Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7849/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Enerji X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, qərardaddan şikayət vermə müddəti göstərilmişdir. İddiaçı 09 oktyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadından “şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə” ərizə, eyni zamanda qərardaddan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərardaddan şikayətin verilməsi müddətinin bərpa olunaraq qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2792/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2792/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayəin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfin şikayəti onunla əsaslandırılır ki, işin mahiyyəti üzrə keçirilən ilk məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən məhkəməyə yalan məlumatların verilməsinə etiraz edərək, hakimin icazəsi ilə ona sual vermək istəmiş, hakim gözlənilmədən üstünə qışqıraraq “sən sus, haçan icazə versəm, danışarsan” demişdir. Övladı yaşında olan hakimin onunla bu tərzdə rəftar etməsinə irad bildirəndə hakim məhkəmənin iclas katibinə xitabən onun göstərərək bildirmişdir ki, “bunu atın bayıra”. Dərhal iclas katibi iddiaçıya yaxınlaşıb onu məhkəmə zalından çıxartmaq istəmiş, bu zaman iddiaçı katibə bildirmişdir ki, 2 müharibə görmüş döyüşçü zabitdir, həm də 3-cü Dan Hapkido “Qara kəmər” üzrə idman ustasıdır, ondan aralı durmağı katibə məsləhət görmüş, istəsə hər cür müqavimət göstərə biləcəyini bildirmişdir. Bütün bunlardan sonra o, həya-abrına sığınaraq məhkəmənin iclas zalını tərk etmək istəmiş, qapıya yaxınlaşanda hakim arxasınca onun ünvanına “tərbiyəsiz” sözünü işlətmişdir. Dəhşətlisi odur ki, belə qalmaqaldan sonra hakim onu məhkəməyə dəvət etmədən, iştirakı olmadan 30 dəqiqəyə yaxın ancaq cavabdehlərin iştirakı ilə iclas keçirmişdir. İddiaçı dəhlizdə gözləyirmiş ki, bəlkə, hakim hirsi soyuyandan sonra onu iclasa dəvət edər. Lakin həmin gün hakim onu iclasa dəvət etməmişdir. Daha dəhşətlisi, bu iş barəsində xx.xx.2023-cü il tarixində baş vermişdir. Belə ki, məhkəmə iclası başlayan kimi adəti üzrə hakim tərəflərə hakimə etirazın olub-olmaması barəsində müraciət etmiş, bu zaman iddiaçı bildirmişdir ki, hakimə etiraz edir, çünki keçən iclasda onu təhqir edərək çıxartmış və 30 dəqiqəyə yaxın onun iştirakı olmadan iclas keçirmişdir. Onun bu sözündən sonra hakim bildirmişdir ki, etirazı sədrə yazılı qaydada təqdim etmək lazımdır, ərizəyə baxıldıqdan sonra tərəflərə əlavə məlumat veriləcəkdir. İddiaçı da səhəri gün, yəni xx.xx.2023-cü ildə hakim barəsində sədrin adına ərizə yazaraq poçt ilə göndərmiş, lakin sonradan məlum olmuşdur ki, işə baxan hakim xx.xx.2023-cü ildə iddia ərizəsinin baxılmamış saxlanılması barəsində qərar vermişdir. Ən dəhşətlisi də odur ki, həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və cavabdeh iştirak etmişdir. Lakin hakim saxtakarlığa yol verərək, həmin gün verdiyi qərarda göstərmişdir ki, guya tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün iş baxılmamış saxlanılmışdır. Bütün göstərilənlərlə təsdiq olunur ki, verilən qərardad qanunsuz olduğu üçün ləğv olunmalı və işə mahiyyəti üzrə baxılmalıdır. Şikayətin verilməsi üçün qanunda nəzərdə tutulan 10 (on) gün müddət ərzində şikayət verə bilməməsinin səbəbi isə hakim tərəfindən yol verilən həmin özbaşınalıqlardan sonra İİ qrup müharibə əlili kimi səhhəti daha da pisləşmiş, bir həftədən çox həkim müayinələrindən keçdikdən sonra ona bildirmişlər ki, beyin damarları normal işləmədiyi üçün hər an beyninə qan sızma baş verə bilər. Ona görə də ən azı 10 gün xəstəxanada yatmalıdır. Ona görə də xx.xx.2023- cü ildən xx.xx.2023-cü ilə qədər Əfəndiyev adına Tibb Mərkəzində müalicə almışdır. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatının rəhbəri kimi 08 noyabr – “Zəfər günü” münasibətilə döyüş bölgələrinə əsgər sovqatı aparmışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər “Zəfər günü” münasibəti ilə bayram günləri olmuşdur. Ona görə də iddiaçı şəxsi elektron kabinetinə baxmağa vaxt tapdıqdan sonra xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, işə baxan hakim etirazla bağlı işi təxirə saldığı gündə işin baxılmamış saxlanılması barədə qərardad verərək, xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirmişdir. Bütün bu qanunsuzluqları aradan qaldırmaq üçün o, məhkəmə sədrinin qəbulunda olmuş, sədr ona bildirmişdir ki, yenidən iddia ərizəsi verməyə ehtiyac yoxdur, işin yenidən baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmək kifayətdir, həmin qərardad ləğv olunaraq işin yenidən baxılması təmin olunacaqdır. Bütün göstərilənlərlə təsdiq olunur ki, qərardaddan şikayət verilməsi ilə bağlı buraxılan müddət üzrlü hesab olunmalı və şikayətin verilməsi müddəti bərpa olunmalı, qərardad ləğv olunaraq işə mahiyyəti üzrə baxılması təmin olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, 09 oktyabr 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflər (İddiaçı, cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsEnerji X1) qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayənədələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkmə iclaslarının audiovideo yazılarının əks olunduğu DVD diskə baxış zamanı və iş materiallarının araşdırılması ilə məlum olmuşdur ki, xx.xx.2023-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı (21:38-ci dəqiqə) məhkəməyə hörmətsizlik nümayiş etdirdiyindən və edilən xəbərdarlığa məhəl qoymadığından məhkəmə iddiaçıdan otaqdan çıxmağı, katibdən onu otaqdan çıxarmasını xahiş etmiş və fasilə elan etmişdir. İddiaçı barəsində məhkəmə tərəfindən “özünü apara bilmir” fikri ifadə edilmişdir. 2 dəqiqədən az müddət keçmədən katib iddiaçını məhkəmə iclas zalına dəvət etmək istəmiş (23:00-cı dəqiqə), lakin iddiaçının məhkəmə binasında olmadığı məlum olmuşdur. Məhkəmə hazırlıq iclası cavabdehin nümayəndəsinin vəsatəti ilə xx.xx.2023-cü il tarixə təxirə salınmış, bu barədə xx.xx.2023-cü il tarixdə iddiaçının ********** və ********** mobil nömrələrinə SMS xəbərdarlıq göndərilmiş (statusu: çatdırıldı), məhkəmə bildirişi isə ona məxsus elektron kabinetə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı hakimə şifahi qaydada etiraz etmiş, etirazın əsaslandırılmış qaydada yazılı formada verilməli olması ilə bağlı məlumatlandırılmış və onun yazılı etiraz verməsinə şərait yaradılması məqsədilə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Bu barədə məhkəmə bildirişi iddiaçıya təqdim edilmişdir (iş materialları: səhifə 63). xx.xx.2023-cü ildə iddiaçının yazılı etirazı məhkəməyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasına iddiaçı gəlməmiş, onun tərəfindən verilmiş etiraz isə əsassız olduğundan həmin tarixli protokol ilə baxılmamış saxlanılmışdır. Məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə iddiaçının ********** və ********** mobil nömrələrinə SMS xəbərdarlıq göndərilmiş (statusu: çatdırıldı), məhkəmə bildirişi və işin baxışa təyin edilməsi barədə qərardad ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Tərəflər xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi prosessual qanunvericiliyin tələbləri baxımından işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi, eyni zamanda işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflərin gəlməməsi iddia ərizəsinin baxılmamış saxlanılmasının hüququi əsası kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tərəflər və ya onların nümayəndələri iştirak etmədiklərindən və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat vermədiklərindən məhkəmənin iddianın baxılmamış saxlanılması barədə qənaəti qanuni və əsaslı olmuşdur. Qərardadın qəbul edilməsi zamanı məhkəmə tərəfindən iddiaçının iddia etdiyi pozuntulara yol verilməmişdir. Həmçinin məhkəmə tərəfindən düzgün olaraq vurğulanmışdır ki, iddiaçı üzrlü səbəbləri göstərməklə və bu barədə müvafiq sübutları təqdim etməklə qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda da iddiaçının üzrlü səbəbləri göstərdiyi ərizə ilə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması hüququ saxlanılır. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməyi istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamş saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim edildikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(006)-2792/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-7849/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7849/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver