Məhkəmə qərarları › İş №2(103)-7823/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7823/2022

01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7823/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracda bağlanmış müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “hərracda bağlanmış müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsini, iş üzrə tərəflərin məhkəmə baxışı iclasına gəlməmələri və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmələri əsası ilə baxılmamış saxlamışdır. İddiaçı, həmin qərardaddan nümayəndəsi (vəkili) vasitəsi ilə Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermək üçün onun tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi baxılmamış saxlandıqdan sonra iddiaçının vəkili (nümayəndəsi) tərəfindən xx.xx.2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəkil müraciəti yerləşdirilmiş, xahiş olunmuşdur ki, iş üzrə icraat təzələnsin. Lakin Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla icraatın təzələnməsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə o, Elektron Məhkəmə İnformasiya Sisteminə yeni müraciət yükləmiş, lakin Rayon Məhkəməsi müraciəti təmin etməmişdir. Göründüyü kimi, icraatın təzələnməsinə dair iddiaçının vəkili (nümayəndəsi) tərəfindən dəfələrlə müraciətlər olmuşdur. Başqa sözlə, zahirən qərardaddan verilmiş sonuncu şikayət müddətin ötürülməsi ilə verilmiş kimi görünsə də, icraatın təzələnməsinə dəfələrlə cəhd göstərilmişdir. Bu isə o deməkdir ki, müddət üzrlü səbəbdən buraxılıb. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini və xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərardad xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, ona münasibətdə qərardaddan şikayət vermək üçün prosessual müddətin axımı həmin tarixdən başlanmışdır. Lakin vəkil (nümayəndə) xx.xx.2022-ci il tarixdə iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qərardada əsasən, ərizə təmin edilməmişdir. Həmin qərardad da vəkilin (nümayəndənin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə vəkil (nümayəndə) elektron qaydada ərizə ilə müraciət edərək mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə həmin ərizəyə cavab olaraq hüquqların izahı məzmunlu məktubu vəkilnin (nümayəndənin) elektron kabinetinə yerləşdirmişdir. xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair heç bir əsas müəyyən edilmədiyindən, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməməlidir. İddiaçının, vəkili (nümayəndəsi) vasitəsi ilə həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267, 268 və 396.1-ci maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-nin 135-ci maddəsinə görə, məhkəmə sənədləri, o cümlədən məhkəmə aktları iş üzrə tərəflərə poçt göndərişi (məktubu) ilə çatdırılır. “Elektron məhkəmə” İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində” yerləşdirilir. MPM-nin 266.3-ci maddəsinə görə, “Elektron məhkəmə” İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qərardadları 5 gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, Rayon Məhkəməsinin hakimi iş üzrə qəbul etdiyi və iddiaçının barəsində verdiyi xx.xx.2022-ci il tarixli qərardadı iddiaçının vəkilinə (nümayəndəsinə) elektron qaydada təqdim etmişdir. Qərardaddan 10 gün müddət ərzində şikayət verməli olan iddiaçının vəkili (nümayəndəsi) isə xx.xx.2022-ci il tarixdə, yəni bundan 2 ay 24 gün sonra qərardaddan şikayət vermiş, qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 130.3-ci maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı, qərardaddan şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilmir. Hazırki iş üzrə müddətin buraxılmasına səbəb olmuş halın üzürlü hesab edilməsi üçün Məhkəmə əsas tapmır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardad qanuni və əsaslıdır; həmin qərardaddan iddiaçının verdiyi şikayət əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar