Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7801/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Əhməd Qafarlının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərə görə təzminat ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsmi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olub. Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin baş təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olan iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi faktı üzrə Cinayət Məcəlləsinin 333.4-1-i maddəsi ilə cinayət işinin başlanması amnistisya aktı tətbiq edilməklə Cinayət-Prosessual Məcəllənin 39.1.12-ci maddəsi ilə rədd edilsin. İddiaçı həmin qərardan şikayət verib. Bu şikayətin əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərar ilə qərara alınıb ki, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından (Cinayət Məcəlləsinin 333.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından) toplanmış material üzrə Cinayət- Prosessual Məcəllənin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin. Bundan 2 ay sonra – xx.xx.2022-ci il tarixdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində cavabdeh Maliyyə Nazirliyindən maddi zərərin əvəzi kimi 3.286 manat, mənəvi zərərin əvəzi kimi 30.000 manat tələb olunub. İddia onunla əsaslandırılıb ki, iddiaçıya qarşı əsassız ittiham irəli sürülüb, əməlində cinayət tərkibi olmadığı halda amnistiya aktı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi qanunsuz olub, böyük psixoloji sarsıntı yaşayıb, qərardan şikayət verib, xx.xx.2022-ci il tarixli qərarla təqsirsiz olduğu təsdiq edilib və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Barəsində cinayət işi başlandıqdan sonra iddiaçıya 2 ay – 2021-ci ilin oktyabr və noyabr ayları üçün əmək haqqı (3.286 manat) ödənilməyib. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 3.286 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə mənəvi zərərin ödənilməsi barədə tələbə aid hissədə ləğv edilsin və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb tam təmin olunsun. Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (qardaşı) Əhməd Qafarlı iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İddiaçının barəsində cinayət işi başlanmayıb, barəsində qətimkan tədbiri seçilməyib və ya digər prosessual məcburiyyət tədbiri tətbiq edilməyib. Onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə iki qərar qəbul edilib. Birinci qərar amnistiya aktı ilə, ikinci qərar isə əməldə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb. Ona görə də məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4 və 6-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının bu Qanunda müəyyən edilmiş əsaslarla dövlət büdcəsinin vəsaiti hesabına zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Vəzifə (tarif) maaşının ödənilməsi üçün iddiaçı həmin maaşı ona verməli olan dövlət qurumuna qarşı iddia qaldıra bilər. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyaisya şikayəti təmin edilməsin. Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsmi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərə görə təzminat ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7801/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7801/2022
16.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver