Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7861/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbnə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-503/2021 saylı iş üzrə qəbul etdiyi 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək itin alınması üçün ödənilmiş 2100 manatın, 500 manat itin müalicəsi üçün çəkilmiş xərcin, 50000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Pomerian shpicler” cinsi it almaq qərarına gəlmiş, “İnstaqram”da olan “baku_luxury_dogs” səhifəsini məsləhət görmüşlər. İstədiyi cins itlərin satışının olduğunu görmüş və həmin səhifə ilə əlaqə saxlamışdır. Ona 2-3 aylıq it şəkilləri göndərilmiş, 2 aylıq olan iti seçmişdir. İtin qiymətini 2100 manata razılaşmış və 18.06.2020-ci il tarixdə ödəniş edərək iti almışdır. İt gələn gündən çox zəif qidalanmış, əvvəlcə Cavid həkimin, daha sonra Tərlan həkimin, Əziz həkimin, daha sonra isə Lilya xanımın yanına aparmış, hamısı ona itin körpə olduğunu demişdirlər. Ona təqdim olunan sənəddə itin doğum tarixi 17.04.2020-ci il kimi qeyd olunsa da, həkimlər ən çoxu 45 günlük olduğunu demişdirlər. Hətta özlərində olan həmin cins 2 aylıq itin necə göründüyünü də göstərmişlər. Bütün həkimlər itin sənədinin saxta olduğunu, həmin itin Rusiya Federasiyasından gətirilmədiyini, itdə çipin olmadığını (Rusiya Federasiyasından gələn itlərdə çip olur) bildirmişlər. Tez-tez iti həkimə aparmalı olmuşdur. Hər gün sistem qoşulmuşdur. Bütün səylərinə baxmayaraq it 07.07.2020-ci il tarixdə tələf olmuşdur. Bütün olanlar barədə iti satan şəxsə daimi məlumat verilmişdir. Həkimlər hamısı bildirmişlər ki, bu cins itlərin ümumiyyətlə üç aydan tez satılması düzgün deyil. Belə ki, bu cins itlərin yeni doğulduqdan sonra üç ay ərzində xüsusi qulluğa və analarına ehtiyacı olur. Zərurət olduğu təqdirdə həmin həkimlərin mütəxəssis və ya şahid qismində məhkəmə iclasında iştirakları təmin edilə bilər. Cavabdeh aralarında olan razılaşmaya uyğun olmayan heyvan satmışdır. Qeyd olunanlara əsasən həm itin alınması üçün ödədiyi 2100 manat, həm də 20 gün müddətində itin müalicəsi üçün ödədiyi 500 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Mənəvi zərər gəldikdə isə qeyd edir ki, itin tələf olmasından dərin sarsıntı keçirmişdir. İti bağ evində basdırdığından uzun müddətdir ki, ora gedə bilmir. Həmin it cəmi 20 gün onda olmuş, həmin müddətdə dəfələrlə həkimə aparmaq məcburiyyətində qalmışdır. Bu zaman ərzində istər özü, istərsə də ailəsi çox ciddi narahatçılıq keçirmişdir. Maddi zərərə məruz qalması ilə bərabər, həmçinin mənəvi zərərə uğraması da aşkardır. Mənəvi ziyanı 50000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-503/2021 saylı iş üzrə qəbul etdiyi 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehin əməllərində cinayət tərkibi olduğundan cavabdeh barəsində xüsusi qərardad qəbul edilərək baxılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, həmçinin göstərmişdir ki, cavabdeh ona aralarında olan razılaşmaya uyğun olmayan mal satmışdır. Əgər ona satılan it deyildiyi kimi həqiqətən Rusiya Federasiyasından gətirilmiş olsaydı həmin itin ixracına 3 ayı tamam olmamış icazə verilməyəcəkdi. Həmçinin quduzluq əleyhinə peyvənd olunacaqdı və Azərbaycan Respublikasına idxal edilərkən gömrük nəzarətində baytar müayinəsindən keçiriləcəkdi. Bu isə xəstə itin ölkə ərazisinə idxalının qarşısını alacaqdı. Digər tərəfdən vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 27.01.2021-ci il tarixli 25/03-15-181 saylı məktubunda qeyd edilmişdir ki, fizioloji nöqteyi nəzərdən, it küçüklərinin 8-12 həftəlikdən (inkişafı nəzərə alınmaqla) tez anasından ayrılması tövsiyyə olunmur. Belə ki, ana südünün tərkibində müxtəlif infeksiyalardan balanı qoruyan, immun sisteminin formalaşmasında mühüm rol oynayan anticismlər və əvəz olunmayan amin turşularının olmasını qeyd etmək lazımdır. Praktikada rast gəlinən təcrübələrə əsasən göstərilən dövr ərzində anadan ayrılan küçüklərin süd əvəzediciləri ilə yemlənməsinə baxmayaraq, küçüklər inkişafdan geri qalır və xəstəliklərə daha həssas olurlar. Yəni iddiaçı it küçüklərinin satışını həyata keçirən bir şəxs kimi bu barədə məlumatlı olmalı və it küçüklərinin tələf olması bahasına belə bir hüquq pozuntusuna yol verməməli idi. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin belə bir fəaliyyətlə məşğul olması üçün nə lazımi bilik səviyyəsinə, nə də ki lazımi icazələrə malik olması barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, itin alınması üçün ödədiyi 2100 manatın, həmçinin itin sağaldılması üçün çəkdiyi 500 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mənəvi zərər gəldikdə isə qeyd edir ki, itin tələf olmasından dərin sarsıntı keçirmiş, bununla əlaqədar diskə baxış keçirilsə, həmin hal öz təsdiqini tapar. İti bağ evində basdırdığından uzun müddətdir ki, ora gedə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, kinoloqdur və 10 ildir ki, “Şpis” cinsli itlə məşğuldur. İtə baxanda artıq onun yaşını, sağlamlığını müəyyənləşdirə bilir. Veterinar klinikaları işləmədiyindən gecə saat 12:00-da iddiaçı tərəfindən ona zəng olunmuşdur. Az çəkili itlər 4-6 dəfə yemək yeməlidir. İt vaxtından tez anasından ayrılanda stress keçirdir, immuniteti düşür, şəkəri düşür və it qlyukoza komasına girir. Belə olanda təcili şəkildə itə qlyukoza vermək lazımdır. Bunu da təcrübəli bir insan bilə bilər. Lakin, yeni sahib bunu bilməyə bilər, bu da normaldır. Hesab edir ki, itə verilmiş sənədlər saxtadır. Belə ki, tərəfindən kinologiyaya sorğu verilmişdir və cavab gəlmişdir ki, belə bir it mövcud deyildir, itin atası, anası sənəddə qeyd olunmayıb. İtin AR daxil olması üçün onun 4 ayı olmalıdır, mikroçipi olmalıdır və vaksinasiya olunmalıdır. İt onun yanına gətirilərkən təxmini 400 qram, çox zəif olmuşdur. İtə “tserukal” iynəsini vurduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, sahibi iti onun yanına ölüm ayağında gətirmişdir. İti ondan əvvəl başqa bir həkim müalicə etdiyi üçün iti qəbul etmək istəməmişdir. Belə ki, hansı həkimin və necə müalicə etdiyini bilmir. Sonra Nicat ondan iti müayinə etməsini xahiş etmişdir. İti onun yanına gətirdikləri zaman temperaturu 32.8-33°C olmuşdur. İt nə yemək yeyirdi, nə də su içirdi. Sahibinin gözü qabağında o itə kömək etmiş və itin qızdırmasını suni qaldırmağa başlamışdır və it bundan sonra 5 gün daha yaşamışdır. İtin ölüm səbəbini tam dəqiq deyə bilməz. Bunun üçün itin cəsədi yarılmalı idi və səbəbi müəyyənləşdirilməli idi. Belə hesab edir ki, birinci növbədə düzgün dərman verilməmişdir, itin mədə-bağırsağı yandırılmışdır və qurd dərmanı verilmişdir. Həmin dərman ya düzgün seçilməmişdir, ya da dozası düzgün verilməmişdir. Ola bilsin ki, itin mədə-bağırsağının selikli qişası zədələnmiş və bu da qanaxma vermişdir. Ola bilsin ki, orda bağırsağın prematozu olub. Amma o yarılmadığına görə bunu dəqiq deyə bilməz. Hər bir dərmanın öz annotasiyası var. O annotasiya əsasında həkim dərmanın necə istifadə olunduğunu bilir. Bəzi dərmanlar var ki, sırf dəri altı vurulur. Əzələdən və damardan vurulan dərmanlar da var. Damardan və ya əzələdən vurulan dərmanı dəri altı vurulursa, bu əlbəttə ki düzgün müalicə deyil. İkincisi ali tibb təhsili və tibblə hec bir əlaqəsi olmayan insanın ixtiyarı yoxdur ki, heyvanlara və insanlara hansısa müalicə etsin, dərman vursun. Küçüklər 22-23 günündən artıq yeməyə öyrənməyə başlıyırlar və artıq 1,5- 2 aylıq olanda arıq analarından ayırmaq olar. Əgər itə düzgün yemək, qida verilirsə və o düzgün saxlanılırsa, onun həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur. Şpitz cinsini 1 ay 10 günlük olanda anadan ayırmaq olar. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X1 prezidentidir. Eyni zamanda həkimdir. Beynəlxalq yarışlarda da hakimdir. Təşkilatın məqsədi “hobby breeder”-dir və kommersiya məqsədi yoxdur. Ringer məhlulu normalda damara vurulmur. X3 Birliyinin və başqa təşkilatların protokolları var və orda deyilir ki, əgər ringer məhlulu damara vurula bilmirsə, müəyyən dozada dəri altına vurula bilər. Ola bilsin itdə parvovirus olub. Bu virusun yoluxuculuq qabiliyyəti çox yüksəkdir və onun hissəcikləri çöl şəraitində 1 ildən çox isti- soyuqda tab gətirə bilirlər. Müəyyən səbəblərə görə təşkilat küçükləri 45 gündən tez aktlaşdırmır. Deməli küçüklərə 2 aylıqdan tez yetişdirici verilməsinin əleyhinədir və məsləhət görmür. Çünki o həm itlərin fizik inkişafına mane ola bilər, həm də onlara mənəvi və psixoloji ziyan vura bilər. İtlərin iki aylıqdan tez satılmasını qadağan edən heç bir rəsmi qanun yoxdur. Satıcının təqdim etdiyi sənəd də saxtadır. Nicatın instagram səhifəsini izləyir. Belə şəxslərdən alınan itlər cins itlər kimi alınır və bu itlərdə olan hər hansı qüsur bu işi profesional və beynəlxalq standartlara uyğun aparan yetişdiricilərə şamil olunur və bu da işgüzar nüfuza xələl gətirir. Cavabdeh instagram səhifəsində bütün sənədlərinin olduğunu deyir (çip və.s.). Yəni ki alıcıların məlumatsızığından istifadə edir. Tam əminliklə deyə bilər ki, bu sənəd adicə bir kağız parçasıdır. Şəcərənin mahiyyəti mənşə sertifikatıdır. Şəcərə müəyyən edir ki, bu itin anası kimdir, atası kimdir və necədi. İti xaricdən gətirmək üçün iki yol var. Onlar nə ekzotik, nə də kənd təsərrüfatı heyvanı deyillər. Şəxs xaricdən iti öz heyvanı kimi gətirə bilər. Bu halda baytarlıq pasportu olmalıdı, amma gömrük xidməti şəcərə tələb etmir. O baytarlıq pasportunda göstərilmiş yaşa uyğun peyvəndlərin və quduzluq peyvəndinin vurulduğu göstərilməlidir. Quduzluq peyvəndi 3 aydan tez vurula bilməz və sonra 28 gün karantin olur. Bunlar beynəlxalq qaydalardır. Epizootik Büronun qaydalarıdır. Əgər satmaq üçün gətirilirsə idxal bəyannaməsi ilə gətirilməlidir və rüsum ödənilməlidir. Və bu halda Baytarlıq xidməti ona xüsusi icazə sertifikatı verməlidir. 2 aylıq küçüyün rəsmi qaydada gətirilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən İddiaçı bahalı “Pomerian shpicler” cinsindən olan it almaq qərarına gəlməsini, bu məqsədlə müvafiq araşdırma aparmasını, daha sonra “İnstaqram”da Cavabdeh məxsus olan “baku_luxury_dogs” səhifəsi ilə əlaqə saxlayaraq 2 aylıq olan it küçüyünü seçməsini, qiymətini 2100 manata razılaşmaqla və 18.06.2020-ci il tarixdə almasını, lakin, canlı orqanizm olan it küçüyünün xəstələnməsini, cavabdehin tövsiyə etdiyi həkimə deyil, başqa həkimlərə müraciət etməsini nəzərə alıb, tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona xəstə heyvan satmasını, bu səbəbdən də maddi və mənəvi zərərə məruz qaldığını iddia etsə də, iddia tələblərini əsaslandırmamış, ümumi mülahizələrlə kifayətlənmiş, iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə kollegiyası iddianın rədd edilən - cavabdeh tərəfindən itin alınması üçün ödənilmiş pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, aralarında aparılmış müvafiq danışıqlardan sonra, qarşılıqlı razılaşma əsasında Cavabdeh 17.06.2020-ci il tarixdə “Pomerian shpicler” cinsindən olan 2 aylıq it küçüyünü 2100 manata İddiaçı satmışdır. “Pomerian shpicler” cinsindən olan it küçüyü müxtəlif həkimlər tərəfindən müalicə olunmasına baxmayaraq, 07.07.2020-ci il tarixində ölmüşdür. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən satılmış heyvanın iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olub-olmaması müəyyən edilməlidir. Cavabdeh iddiaçıya 2100 manat dəyərində “Pomerian shpicler” cinsindən olan it küçüyünü satılmasını bildirir. Lakin tərəflər arasında olan razılıq ondan ibarət olmuşdur ki, həmin cins it məhz Rusiya Federasiyasından gəlməli idi. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin 1000-170/170-22/222686 nömrəli, 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında 17.04.2020-ci il tarixdə doğulmuş “Pomerian Shpicler” cinsli, Larçi adlı, krem rəngli itin idxalı haqqında məlumat yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında qeyd olunan it cinsinin idxalı barədə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı şahid ifadələrindən görünür ki, itin Azərbaycan Respublikasına daxil olması üçün onun 4 ayı olmalıdır, mikroçipi olmalıdır və vaksinasiya olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəflər arasında olan razılaşmanı pozaraq iddiaçıya, razılığa uyğun olaraq cins iti satmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Digər tərəfdən iş materiallarında olan tərəflər arasında olan yazışmalardan görünür ki, iddiaçı tərəfindən “Pomerian Shpicler” cinsli it alındığı gündən xəstə olmuşdur. Göründüyü kimi İddiaçı Cavabdehlə 2100 manat dəyərində “Pomerian Shpicler” cinsli itin satılması barədə razılığa gəlmiş, iddiaçı tərəfindən qeyd olunan məbləğdə vəsait cavabdehə verilmiş, lakin cavabdeh tərəflər arasında olan razılığa əsasən “Pomerian Shpicler” cinsli itin Rusiya Federasiyasından gətirilməsi təmin etməyərək, razılığı pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 2100 manat məbləğində vəsaitin tutulması hissəsində əsaslı olmuşdur, birinci instansiya məhkəməsi isə işin qeyd olunan faktiki hallarına düzgün qiymət verməyərək, iddia tələbini qeyd olunan hissədə rədd etməklə ümumi mülahizələrlə kifayətlənmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla belə kollegiya iddia tələbinin qalan hissələrdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı 20 gün müddətində itin müalicəsi üçün ödədiyi 500 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də müalicə üçün 500 manatın xərclənməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Kollegiya iddiacının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən kollegiya hesab edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmadığından həmin hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh itin alınması üçün ödənilmiş 2100 manatın iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2100 manat məbləğində itin alınması üçün ödənilmiş vəsait tutulmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-503/2021 saylı iş üzrə qəbul etdiyi 05 mart 2021-ci il tarixli qətnaməsi “Cavabdeh itin alınması üçün ödənilmiş 2100 manatın iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qeyd edilən hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2100 (iki min bir yüz) manat məbləğində pul tutulsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə dair dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7861/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7861/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver