Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-784/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(006)-3840/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Notariat qaydasında təsdiq edimiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X5 (iddiaçının mərhum əri) 24.000 ABŞ dolları məbləğində pulu Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə borc vermişdir. Məmmədov Cahangir xx.xx.2015-ci il tarixdə ölmüş, 2016-cı ilin oktyabr-noyabr aylarında övladları və arvadı – İddiaçı ərizə ilə müvafiq notariat kontoruna müraciət etmiş, övladları miras payından imtina etmiş, iddiaçı isə mirası qəbul edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı notariat ofisinə müraciət edərək, mərhum ərinin adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmiş və xx.xx.2024-cü ildə ona mərhum əri ilə cavabdeh arasında bağlanmış müqavilə barədə məlumat verilmişdir. 2.Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən, yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, 24000 ABŞ dolları hazırkı məzənnəyə əsasən 40800 manat pulun və 213 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X3 vərəsəsidir. X5 ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, o, Cavabdeh 22 iyun 2015-ci il tarixədək qaytarmaq şərtilə 24.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin iddiaçının qeyd edilən müqavilə barədə məlumatı olmamış, yalnız vərəsəliyi qəbul etdikdən və sorğu veriləndən sonra – xx.xx.2024cü il tarixdə müqavilənin mövcudluğu barədə xəbər tutmuşdur. Vərəsəliyə dair notariat kontorundan iddiaçıya təqdim edilmiş arayışa əsasən onun tərəfindən borc tələbi irəli sürülə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. 5.Cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizələr təqdim edərək, tələb üzrə iddia müddəti ötürüldüyündən iş üzrə icraata xitam verilməsini, sonra isə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı mübahisə predmeti olan 22 aprel 2015-ci il tarixli kredit müqaviləsini rəsmi olaraq 2024-cü ilin iyul ayında əldə etmişdir. O da müqavilə tərəfi olan mərhum əri X3 vərəsəsi olması barədə arayışı əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirmişdir ki, o, cavabdehin mərhum ərinə borcu olduğunu bilirdi, lakin müqavilədən xəbərsiz idi. Mərhumun dediklərinə istinad edib, əvvəllər dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının mərhum ərinə olan borcunu iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı 2024-cü ildə müqaviləni rəsmi qaydada əldə edib, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 sentyabr 2024-cü il tarixli, 2(006)-3840/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.Nikahın bağlanması haqqında 392642 nömrəli şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı nikahı xx.xx.1990-cı il tarixdə 700 nömrə ilə qeydə alınmışdır. 10.Doğum haqqında AZ-İ seriyalı, 586167 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası X5, anası İddiaçıdır. 11.Doğum haqqında AZ-İİİ seriyalı, 787168 nömrəli şəhadətnamədən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə anadan olmuş, atası X5, anası İddiaçıdır. 12.Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş və 3M- 100 reyestr nömrəsi ilə qeydə alınmış 22 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə X1 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində borc almışdır. 13.Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmış 22 aprel 2015-ci il tarixli ərizədən görünür ki, o, həqiqətən 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulu X1 nağd şəkildə almışdır. 14.Ölüm haqqında AZ-İ seriyalı, 757368 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. 15.X6 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum atası X2 qalmış miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. 16.X7 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum atası X1 qalmış miras payı qəbul etməmişdir və etmir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Bununla bağlı heç bir iddia tələbi olmayacaq və pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəkdir. 17.İddiaçı tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş əri X1 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 18.İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X3 xx.xx.2015-ci ildə vəfat etdiyini bildirərək, hazırda vərəsəlik işi açıldığından, adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. 19.Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, X-2969 nömrəli məktubdan görünür ki, həmin notariat ofisində xx.xx.2015-ci ildə X5 ilə Cavabdeh arasında bağlanmış və reyestrdə 3M-100 nömrə ilə qeydə alınmış kredit müqaviləsi rəsmiləşdirilmişdir. 20.ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1658 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.2015-ci il tarixdə vəfat etmiş ünvan 5 ünvanında qeydiyyatda olmuş X3 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsəsi arvadı – İddiaçıdır. 21.Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli X-3561 nömrəli məktubundan görünür ki, həmin ofisdə xx.xx.2015-ci il tarixdə bağlanmış və 3M-100 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi ləğv olunmamışdır. 22.Məhkəmə müəyyən etmişdir ki,notariat qaydasında təsdiq edimiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X5 (iddiaçının mərhum əri) 24.000 ABŞ dolları məbləğində pulu Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə borc vermişdir. Məmmədov Cahangir xx.xx.2015-ci il tarixdə ölmüş, 2016-cı ilin oktyabr-noyabr aylarında övladları və arvadı – İddiaçı ərizə ilə müvafiq notariat kontoruna müraciət etmiş, övladları miras payından imtina etmiş, iddiaçı isə mirası qəbul edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı notariat ofisinə müraciət edərək, mərhum ərinin adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmiş və xx.xx.2024-cü ildə ona mərhum əri ilə cavabdeh arasında bağlanmış müqavilə barədə məlumat verilmişdir. 23.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən, yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etmişlər. 24.Məhkəmə əlavə etmişdir ki, iddiaçının mərhum əri ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilə müddəti bitdikdən qısa müddət sonra iddiaçının əri vəfat etmiş, iddiaçı isə ondan qalmış miras əmlakı tam şəkildə qəbul etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən tələb üzrə müddətin ötürülüb-ötürülməməsi araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. 25.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müqavilə xx.xx.2015-ci il tarixdə 2 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2015-ci ildə başa çatmış, xx.xx.2015-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2015-ci ildə borcverən ölmüş, xx.xx.2016-cı ildə iddiaçı vərəsəliyi qəbul etmiş, iddia müddətinin sonunadək, yəni xx.xx.2018-ci ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir. 26.Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən (xx.xx.2018-ci il tarixindən) 6 il 1 aya yaxın müddət keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Məhkəmə burada öhdəlikdə şəxslərin dəyişilməsinin iddia müddətinə və onun hesablanması qaydasına təsir etməməsini, iddiaçının izahatında cavabdehin onun ərinə borcunun olduğunu bildiyini, lakin müqavilədən xəbəri olmadığını qeyd etməsini, iddiaçının vərəsəliyi qəbul edən vaxt mərhumun aktivləri və passivlərinin siyahıya alınmasını tələb etmək hüququ olduğu halda, hərəkətsiz qalmasını, bundan uzun müddət sonra notariat ofisindən aldığı məlumat və arayışa istinadən iddia qaldırsa da, iddia müddətinin ötürülməsinin heç bir üzrlü səbəbini göstərməməsini, bununla da hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin mübahisəsiz olmasının müəyyən edildiyini vurğulamağı zəruri hesab etmişdir. 27.Məhkəmə əlavə etmişdir ki, məhkəmənin hazırlıq iclasında iştirak edən zaman cavabdeh izahatında bu kredit müqaviləsinin əslində etibarsız olduğunu, belə ki, iddiaçının mərhum əri ilə onun arasında borc münasibətləri deyil, torpaq alğı-satqısı ilə bağlı münasibətlər olduğunu, lakin sonradan alğı-satqının baş tutmadığını, mərhumun əslində ona borc vermədiyini bildirmiş, iddiaçı isə bu dəlilləri qəbul etməyərək, alqı-satqı məsələsindən xəbərsiz olduğunu, belə ki, mərhumun yalnız cavabdehin ona borclu olduğunu dediyini qeyd etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, etirazınn dəlilləri ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğundan, ona öz dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək təklif edilsə də, cavabdeh heç bir əlavə sübuta ehtiyac olmadığını bildirmiş və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin müqavilənin etibarsızlığı barədə dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığından, müqavilənin etibarsızlığına dəlalət edən heç bir hal müəyyən edilmədiyindən, əksinə cavabdehin özünün notariat ofisində yazdığı mərhumun ona pul verməsini təsdiq etməsi barədə ərizə iş materiallarında olduğundan məhkəmə mübahisələndirilən kredit müqaviləsinin etibarlı olması qənaətinə gəlmişdir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.2, 372, 373.2, 375, 377.1, 377.2, 378, 380, 385.1, 386.1, 442, 739.1, 739.2, 1151.1, 1243.2, 1243.3, 1254, 1255-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 22 aprel 2021-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə oalraq qeyd edilmişdir ki, tərəfindən dəfələrlə həm ərizədə həm də prosessdə hazirkı borc müqaviləsindən xəbəri olmaması barədə bildirsə də, məhkəmə müddətin buraxılması kimi qiymətləndirmişdir. Hazirki 22 aprel 2015-ci il tarixli kredit müqaviləsini iddiaçı rəsmi olaraq 2024-cü ilin iyul ayında almışdır. xx.xx.2016-ci il tarixində vərəsəliyi qəbul etmək o qənaətə gəlmir ki, həmin borc barədə ona məlumat verilmişdir. Vərəsəliyi qəbul etmək həmin borc barədə məlumatlı olmaq demək deyilıdir. Borc barədə iddiaçıya rəsmi olaraq yazılı xx.xx.2024-cü il tarixdə olaraq kredit müqaviləsi təqdim edilmişdir. Məhkəmə tərəfindən pozuntulara yol verilməsi ilə işə qərəzsiz, obyektiv və ədalətli baxılmayıb və sonda Nəsimi rayon məhkəməsi tərəfindən düzgün olmayan qətnamə çıxarılmışdır. Bu da qətnamənin ləğv edilərək, yeni qətnamə çıxarılması üçün əsasdır. Onun iştirakı təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 34.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 35.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 36.Maddələr 375.1 və 375.2.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 37.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 38.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 39.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 41.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 42.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 43.Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 44.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 45.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 46.Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 47.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 49.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətinin dəlilləri həcmində tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Məhkəmə kollegiyasının iclasında sübutların araşdırlması ilə müəyyən olundu ki, notariat qaydasında təsdiq edimiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X5 (iddiaçının mərhum əri) 24.000 ABŞ dolları məbləğində pulu Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə borc vermişdir. Məmmədov Cahangir xx.xx.2015-ci il tarixdə ölmüş, 2016-cı ilin oktyabr-noyabr aylarında övladları və arvadı – İddiaçı ərizə ilə müvafiq notariat kontoruna müraciət etmiş, övladları miras payından imtina etmiş, iddiaçı isə mirası qəbul edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı notariat ofisinə müraciət edərək, mərhum ərinin adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmiş və xx.xx.2024-cü ildə ona mərhum əri ilə cavabdeh arasında bağlanmış müqavilə barədə məlumat verilmişdir. 55.Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən, yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsi səbəbindən iddianın təmin edilməməsini xahiş edirlər. 56.İddia müddətinin ötürülməsi əsası ilə cavabdeh tərəfin ərizəsinə əsasən iddianı rədd edən məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçının dəlilləri ondan ibarətdir ki, onun borc müqaviləsindən xəbəri olmamış, kredit müqaviləsini iddiaçı rəsmi olaraq 2024-cü ilin iyul ayında almış, məhkəmədə iştirakı təmin edilməmişdir. (iddiaçının məhkəmə hazırlıq və baxış iclaslarında iştirakı iş materiallarından məlum olduğundan kollegiya sonuncu dəlili formal hesab edərək münasibət bildirməyi lüzumsuz hesab edir.) 57.İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum əri ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilə müddəti bitdikdən qısa müddət sonra iddiaçının əri vəfat etmiş, iddiaçı isə ondan qalmış miras əmlakı tam şəkildə qəbul etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən tələb üzrə müddətin ötürülüb-ötürülməməsi araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. 58.Belə ki, mübahisələndirilən müqavilə xx.xx.2015-ci il tarixdə 2 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2015-ci ildə başa çatmış, xx.xx.2015-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2015-ci ildə borcverən ölmüş, xx.xx.2016-cı ildə iddiaçı vərəsəliyi qəbul etmiş, iddia müddətinin sonunadək, yəni xx.xx.2018-ci ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən (xx.xx.2018-ci il tarixindən) 6 il 1 aya yaxın müddət keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. 59.İddiaçının kredit müqaviləsindən onun notariusa müraciət etdikdən sonra, 2024-cü ilin iyul ayında məlumatlı olması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının izahatından məlum olduğu kimi cavabdehin onun ərinə borcunun olduğunu bilmiş, lakin müqvilədən xəbər olmadığını qeyd etmişdir. Bu hal birinci instansiya məhkəməsində 15 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddiaçının izahatı (iclasın 04-32-ci dəqiqəsindən başlayaraq) ilə müəyyən olunur. İddiaçı izahatında qeyd etmişdir ki, o, mərhum ərindən borcun olduğunu bilmişdir. Onun mərhum əri isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin onun ərinə borcunun olmasından 2015-ci ildən məlumatlı idi. 60.Kollegiya qeyd edir ki, iddiaçının vərəsəliyi qəbul edən vaxt mərhumun aktivləri və passivlərinin siyahıya alınmasını tələb etmək hüququ olduğu halda, hərəkətsiz qalmaqla, bundan uzun müddət sonra notariat ofisindən aldığı məlumat və arayışa istinadən iddia müddətini ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 61.”E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 62.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 63.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 64.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 65.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 66.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd edərkən qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 67.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(006)-3840/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 70.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 71.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(006)-3840/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-784/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-784/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver