Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-785/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun “X3” MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X1, Maraqlı şəxs “X3” MMC-nin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 20 fevral 2024-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, son dövrlər “Youtube” platformasında çoxsaylı izləyici kütləyə malik olan “Hürriyyət TV” internet televiziya kanalında Azərbaycan Ordusu, orada aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, habelə şəxsi heyəti barəsində yalan və böhtan xarakterli silsilə verilişlər yayımlanmışdır. “Hürriyyət TV”-nin baş redaktoru və təsisçisi Nümayəndə hər həftənin çərşənbə günləri hərbi qanunvericilik sahəsində savadı olmayan, hərbi xidmət müddətində gözlədiyi karyera yüksəlişinə nail ola bilməyən, keçmişi qara ləkələrlə dolu, ehtiyatda olan polkovnik X5 dəvət edərək onunla müsahibə aparmış, həmin şəxs Azərbaycan Ordusunun vəzifəli şəxsləri barəsində əsassız, həqiqəti əks etdirməyən fikirlərini özünə məxsus internet televiziya kanalında səsləndirilməsinə şərait yaratmaqla ictimaiyyət arasında ordusunun nüfuzuna xələl gətirəcək yanlış düşüncələrin formalaşmasına səbəb olmuşdur. İnternet informasiya resurs ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması inzibati qaydada məsuliyyət yaratdığından “Hürriyyət” qəzetinin baş redaktoru Nümayəndə və E.T.Məmmədov barəsində AR İXM-nin 388-1.1.1 -ci maddəsində göstərilən inzibati həbs qərarı qəbul olunmuşdur. “Hürriyyət TV” internet televiziya kanalında digər dövlət qurumları, onların rəhbərliyi və ümumən Respublikada aparılan quruculuq işləri barədə daim yalan və böhtan xarakterli verilişlər aparılmasını, müsahibələrdə həqiqətə uyğun olmayan ifadələr işlədərək cəmiyyətdə iqtidara qarşı mənfi fikirlər yaratmasını nəzərə alaraq həmin kanalın yayımlanmasının dayandırılması üçün məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğundan xahiş olunmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeyd edilən müraciətinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə müraciət olunaraq, "X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, həmin kanala müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olumuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Azərbaycan Respublikası Baş Prokurorluğu «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» ərizəni onunla əsaslandırmışdır ki, “X3” MMCnin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda “Hürriyət” qəzetinin baş redaktoru Nümayəndə və ora dəvət edilmiş X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində adı çəkilən şəxslər barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarları ilə hər iki şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, vəzifəli şəxs Nümayəndə (“Hürriyyət” qəzetinin baş redaktoru) ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı, "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin Qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyin təmin olunmasının digər sahələrlə yanaşı informasiya sahəsində də qorunduğu halda, 20- ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda, informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi "Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “X6 ŞOK AÇİQLAMALAR", “X6 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR" və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13- 2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eləcə də, fiziki şəxs X7 ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı halda "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin Qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyinin təmin olunmasının digər sahələrlə yanaşı, informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda, informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR", “X6 ŞOK AÇİQLAMALAR”, “X6 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə özünü müdafiə məsələləri üzrə mütəxəssis kimi qələmə verərək böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X7 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilərək, dövlət maraqlarının müdafiəsi naminə “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV" adı ilə fəaliyyət göstərən kanalın yayımlanmasının dayandırılması ilə bağlı məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi xahiş olunmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ərizə təmin olunmuşdur.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, “Hürriyyət” qəzetinin baş redaktoru Nümayəndə və X2 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarları ilə hər iki şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, "Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “X6 ŞOK AÇİQLAMALAR", “X6 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR" və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13- 2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eləcə də, fiziki şəxs X7 “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR", “X6 ŞOK AÇİQLAMALAR”, “X6 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə özünü müdafiə məsələləri üzrə mütəxəssis kimi qələmə verərək böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11 -ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilərək, dövlət maraqlarının müdafiəsi naminə “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV" adı ilə fəaliyyət göstərən kanalın yayımlanmasının dayandırılması ilə bağlı məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi xahiş olunmuşdur. Həmçinin, hazırkı tələb üzrə işlərə xüsusi icraat qaydasında baxıldığı, eləcə də "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmuş, internet informasiya ehtiyatında yayılması qadağan edilən təbliğat xarakterli, milli təhlükəsizlik əleyhinə olan məlumatlar yayıldığını və bu səbəbdən, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması təmin olunmalı, "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanala müraciətin məhdudlaşdırılmalıdır.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 50., 355-21., 355- 22., 355-22.4., “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun 6.6., 7.1., 7.4., 11., 15.1., “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.4., 13-2.5., 13-2.3.11 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən maraqlı şəxs “X3” MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Baş Prokurorluğun hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmaması, onların məhkəmədə baxılan işdən məlumatsız olmaları, bununla da çəkişmə prinsipinin pozulması və s. kimi əsaslandırılmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs “X3” MMC-nin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmiş, Baş Prokurorluğun isə «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmamış, bu hüquq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aid olmuşdur. Birinci instansiya məhkəməsinin bu hala diqqət yetirməmiş, prosessual hüquq normalarının pozulması ilə işə mahiyyəti üzrə baxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, ərizədə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq müraciətinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, Baş Prokurorluq MPM-nin 50.2-ci maddəsinə əsasən belə bir tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, ərizədə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, MPMnin 40-6-cı fəslində “Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat” nəzərdə tutulmuşdur. Həmin icraat üzrə məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aid edilmişdir. Məhkəmə təcrübəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən analoji tələblərlə kifayət qədər işlər vardır. Lakin, hazırki halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq müraciətinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə müraciət olunmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
13. Maddə 50.5. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
14. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
15. Maddə 305.1.16. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında ərizələrə xüsusi icraat qaydasında baxılır.
16. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
17. Maddə 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: - 306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; - 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə;
18. Maddə 355-20.1. Müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
19. Maddə 355-20.2. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir.
20. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
21. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
22. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.
23. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Rrespublikası “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu
24. Maddə 13-3.1. Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.
25. Maddə 13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 yanvar 2000-ci il tarixli, № 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
26. Bənd 2.11. Mülki Prosessual Məcəllənin 355-20.1-ci və 355-20.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanı
27. Bənd 2.3. Həmin Qanunun 13-1.3-cü, 13-3.1-ci, 13-3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə
28. Bənd 3.1.20-4. Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək;
29. Bənd 3.1.20-5. Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və hostprovayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, ərizə təmin olunmamalıdır.
34. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir.
35. Hazırkı halda isə Baş Prokurorluq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, MPM-nin 50.2-ci maddəsinə istinad etmişdir.
36. Halbuki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 yanvar 2000-ci il tarixli, № 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Mülki Prosessual Məcəllənin 355-20.1-ci və 355-20.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
37. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanında da müvafiq səlahiyyətlər məhz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunmuşdur.
38. Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında yaradılmış Elektron Təhlükəsizlik Xidmətinin Əsasnaməsində yayılması qadağan olunan informasiyanın internet informasiya sisteminə yerləşdirilməsi zamanı müəyyən qabaqlayıcı tədbirlərin görülməsi Xidmətin əsas vəzifələrindən biri kimi göstərilmişdir.
39. Həmçinin, qeyd edilməlidir ki, qanunverici belə müraciətlərə baxılmasının ərazi aidiyyətini də dəqiq müəyyən etmişdir. Belə ki, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir (Maddə 355-20.2)
40. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı tələb üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək səlahiyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məxsusdur.
41. Lakin, hazırkı işdə isə ərzəçi qismində Baş Prokurorluq iştirak etmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur.
42. Azərbaycan Respublikasının Baş Prokurorluğu MPM-nin 50.2-ci maddəsinə əsaslansa da, nəzərə almamışdır ki, hazırki müraciət iddia icraatına aid olmamaqla, yalnız xüsusi icraat qaydasında tənzimlənmişdir.
43. MPM-in 50.2-ci maddəsi isə yalnız iddia icraatı qaydasında qaldırılmış tələblərə şamil olunur.
44. Prokurorluq orqanlarının mülki mühakimə icraatında iştirakına dair qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir və s. (Konstitusiyanın 133-cü maddəsinin İ hissəsi).
45. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə müvafiq olaraq, mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunur. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsində xüsusi olaraq prokurorun da mülki prosesdə iddiaçı tərəf ola bilməsi göstərilmiş və adı çəkilən maddəyə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
46. Mülki Prosessual Məcəllənin “Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə” adlanan 59-cu maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.
47. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi, göstərilən müraciətlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: - belə müraciətlərə yalnız qanunla nəzərdə tutulan hallarda yol verilir və bu hüquqa yalnız qanunun müvafiq normalarında göstərilən orqanlar, hüquqi və fiziki şəxslər malikdir; - belə müraciətlərə bir qayda olaraq hüquqları, azadlıqları və qanunla qorunan mənafeləri müdafiə olunan şəxslərin xahişi (müraciəti) əsasında yol verilir. - dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün qanunla nəzərdə tutulmuş hallarda onların xahişi olmadan yalnız iki əsasla müraciət edə bilərlər: a) fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün və b) qeyri-müəyyən sayda şəxslərin (Mülki Prosessual Məcəllənin 59.1ci maddəsində bu “digər şəxslər” kimi ifadə olunub) – yəni, ictimai maraqların müdafiəsi üçün (məsələn, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1.8-ci bəndinə müvafiq olaraq, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, bu hüququn qanunvericiliklə birbaşa tanınmasında əsas məqsəd ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maraqların qorunmasıdır.)
48. Yuxarıda göstərilənlərdən müəyyən edildiyi kimi, Mülki Prosessual Məcəllənin 59-cu maddəsinin tələbləri baxımından dövlət orqanları, o cümlədən prokurorluq başqa şəxslərin hüquqlarının, azadlıqlarının və mənafelərinin müdafiəsi üçün, bir qayda olaraq onların müraciətinə əsasən iddia ilə məhkəməyə müraciət edə bilərlər. Həmin norma ilə o da müəyyən edilmişdir ki, belə bir müraciətin mümkünlüyü üçün, müvafiq müraciət imkanı birbaşa qanunda nəzərdə tutulmuş olmalıdır. Prokurorun mülki mühakimə prosesində tərəf qismində iştirakının mümkünlüyü isə yalnız Mülki Prosessual Məcəllənin yuxarıda məzmunu açıqlanmış 50 və 306.3-cü maddələri ilə nəzərdə tutulmuşdur.
49. Mülki Prosessual Məcəllənin 306.3-cü maddəsində isə prokurorluğun eyni subyektlərin müraciəti olduğu halda xüsusi icraat qaydasında ərizəçi qismində iştirak etmək hüququ təsbit edilmişdir. Belə ki, göstərilən maddəyə uyğun olaraq, dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: - mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; - daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.
50. Göründüyü kimi, prokurorluğun xüsusi icraat qaydasında müvafiq müraciət imkanları - mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər, habelə daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə ərizə verməklə məhdudlaşmışdır.
51. Lakin, hazırki müraciət qeyd olunan hallara aid olmamaqla, “Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat” aid edilmişdir.
52. Beləliklə, Azərbaycan Respublikası Baş Prokurorluğu internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, prosessual hüquq normalarının tələblərinin pozulması ilə işə mahiyyəti üzrə baxmışdır
53. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntunun xarakterini, habelə apellyasiya baxışı zamanı tərəfin əvəz olunması imkanının mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallara əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir.
54. Lakin, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) MPM-in 355-20.1-ci maddəsinə əsasən - yayılması qanunla qadağan edilən müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqlarını özündə saxlayır. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki tələbə mahiyyəti üzrə hüquqi qiymət verməyi zəruri hesab etmir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, ərizə yuxarıda qeyd olunan əsaslarla təmin olunmamalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, ərizə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.