Məhkəmə qərarları › İş №2(103)-7810/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7810/2023

25.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7810/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə “çıxarışın qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və sahiblik faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşmiş, faktiki olaraq mövcud olmayan 13 saylı mənzilə dair Maraqlı şəxs adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşmiş və 2000-ci ildən sonra tamamilə sökülmüş 13 saylı mənzilin yerində iddiaçının inşa etdiyi özbaşına tikilmiş fərdi həyət evinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Solmaz Ədilova) ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə “çıxarışın qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və sahiblik faktının müəyyən edilməsi” tələbinə dair e-2(005)-3787/2023 saylı mülki işin icraatı dayandırılmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

7. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır.

8. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normasını tətbiq edərkən hazırkı işin halları baxımından səhvə yol vermişdir.

9. Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi”nə dair 25 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.

10. İddiaçı Maraqlı şəxs cavabdehlər X2, X3, İddiaçı və X1 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraat dayandırılmışdır.

11. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Maraqlı şəxs cavabdehlər X2, X3, İddiaçı və X1 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbi hazırda dayandırılmış “çıxarışın qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və sahiblik faktının müəyyən edilməsi” barədə iddia tələbinə dair mülki işdən asılıdır. Çünki hazırda icraatı dayandırılmış iş üzrə tələblərin təmini digər işdə Maraqlı şəxs həmin tələb üzrə subyektiv hüqunu aradan qaldırmış olacaqdır. Demək ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş işə münasibətdə əsas, o iş isə bu işə münasibətdə asılı olan işdir. Buna görə də rayon məhkəməsi iddiaçı Maraqlı şəxs cavabdehlər X2, X3, İddiaçı və X1 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbi üzrə qətnamə qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icaatı dayandırarkən əlaqəli işlərin hansının asılı iş olmasını düzgün müəyyən edə bilməmiş, müvafiq olaraq da səhv nəticəyə gəlmişdir.

12. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar