Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-785/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh borc tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-206/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, Faizəni rəfiqəsi vasitəsilə tanıyıb. Aralarında qızıl-zinət əşyalarının alış-verişi ilə əlaqədar münasibətləri yaranıb. İlk öncə hər şey yaxşı olsa da, sonradan öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var. Türkiyədə keçirdiyi avtoqəza ilə əlaqədar olaraq səhhətində ciddi problemlər yaranıb. Başı müalicəsinə qarışıb, heç bir yerdən gəliri yoxdur. Ona görə də borcunu hissə-hissə qaytaracaq.
2. X5 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 398787 nömrəli girov biletinə əsasən Cavabdeh 1 ədəd 750 əyyarlı qızıldan, 20 qram çəkisi olan üzüyü girov qoymuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 14.000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük, 1 cüt 750 əyyar ağ qızıl sırğa və dövlət rüsumu kimi ödədiyi 150 manat pulun tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi bir yaxın rəfiqəsi vasitəsilə tanımışdır. Maddi vəziyyəti çətin olduğundan, cavabdeh ona məxsus qızıl əşyalarını satmaqda köməklik edəcəyini bildirmişdir. Əvəllər bir neçə dəfə bu işdə köməklik göstərmişdir. Lakin sonuncu dəfə ona olan etibarından sui-istifadə edərək, 14.000 manat məbləğində qızıl əşyalarını, 1 cüt 750 əyyar ağ qızıl sırğa, 1 ədəd 21 qramlıq italyan qızılı üzüyü satmış və satışdan əldə etdiyi pulu geri ödəməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək, qızılların satışından əldə etdiyi pulu qaytarmasını tələb etmiş, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirirək pulu verməkdən boyun qaçırmışdır. Sonuncu dəfə Türkiyəyə müalicəyə getmişdir. Ondan sonra iddiaçı ilə bütün əlaqəsini kəsmişdir. Belə olduğu halda iddiaçı çıxılmaz vəziyyətdə qalaraq hüquq mühafizə orqanına müraciət etmişdir. Polisdə iş araşdırılan zaman polis əməkdaşları Cavabdeh tapıb gətirib izahatını almışlar. Polisə verdiyi izahatında borcu olduğunu, qızıl sırğa və üzüyün onda olmasını etiraf etmiş və borclu olduğu pulu bir il müddətində qaytaracağını bildirmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3224/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı aışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur. Adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqinin Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosionalpsixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlətarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 206/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/897 nömrəli ekspert rəyinə əsasən mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmaları – Cavabdeh tərəfindən icra edilmişdir.
9. Məhkəmədə X3, X4 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid qismində dindirilmişlər.
10. Şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid ifadəsində bildirmişdir ki, izahatı o yazdırmışdır. Faizə xanımı əvvəl tanımamışdır. Borcla bağlı ərizə yazdıqdan sonra tanımışdır. Cavabdeh keçirdiyi avtoqəza nəticəsində şöbəyə gələ bilməmiş və bu səbəbdən onun izahatınının alınması üçün Leyla Şıxlinski adına xəstəxananın arxa qapısı ilə üzbəüz restoranın birinci mərtəbəsindən içəri daxil olan zaman sağ tərəfdə əyləşmişlər. İzahatını almış, imzanı özü çəkmişdir. Lakin izahatı Nümayəndə1 yazmışdır. Faizə xanımın ərizə il bağlı izahatı isə şöbədə olmuşdur. İzahatın alınma tarixini xatırlamır. Cavabdeh izahat verən zaman borcunun olduğunu etiraf edərək, bir ildən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir. Boyunbağını Yasamal ərazisində kiminlə görüşərək götürdüyünü bilmir. İddiaçı ilə cavabdeh arasında qızıl alışverişi olmuşdur. Cavabdeh izahat verərkən orada iş yoldaşı Amur Məmmədli, sürücü Fərid bəy, o və Nümayəndə1 olmuşdur. Həmin vaxt o, xidməti formada olmuşdur. Nümayəndə1lə olan söhbətin məzmununu xatlrlamır. İzahatdakı imza və Axundova sözü Cəmilə xanıma məxsusdur. İzahatın məzmununu Nümayəndə1 yazmışdır. Cəmilə xanım səhhəti ilə bağlı izahat yaza bilməyəcəyini bildirmişdir. Nümayəndə1 özünü Cəmilə xanımın yaxını kimi təqdim etmişdir.
11. Şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 18 yaşından rəfiqədirlər. Faizə xanımın sahibliyində olan paltar mağazasında birlikdə işləyiblər. Cavabdeh Faizə xanım mağazasına gəlib-gedirdi. Təxminən 9-10 ildir ki, cavabdehi tanıyır. Cavabdeh müştəri kimi gəlmişdi. Rusiyadan gəldiyini və qızıl işi ilə məşğul olduğunu bildirmişdir. Cəmiləni iddiaçı ilə o tanış etmişdir. Cəmiləni ilk öncə müştəri kimi tanımışdır. O və Faizə xanım qızıl biznesi ilə məşğul olmamışlar. Cəmilənin Faizəyə pul verməsini görmüşdür. Faizə xanım cavabdehə qızılı onların mağazasında verirdi. Hansı məbləğdə olmasını xatırlamır. Faizə Cəmiləyə sırğa, üzük və sepini taxmaq üçün vermişdi. Faizə xanım üzüyü mağazada verdi. Üzük 21 qram idi. Hadisə 2022-ci ilin mart və ya aprel ayında olmuşdur. Ağ qaşlı üzüyü Cəmiləyə taxmağa vermişdi. Təxminən 2-3 il əvvəl olardı. Həmin vaxt o, və işçilər də orada idi. Sırğa və üzüyü Cəmiləyə toya taxmaq üçün vermişdir. Qızılı satış və istifadə üçün verirdi. Daha sonra Cəmilənin telefonuna zəng çatmadı. Cavabdeh mağaza tərəfdə “Zoğal” restoranının arxasında kirayədə qalırdı. Cəmilə qızılı lombarda onun iştirakı olmadan qoymuşdu. X1 yanında yerləşirdi və Cəmilə ilə birlikdə gedib sepi lombarddan çıxarmışlar. Cəmilə xanımın pasportunun şəklini orada çəkmişdir. Lombarda iki və ya üç dəfə getmişdir. Üzük və sırğa lombardda qalmışdır. Daha sonra Cəmilə xanım Türkiyəyə getdi. Lombarddakı şəkilləri o, çəkmişdir. Cavabdeh Faizə xanıma qızıl alış-verişindən qalan borcu 14 min manat və toy zamanı müvəqqəti istifadə edilməsi üçün verdiyi qızıl üzük və bir cüt sırğa olmuşdur.
12. Şahid X4 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən Faizə xanımın yanında işləmişdir. 2 ildir ki, moda evində işləyir. Faizə xanım qadın paltarı satır, o, sahibkardır. Cəmiləni Çiçək xanım tanıyırdı. Cəmilə 2016-2017-ci il tarixdən gəlib-gedirdi. Cəmilənin ən çox Çiçəklə əlaqəsi olurdu. Cəmilə onların işlədiyi mağazadan paltar alırdı. Cəmilə 2016- 2017-ci il tarixlərdən mağazaya qızıl ilə gəlib-gedirdi. O, son vaxtlar Faizənin qızıllarını satırdı. Daha sonra isə Faizənin qızıllarını taxmaq adı ilə alırdı. Yanında qızıl alğı-satqısı olmuşdur. Cəmilə onlardan nisyə mal alırdı. Faizə Cəmilədən pulunu güclə alırdı. Cəmilənin Faizəyə borcu var. Lakin pulun miqdarını bilmir. Sep lombarddan götürüləndə orada iştirak etməmişdir. Üzük və sırğanı taxmaq üçün almışdı.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 206/2024 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.000 manat məbləğində pul və 1 ədəd 21 qramlıq italyan qızılı üzüyünün alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə ilk növbədə iddia ərizəsinin pul tələbi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 14.000 manat məbləğində pul tələb etsə də, həmin məbləğin həqiqətən də 14.000 manat olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə iş materiallarını araşdırmış, tərəflərin, şahidlərin ifadələrini almış və nəticədə həmin məbləğin 10.000 manat olması qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var. Beləliklə, cavabdeh iddiaçıya 10.000 manat borcunun olmasını etiraf etmişdir.
15. Ekspert rəyi ilə mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmalarının – Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
16. Məhkəmə iclaslarında dindirilmiş şahid ifadələrindən göründüyü kimi onlar ifadələrində 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün cavabdehə verildiyini gördüklərini təsdiq etmişlər. Lakin iddiaçıya olan borc pulla bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər.
17. İddiaçı Cavabdeh ona borclu olduğu 14.000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğanı tələb etsə də, iddiasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Lakin cavabdehin iddiaçıya 10.000 manat pulun borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad etmişdir. Lakin qalan 4.000 manat hissədə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi pul tələbinin yalnız 10.000 manat hissəsində təmin edilməlidir.
18. İddia tələbinin digər hissəsi, yəni 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğa tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu hissədə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin cavabdehin iddiaçıya 1 ədəd 21 qramlıq üzük borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı da sübut etmə vəzifəsindən azad etmişdir. Digər qızıla (1 cüt 750 əyyar ağ qızıl sırğa) münasibətdə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 442, 449.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 119.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim sübut kimi yalnız Cavabdeh guya Nərimanov RPİ-nin 18-ci PŞ-nə verdiyi izahatı əsas götürülmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı da aydın oldu ki, Cavabdeh əslində 18-ci PŞ-də olmamış, onun adından saxta yolla izahat hazırlanmış və imza edilmişdir. İzahatın mətninin guya Zamiq Hüseynov tərəfindən yazılması da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən Zamiq Hüseynovun alınmış sərbəst xətt nümunəsi məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardada əsasən Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş və həmin xəttin kimə məxsusluğu barədə rəy verə bilməmişdir. Lakin Cavabdeh məxsus iş materiallarındakı etibarnamədəki imza nümunəsi ilə həmin izahatdakı imza nümunəsi qarşılaşdırılaraq rəy verilmişdir ki, imza Cavabdeh məxsusdur. Bu hal özü-özlüyündə qərəz və marağın olmasının açıq-aşkar nümunəsidir. Bundan başqa, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı aışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur. Əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Bakı şəhəri Nərimanov Rayon Polisİdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid izahatı harada, hansı şəraitdə və kimdən almasını sübut edə bilməmişdir. Digər şahidlər X3 və X4 da dindiriləndə məhkəmə baxışı zamanı aydın oldu ki, İddiaçı yaxın adamları olmaqla iddiaçının təkidi ilə ifadə vermişdirlər. Ümumilikdə götürdükdə iddia ərizəsinin sübut olunması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə yalnız formal mülahizələrə əsasən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bütün bunlara əsasən, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, birinci instansiyada bu iş təxminən iki il məhkəmənin icraatında olmuşdur və məhkəmə tərəfindən kifayət qədər geniş araşdırılmışdır. Belə ki, iş üzrə təyin edilmiş xəttşünaslıq ekspertizasından əldə edilmiş rəyə əsasən brcun etirafına dair izahatın sonunda atılmış imza Cavabdeh məxsusdur. Baxmayaraq ki, Cavabdeh hər vəchlə ekspertiza idarəsinə getməkdən və xətt nümunələri təqdim etməkdən yayınmağa çalışmışdır və bununla belə işin içində olan və onun nümayəndəsi Nümayəndə1 verdiyi etibarnamədə atdığı imza ilə izahatın sonunda atdığı imza nümunəsi üst-üstə düşmüşdür. Bu da özlüyündə sübut edir ki, hər iki imza eyni şəxs yəni Cavabdeh tərəfindən icra edilib. Hətta məhkəmə prosesinə dəvət olunmuş ekspert Mətanət Mahmudova da iclasda iştirak edərək onun tərəfindən tərtib edilmiş müvafiq rəyi təsdiq etmişdir. Məhkəmə prosesinə şahid qismində cəlb edilmiş 18-ci polis bölməsinin sahə rəisi polis-serjantı Şahid bildirmişdir ki, borcun etirafına dair izahat cavabdeh tərəfindən götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh ağır avtomobil qəzası keçirdiyindən onun dediyi yerdə onunla görüşərək məlum izahatı götürmüşlər. Cəmilə xanım qonşusu və nümayəndəsi kimi təqdim etdiyi Nümayəndə1 ilə gəlmişdir və yazı yaza bilmədiyindən izahatın məzmununu onun yerinə Zamiq müəllim yazmış və xanım özü soyad yazaraq imza etmişdir. Cavabdeh tərəfin polis əməkdaşının bu cür izahatına şübhəsi var idisə, əksini sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin iş materiallarında da göründüyü kimi cavabdeh məhkəməyə bu izahatın əksini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində fonoskopik ekspertiza rəyi ilə də razılaşmayaraq bildirir ki, orada olan səs nümunələri İddiaçı aid deyil digər şəxsə məxsusdur. Rəy düzgün tərtib edilib. Belə ki, iddiaçı tərəfindən təqdim edilən səs yazılarından ibarət diskdə olan səslər yalnız Cavabdeh iddiaçıya atdığı səslərdir. O, materiallarda İddiaçı aid hər hansı bir səs yazısı mövcud deyil. Cavabdeh digər ekspertiza rəyinin verilməsində olduğu kimi bu dəfə də ekspertin vəsatətinə əməl etməkdən yayındı, səs nümunələri təqdim etmək üçün cəhd etmədi. İddiaçı tərəf olaraq dəfələrlə onun nümayəndəsi və vəkili ilə əlaqə saxlayıb səs nümunəsini təqdim etməsini xahiş etdilər. Lakin heç bir nəticə əldə olunmadı. İddiaçı özü ekspertin dəvətinə getmişdir və öz səs nümunələrini ekspertə təqdim etmişdir. O, səs nümunələrinin ona məxsus olmadığı, digər şəxsə yəni cavabdehə məxsusluğu aşkar olmuşdur. Məhkəmə prosesinə dəvət edilmiş, izahatları alınmış şahidlər Qəribova Çiçək və Məmmədova Gülnar cavabdehlə iddiaçının ortaq tanışlarıdır. Hətta onlardan X6 Cəmiləni iddiaçıya yaxşı insan kimi tanıtdıran, onları tanış edən insandır. Qəribova Çiçək iddiaçıdan çox cavabdehə yaxın bir insan olmuşdur. Çünki Cavabdeh tez-tez onların işlədiyi yerə gələr, söhbət edər, onlarla birlikdə xeyli vaxt keçirərdi. İddiaçı isə Axunodovanı bu şahid xanımların sayəsində tanıyıb və ara-sıra onu mağazada onların yanında görürmüş. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, bu apellyasiya şikayəti yalınız vaxt qazanmaq üçün atılmış bir addımdır, heç bir əsası yoxdur, ümumi sözlər əsasında tərtib edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/795 nömrəli ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5740,00 manat müəyyən edilmişdir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 1 ədəd 21 qram çəkisi olan 750 əyar italyan qızılı üzük – 1 qramı 140 manat olmaqla 2.940 manat, 1 ədəd 20 qram çəkisi olan 750 əyar italyan qızılı üzük isə 2.800 manat qiymətləndirilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə tanışdır və məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə edir. Cavabdeh iddiaçıya əvvəlcə bildirmişdir ki, məclisə gedərkən istifadə etmək üçün qızılları versin. Həmin ərəfədə iddiaçı evini təmir etdirirdi. Daha sonra isə iddiaçıya bildirmişdir ki, qızıllarla bağlı alıcı var və yaxşı məbləğ təklif edir. İddiaçı da yaxşı pul veriləcəyi təqdirdə razı olacağını bildirmişdir. Öz aralarında birbaşa alqı-satqı olmayıb, iddiaçı qızılları satmaq üçün vermişdir.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə telegram ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd olunanları təsdiq edən sübutlarını əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “1 ədəd italyan qızılı üzüyün qaytarılması” hissəsində dəyişdirilməlidir.
32. İddiaçının bildirdiklərindən və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını satış məqsədilə cavabdehə vermiş, cavabdeh onların bir qismini özgəninkiləşdirmiş, lakin bunun nəticəsində əldə edilmiş vəsaiti iddiaçıya ödəməmiş, həmçinin bir ədəd iddiaçıya məxsus qızıl üzüyü ona qaytarmamışdır.
33. Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatında iddiaçıdan aldığı qızılın pulunu verə bilmədiyini və hal-hazırda iddiaçıya 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu olduğunu bildirmişdir.
34. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-4/897 nömrəli ekspert rəyi ilə mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzaların və ”Aхундова” əlyazmalarının – Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş ekspert rəydə göstərilənləri təsdiq etmişdir.
35. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməli, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin 10.000 manat hissəsində təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh iddiaçının tapşırığını yerinə yetirdikdən sonra əldə olunan həmin məbləği ona ödəməmişdir.
37. İşdən həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus 1 ədəd qızıl üzüyü satmamış, onu iddiaçıya qaytarmaq əvəzinə lombardda girov qoymuşdur.
38. Kollegiya qeyd edir ki, işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 1 ədəd qızıl üzüyün çəkisinin 20 qram olması müəyyən edilsə də, birinci instansiya məhkəməsi yanlış olaraq 21 qram çəkisi olan qızıl üzüyün qaytarılması qənaətinə gəlmişdir.
39. Belə ki, işdə olan cavabdehin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Girov bileti”ndən görünür ki, sözügedən qızıl üzüyün çəkisi 20 qram qeyd edilmişdir. Şahid X3 da ifadəsində sözügedən üzüyün lombardda olduğunu təsdiq etmişdir. Həmçinin, cavabdeh tərəfindən polis orqanına verilmiş izahatda da 1 ədəd 20 qram qızıl üzük borclu olduğu göstərilmişdir.
40. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qızıl üzüyün qaytarılması ilə bağlı məsələ həll edilsə də, Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.
41. Belə ki, həmin maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.
42. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/795 nömrəli ekspert rəyinə əsasən, 1 ədəd 20 qram çəkisi olan 750 əyar italyan qızılı üzük - 1 qramı 140 manat olmaqla, 2.800 manat qiymətləndirilmişdir.
44. Kollegiya iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, 1 ədəd 20 qramlıq italyan qızılı üzük, üzüyün qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.800 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, izahatın cavabdeh tərəfindən imzalanmasını iş üzrə şahid qismində ifadə vermiş həmin izahatı alan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid da təsdiq etmiş, yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə də bu hal təsdiq olunmuşdur.
46. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli məhkəmə-fonoskopik ekspertizası üzrə rəydən müəyyən olunur ki, cavabdeh ekspertizada iştirak etməmiş, bu səbəbdən fonoqramdakı səsin və nitqin cavabdehə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydə göstərilən fonoqramların mətnlərinə əsasən müəyyən edilir ki, müraciət müəllifi iddiaçının adını çəkməklə ona müraciət edir və belə olan halda həmin səs və nitqin iddiaçıya məxsus olmaması aşkardır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-206/2024 nömrəli qətnaməsi “1 ədəd 21 qram italyan qızılı üzüyün qaytarılması” hissəsində dəyişdirilsin. 1 ədəd 20 qramlıq italyan qızılı üzük, üzüyün qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.800 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.