Məhkəmə qərarları › İş №2(103)-782/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-782/2025

07.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-782/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 (Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 (Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2930/2024 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 24 aprel 2019-cu il tarixində qeydə alınmışdır.

2. 37 saylı MKİS-in arayışından görünür ki, İddiaçı ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır.

3. 24 aprel 2019-cu il tarixli texniki pasportdan görünür ki, ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur.

4. 37 saylı MKİS-in arayışından görünür ki, Cavabdeh1 1992-ci ildən Şuşa rayonu məcburi köçkündürlər, 5 nəfər ailə üzvləri ilə birgə ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzildə məskunlaşmışdırlar.

5. AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 29 iyul 2024- cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzil ünvanında müvəqqəti qeydiyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona məxsus mənzili məcburi köçkün kımı zəbt edərək onun hüquqlarını pozaraq mənzili tərk etməkdən imtina etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

9. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edibetməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdeh də öz izahatında iddia tələbini qismən qəbul etdiyini, mənzilin iddiaçının mülkiyyətində olduğunu bildirmiş, işğaldan azad olunmuş ərazilərdə yaşayış sahəsi ilə təmin edilmək istəyini səsləndirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 228-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, qeyd olunan mənzil 1 otaqdan ibarət olmuşdur. Həmin mənzildə ailə üzvləri ilə birlikdə 1992-ci ildə məskunlaşdığı zaman İddiaçı və ya onun ailə üzvləri orada ümimiyyətlə yaşamamışdırlar. İddiaçı həmin mənzilin onların ora köçürülmədən əvvəl ona məxsus olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Habelə illər sonra mənzili hansı yolla özəlləşdirildiyi də məlum deyil. Bu halı məhkəmə araşdırmamışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, mənzil 37 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə 24 aprel 2019-cu il tarixində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli olan ünvan 2anov rayonu, Xətai prospekti, ev 1, 37 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına yalnız 24 aprel 2019-cu il tarixində qeydiyyata alınmışdır. Belə olan halda 1992-ci ildə adı çəkilən məzildə ailə üzvləri ilə birlikdə məskunlaşdığı zaman və ondan sonraki müddətdə İddiaçı nə özü, nədə ki onun ailə üzvləri orada ümimiyyətlə yaşamamışdırlar. Belə olan halda hər hansı şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadılarını qeyd edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh1 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

19. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanı: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normaları digər qanunvericilik aktları ilə müqayisəli şəkildə təhlil olunaraq düzgün və əsaslı nəticəyə gəlinmişdir.

23. Cavabdehin apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, həmin mənzildə ailə üzvləri ilə birlikdə 1992-ci ildə məskunlaşdığı zaman İddiaçı və ya onun ailə üzvləri orada ümimiyyətlə yaşamamışdırlar. İddiaçı həmin mənzilin onların ora köçürülmədən əvvəl ona məxsus olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda hər hansı şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadılarını qeyd edir.

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, mənzilin iddiaçının mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd mövcuddur, Mülki Məcəllənin 140-cı maddəsində əksini tapmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən bu qeyd həqiqi hesab edilir.

25. İşin hallarından görünür ki, cavabdehlərin həmin mənzildə müvəqqəti məskunlaşması iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Həmin əmlakın iddiaçıya cavabdehlərin ora köçürülmədən əvvəl məxsus olub-olmaması, onun adına sonradan qeydə alınması hazırkı araşdırmanın predmetini təşkil edə bilməz. Bundan başqa şəxsin özünə məxsus əmlakından müəyyən müddət istifadə etməməsi onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının itirilməsinə sabəb olmur.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar