Məhkəmə qərarları › İş №2(103)-7819/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7819/2020

22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7819/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 MTK-ya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 MTK-ya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına ünvan 1 A ünvanında yerləşən 106 saylı mənzilə dair verilmiş 01 nömrəli xx xxx 2018-ci il tarixli protokolun, 029/18 nömrəli xx xxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və bunlara əsasən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək sözügedən mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxxx 2009-cui il tarixdə nikaha daxil olmuş, nikahdan təqribən bir il əvvəl atası tərəfindən "Cavabdeh2” Mənzil Tikinti Kooperativindən ünvan 1A ünvanında yerləşən 106 saylı mənzil onun adına alınmışdır, mənzili təmir etdirmiş və 2009-cu ildə toyu olduqdan sonra həmin mənzilə köçmüşdür. Mənzil alınan vaxtdan bütün kommunal ödənişlər adına olmuş, "xxxxxxxx” QSC, Telefon Qovşağı, “Azərişıq”, “Azərsu” ilə müqavilələr onunla bağlanmışdır. 2018-ci ildə işlə bağlı X1-Peterburq şəhərinə getmiş, getməmişdən əvvəl cavabdehə xx xxxxx 2018-ci İl tarixdə etibarnamə vermişdir. Cavabdeh bu etibarnamədən sui-istifadə edərək, aldığı və mübahisə predmeti olan mənzili onun adına deyil öz adına rəsmiləşdirmişdir. Hazırda münasibətləri pozulub, cavabdeh nikahın pozulması barədə məhkəməyə ərizə verib, yaşadığı evə dair öz adına çıxarış alıb. Onun razılığı olmadan qanunsuz olaraq digər Cavabdeh2 bilə-bilə ki, bu mənzili atası alıb və onun adına müqavilə və maliyyə arayış imzalanıb, buna baxmayaraq, Cavabdeh1 adına saxta protokol və maliyyə arayışı tərtib edərək, həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış verilmişdir. Cavabdehlər tərəfindən əmlakın digər şəxslərə satılması və ümumiyyətlə özgəninkiləşdirilməsi təhlükəsi olduğu üçün mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının özünə məxsus olduğunu iddia etdiyi mənzilin Cavabdeh1 adına qanunsuz olaraq rəsmiləşdirildiyi iddiası əsasında başlanmaqla, iddiaçı həmin əmlakın digər şəxslərə özgəninkiləşdirilməsinin qadağan olunmasını, yəni əmlakın iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacaq qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar