Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-786/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 29.000 manat pulun və ödədiyi 117 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh qismində qeyd etdiyi vasitəçi-makler Cavabdeh2 vasitəsi ilə ünvan 1 ünvanında yerləşən cavabdeh X2 məxsus olan 2 otaqlı mənzil ona 29.000 (iyirmi doqquz min) manata satılmışdır. Ev alındıqdan sonra evin daxilində və çardaq hissələrində, qaz və elektrik sahələrində təmir işləri aparmış, həmçinin evə mətbəx mebeli alıb quraşdırmışdır. Bütün kommunal xərcləri öz adına ödəmişdir. Lakin sonralar ona məlum olmuşdur ki, mənzil mübahisəlidir və həmin mənzilə Arif Əliyev iddia edir, ona məxsus olması ilə bağlı cavabdehə qarşı iddia qaldırmış və iş üzrə məhkəmə qətnamələri vardır. Cavabdeh1 çıxarışı olmayan, texniki pasportu olmayan, kommunal xidmət müqavilələri onun adına olan evi ona satmışdır. Bu səbəbdən də hesab edir ki, Cavabdeh1 29.000 (iyirmi doqquz min) manat pulu ona qaytarmalıdır. Cavabdeh1 ilə digər şəxs arasında evə dair məhkəmə mübahisələri olmuş və bununla bağlı məhkəmələr tərəfindən müvafiq qətnamələr qəbul edilmişdir (surətləri əlavə olunur). Cavabdeh1 həmin evi ona satmasını səs yazıları vasitəsilə təsdiq edir və bu xüsusatı o, inkar etmir. Sonradan həmin mənzili Yusifova İlkanəyə 38.000 manata satmışdır və bununla bağlı müvafiq sənədlər məhkəməyə tərəfindən təqdim edilir. Həmçinin İ.Yusifova tərəfindən ona qarşı Səbail Rayon Məhkəməsində pulun tutulması ilə bağlı iddia qaldırılmış və qətnamə qəbul edilmişdir (surəti əlavə olunur). Qeyd olunan qətnamədə evin cavabdeh S.İskəndərli tərəfindən ona satılması faktı təsdiq olunmuş və bununla bağlı müvafiq şahid ifadələri vardır. Səbail rayon Məhkəməsində iddiaçı Yusifova İlkanənin ona qarşı iddia tələbi ilə bağlı mülki işə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ifadəsində bildirmişdir ki, Arifi və Sədaqəti tanıyır. Arif evləri tikib satmaqla məşğul olur. Arif evi Sədaqətə, Sədaqət Röyala, Röyal da İlkanəyə satmışdır. O sadəcə vasitəçi olmuşdur (qətnamənin surəti əlavə olunur).
3. Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat pul və iddiaçı tərəfindən ödənilmiş 176.4 (bir yüz yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, o, sözü gedən evi Arif adlı şəxsdən 17000 manata almış, lakin onların saxta evlər tikib satdığından məlumatsız olmuş,o, rayondakı məhkəmə prosesində həmin evi 28800 manata Röyala satdığını bildirsə də, həmin mənzillə bağlı Arif adlı şəxs onu aldadadaraq mənzili onz 17000 manata satmış, o,həmin mənzilin təmirinə də 9000 manat pul xərcləmişdir. Arif adlı şəxs onu aldadaraq pulunu qaytarmaqdan imtina edir. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Amma məhkəmə bu halların heç birini araşdırmadan iddianı təmin etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq Arif Əliyevə verilməsi qərara alınmışdır.
10. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsi “cavabdehin ailə üzvlərinin evdən çıxarılması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Ali Məhkəmənin 2(102)-2070/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 (üçüncü şəx Cavabdeh2 Qəmbr oğlu) cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 38.000 manat tutulması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin bütünlüklə ləğv edilməsini xahiş etsə də, qətnaməni Cavabdeh1 apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq Arif Əliyevə verilməsi qərara alınmışdır.
18. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsi “cavabdehin ailə üzvlərinin evdən çıxarılması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Ali Məhkəmənin 2(102)-2070/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Eyni zamanda, Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 (üçüncü şəx Cavabdeh2 Qəmbr oğlu) cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 38.000 manat tutulması qərara alınmışdır.
21. İddiaçı hazırda qüvvədə olan həmin məhkəmə aktlarına əsasən, bildirir ki, qeyd edilən mənzil cavabdeh S.İskəndərli tərəfindən ona 29.000 manata satılmış, daha sonra o, mənzili İ.Yusifovaya satmışdır. Qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdeh S.İskəndərliyə qarşı iddiaçı A.Əliyevin iddiası təmin olunaraq, cavabdeh S.İskəndərlinin həmin evdən çıxarılması, evin iddiaçı A.Əliyevə təhvil verilməsi qərara alınmış, bunun nəticəsi olaraq həmin özbaşına tikilini satdığı iddiaçı İ.Yusifova ona qarşı pul tələbinə dair iddia qaldırmış və iddiası təmin edilmişdir. Həmin mənzil ona cavadeh S.İskəndərli tərəfindən satıldığından, həmin evə görə cavabdehə ödədiyi 29.000 manatın tutulmasına dair iddia irəli sürmüş, iddiası qismən təmin edilmişdir.
22. Mülki Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
23. İddiaçı evin alqı-satqısına dair müqavilə təqdim etməmişdir, mülki işin materiallarında da belə bir sübut yoxdur.
24. Bununla belə, mülki iş materiallarından məlum olur ki, Cavabdeh1 rayon məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia tələbini qismən etiraf edərək mübahisəli mənzili 28.800 manata cavabdehə satdığını, başqa sözlə, iddiaçıdan həmin məbləğdə pul vəsaitini aldığını bildirmişdir (i/v 62). Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
25. Göründüyü kimi iddiaçının tələbində göstərdiyi hallar istinad edilən normanın dispozitiv şərtlərinə uyğun olduğundan, həmçinin cavabdeh S.İskəndərli özbaşına tikilini iddiaçıya 28.800 manata satdığını etiraf etdiyindən, rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası cavabdeh S.İskəndərlinin apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar, yəni evi Arif adlı şəxsdən 17000 manata alması, daha sonra Arif adlı şəxsin onu aldadaraq pulunu qaytarmaqdan imtina etməsi, bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə qeyd edir ki, şikayətin həmin dəlilləri hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
28. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov