Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7854/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, X1 Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 170/2020 saylı qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 44988,32 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh iddiaçının xeyrinə 36454,18 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər sırasından çıxarılması və Cavabdeh iddiaçının xeyrinə 44988,32 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh İddiaçı xeyrinə 36454,18 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə şifahi vəsatət ünvanlayaraq təmsil etdiyi şəxsin Naxçıvan şəhərində qeydiyyatda olduğundan mülki işin aidiyyəti üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 170/2020 saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilməmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia qaldırılarkən cavabdeh olaraq həm o, həm də “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC göstərilmişdir. ASC cavabdeh olaraq göstərilsə də, iddia tələblərində həmin hüquqi şəxsə qarşı hər hansı tələb irəli sürülməmişdir. Bunun səbəbi isə işin Bakı şəhərində yerləşən məhkəmələrdə baxılmasıdır, çünki onun qeydiyyatı Naxçıvan şəhəridir. İddiaçı sonradan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin çıxarılmasına dair məhkəməyə ərizə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və Cavabdeh qismində cəlb etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin həcminin azaldılmasına dair ərizəyə əsasən ASC cavabdehlər sırasından çıxarılmışdır. ASC-nin hüquqi ünvanı ünvan 2 MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə vəsatətin təmin edilməməsi barədə nəticəyə gələrkən haqlı mövqedə olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərkən cavabdehlərdən biri olan hüquqi şəxsin hüquqi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət etməklə icraata qəbul edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi mülki işin baxılması üçün digər məhkəməyə göndərilməsi barədə Cavabdeh ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 170/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7854/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7854/2020
19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver