Məhkəmə qərarları › İş №2(103)-7807/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7807/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7807/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(006)-4133/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: 23 iyun 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2021-ci il tarixdə o, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2021-ci il tarixdə isə İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 30.000 manat və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 30.000 (otuz min) manat və mənəvi ziyana görə 100.000 (yüz min) manat məbləğində, cəmi 130.000 (yüz otuz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis baş leytenantı X8 11 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsasla əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. 23 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis kapitanı X1 Elyaz Yaqub oğlu barəsində CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlamış, 23 iyun 2021-ci ildə onu həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, 23 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun 10 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işinin istintaqı Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılmış, cinayət işi 14 avqust 2021-ci ildə Beyləqan Rayon Polis Şöbəsinin baş müstəntiqi Elton Ağayev tərəfindən icraata qəbul edilərək hərtərəfli və obyektiv istintaq aparılmış, 11 noyabr 2021-ci il tarixdə cinayət işinin icraatına əməlində cinayət tərkibi olmaması bəraətverici əsasla CPM-nin 39.1.2-ci maddəsi ilə xitam vermişdir. Beləliklə, qanunsuz və əsassız olaraq 23 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi rayon X3 saxlanılmışdır. Qanunsuz və əsassız olaraq məruz qaldığı cinayət təqibi üzrə 23 iyun 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, 11 noyabr 2021-ci il tarixə, yəni cinayət işinin icraatına xitam verilənə kimi başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qalmışdır. Qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulması və prosessual məcburiyyət tədbiri altında qalması nəticəsində o, psixi sarsıntı keçirmiş, müəllim kollektivinin, qohumları, azyaşlı nəvələri, dostları və tanışları arasında nüfuzdan düşmüşdür, həmin şəxslərin əvvəllər dərs dediyi insanların, müəllim kollektivinin münasibətləri ona qarşı pisləşmişdir, çünki onlar onu cinayətkar hesab etmişlər, onların ona qarşı mənfi fikirlər formalaşmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ona qarşı edilən qanunsuzluqlar nəticəsində onun Azərbaycan Respublikası konstitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquq və azadlığının qanunsuz olaraq pozulması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın 30.000 manat, mənəvi ziyanın məbləğini isə 100.000 manat məbləğində qiymətləndirir. Belə ki, o, uzun müddət müəllim işləmişdir, hazırda təqaüddədir, açıq ürək əməliyyatına məruz qalmışdır, şəkər xəstəsidir. Hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində ona 30.000 manat maddi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(006)- 4133/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1 və 1101.1-ci maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6 və 7-ci maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olmuşdur ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 23 iyun 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixə qədər (5 ay) qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək, barəsində iltizam növündə prosessual məcburiyyət tədbiri müəyyən edilmişdir. İddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırıb birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyini, işin bütün faktiki hallarının araşdırılmadığını göstərib qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

5. Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis baş leytenantı X8 11 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsasla əməlində cinayət tərkibi olmadığına görə X6 və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. 23 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis kapitanı X1 Novruz Yaqub oğlu barəsində CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlamış, 23 iyun 2021-ci ildə onu həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, 23 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2021-ci il tarixdə cinayət işinin icraatına əməlində cinayət tərkibi olmaması bəraətverici əsasla CPM-nin 39.1.2-ci maddəsi ilə xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyan tutulması hissəsində məhkəməyə hər hansı sübut təqdim edilməməsi hissəsində mövqeyi ilə razılaşır. Lakin kollegiya vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyini tam əsaslı saymır və hesab edir ki, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunmasının ağlabatan olmamasına dair nəticəsini məhkəmə düzgün əsaslandırmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2021-ci il tarixdə o, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham edlan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2021-ci il tarixdə isə İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirməsi, ona görə də ona vurulmuş mənəvi zərər ödənilməli olmasına dair düzgün qənaətə gəlsə də, mənəvi zərərin məbləğini müəyyən edərkən onun 1953-cü il təvəllüdlü olmaqla yaşlı insan, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, ixtisasca müəllim olmaqla saxlaqdığı vaxt müəyyən zaman daxilində X3 saxlanılmasının, eləcə də əsasız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin işlədiyi kollektivdə nifuzuna, və şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb təsir etməsinə diqqət yetirməmişdir. Kollegiya qeyd edir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçıya qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyanın məbləği 2000 manat müəyyən edilməklə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən iddia ilə razılaşmayan cavabdeh tərəfin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini də nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(006)- 4133/2022 saylı qətnaməsi mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, yalnız iddiaçı tərəfindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar