edildiyi kimi tərəflər razılaşdırılmış qalıq borc pul vəsaitlərinin ödənilməsi istiqamətində yeni dövrlər müəyyən etmiş, öhdəliyin cavabdeh tərəifndən bu dəfə də lazımi qaydada icra olunmayacağı təqdirdə isə, mənzilin iddiaçıya geri qaytarılmalı olması şərtləndirilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən qeyd etmişdir ki, Cavabdeh tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş aylıq ödənişlər həyata keçirilməmiş, onun tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi barədə təklif göndərmiş, lakin sonuncu tərəfindən hər hansı cavab verilmədiyi təqdirdə məhkəmədə mövcud iddia tələbi irəli sürülmüşdür. Məhkəmə cavabdehin tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliklərini ölkə ərazisində “COVİD 19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən karantin tədbirləri nəticəsində icra edə bilmədiyindən mübahisəyə müqavilədə nəzərdə tutulmuş “fors major” bəndi tətbiq edilərək iddianın rədd edilməsi ilə bağlı dəlilinə qiymət verərək belə qənaətə gəlmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin 4.1-ci bəndində göstərilir ki, tərəflərdən heç biri bu müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilmədiyinə görə məsuliyyət daşımır, o şərtlə ki, həmin tərəf digər tərəfə fors-major şəraitinin yaranması barədə şərait yarandığı gündən 7 (yeddi) iş günü ərzində şəraitin yaranması və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə yazılı bildiriş göndərsin. Bu bildirişə fors-major şəraitinin yaranmasını təsdiq edən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd əlavə olunmalıdır. Lakin, mülki iş materiallarından görünür ki, cavabdeh X4 pandemiya şəraiti başlamadan öncə də ödəniş etməyi dayandırmışdır. Cavabdehin ödədiyi son ödəniş tarixi xx.xx.2019-cu il tarixidir, hansı ki, o zaman ölkə ərazisində hər hansı bir karantin tədbirləri tətbiq edilmirdi. Bu səbəblə də, cavabdehin qeyd edilən dəlili işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən nəzərə alınmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2010-cu il tarixli, 13178 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC–dən mənzil almış, 2017-ci ildə mənzilin pulunu ödəyə bilmədiyinə görə cəmiyyət ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə ərizə ilə cəmiyyətə müraciət etmiş, yaranmış borcun ödənilməsi üçün vaxt istəmiş və tərəflər arasında əlavə razılaşma bağlanılmışdır. Daha sonar, Cavabdeh Əlavə Razılaşmanı imzalamadığını və Əlavə Razılaşma barədə məlumatsız olduğunu bildirsə də, onun tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı Əlavə Razılaşmanın şərtlərinə uyğun hərəkət edərək, xx.xx.2017-ci il tarixində 2000 manat məbləğində, xx.xx.2017-ci il tarixində 617 manat, xx.xx.2017-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat,xx.xx.2018-ci il tarixində 617 manat məbləğində ödənişlər etmişdir. Odur ki, məhkəmə Cavabdeh xx.xx.2017-ci il tarixli 13178 saylı Əlavə Razılaşmanı imzalamadığını, həmin razılaşma barədə məhkəmə prosesi zamanı xəbərdar olması barədə dəlilini qəbul etmir. Mülki iş üzrə təqdim edilmiş sübutlarla cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri təkzib edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzilin əldə olunması istiqamətində ilkin olaraq xx.xx.2010-cu il tarixli 13178 saylı müqavilə bağlanmış, müqavilədə mənzilin dəyəri tərəflərin razılığı ilə 62076,34 manat məbləğində müəyyən olunmuş, cavabdeh (alıcı) pulu 156 ay müddətinə, hər ay 299,51 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyi lazımi qadada icra etməmiş, özünün də müraciəti nəzərə alınmaqla, tərəflər arasında xx.xx.2017-ci il tarixli Əlavə Razılaşma bağlanmış, şərtlər müəyyənləşdirilmişdir. Cavabdeh hazırki vaxtda da mənzilə görə müvafiq pul vəsaitini tam ödəyə bilməməsini təsdiq edir, lakin apellyasiya şikayətində iddiaçının tələb etdiyi borcun şişirdilməsini göstərmişdir. Bu məqsədlə, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, daxil olmuş ekspertiza rəyinə əsasən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2075 nömrəli rəyi) tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 13178 saylı müqavilə, həmin müqaviləyə xx.xx.2017-ci il tarixli Əlavə Razəlaşmanın şərtlərinə əsasən cavabdehin ödənişləri də nəzərə alınmaqla, 09 dekabr 2020-ci il tarixə borcunun 17822 manat olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan da göründüyü kimi - Cavabdeh tərəflər arasında müqavilə bağlanıldığı tarixdən, yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək 35941,20 manat və ya 120 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 33472 manat və ya 61 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 17822 manat və ya 59 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı xx.xx.2019-cu il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 4 il 10 ay təşkil edir. Göründüyü kimi, ekspertiza rəyi ilə cavabdehin qeyd edilən tarixə qrafik üzrə aylıq ödənişlər üzrə ödənilməmiş 17822 borcu mövcud olmuşdur. Bu hal isə, özü-özlüyündə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanı bağlamamasını, oradakı imzanın ona məxsus olmamasını, birinci instansiya məhkəməsində icraat zamanı vəsatət də verməsinə baxmayaraq bu halın ekspertiza vasitəsilə yoxlanılmamasını və s. göstərmişdir. Cavabdeh apellyasiya icraatı zamanı da qeyd edilən dəlillərini müdafiə etmiş, xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmada olan imzanın ona məxsus olmamasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri ilə də razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Cavabdehin dəlillərinin obyektiv yoxlanılması istiqamətində həmçinin iş üzrə məhkəmə-xətşünaslıq eskpertizası təyin edilmiş, ekspert rəyinə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli, 4/626 nömrəli rəyi) əsasən - xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmada olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlili ekspertiza rəyi ilə tam təkzib olunur. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh xx.xx.2010-cu il tarixli, 13178 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC– dən mənzil almış, 2017-ci ildə mənzilin pulunu ödəyə bilmədiyinə görə xx.xx.2017-ci il tarixdə ərizə ilə cəmiyyətə müraciət etmiş, yaranmış borcun ödənilməsi üçün vaxt istəmiş və tərəflər arasında əlavə razılaşma bağlanılmışdır. Daha sonra, Cavabdeh Əlavə Razılaşmanı imzalamadığını və Əlavə Razılaşma barədə məlumatsız olduğunu bildirsə də, onun tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı Əlavə Razılaşmanın şərtlərinə uyğun hərəkət edərək, xx.xx.2017-ci il tarixində 2000 manat məbləğində, xx.xx.2017-ci il tarixində 617 manat, xx.xx.2017-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat, xx.xx.2018-ci il tarixində 617 manat,xx.xx.2018-ci il tarixində 617 manat məbləğində ödənişlər etmişdir. Odur ki, məhkəmə Cavabdeh xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanı imzalamadığını, həmin razılaşma barədə məhkəmə prosesi zamanı xəbərdar olması barədə dəlilini qəbul etmir. Mülki iş üzrə təqdim edilmiş sübutlarla cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri təkzib edilir. Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarında göstərmidir ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Göründüyü kimi, cavabdehin mübahisələndirilən əqddən (müqavilədən) məlumatlı olmaması, sonradan bilməsi, onu imzalamaması və s. barədə dəlilləri işdə olan sübutlarla müəyyən edilmir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanın etibarsızlığı ilə bağlı cavadehin irəli sürdüyü dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin əvvəllər kredit müqavilələri bağlaması və s. bu kimi dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh sübut kimi məhkəməyə kredit müqaviləsinin və bəzi sənədlərin kserosurlərini təqdim etmişdir ki, bu da MPM-nin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamaqla, sübut əhəmiyyətinə malik deyildir. Bununla yanaşı, hətta əvvəllər müəyyən kredit münasibətlərinin mövcudluğu qəbul edilsə belə, cavabdehin istinad etdiyi həmin sənədlərdən görünür ki, iddiaçı cavabdehin kredit öhdəliyini (kredit borcunu) banka ödəmiş, tərəflər arasında son olaraq xx.xx.2017-ci il tarixdə Razılaşma bağlanmış və cavabdeh mübahisəli mənzilə görə iddiaçıya borcunu etiraf və təsdiq etmiş, üzərinə müəyyən öhdəliklər götürmüş, həmin əqd üzrə müəyyən hərəkətləri (ödənişlər etmiş və s.) həyata keçirmiş, bununla da əqdə bağlılığını nümayiş etdirmişdir. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın əsassız sayılması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 210 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” barədə ilk, eyni zamanda, Cavabdeh "xxxx" ASC-yə qarşı “əlavə razılaşmanın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(011)-3067/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(011)- 3067/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 210 (iki yüz on) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-78/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-78/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver