Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7862/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)-4745/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan **-BT-*** nömrəli “MERSEDES BENZ GLC-300" markalı və **-ON-*** nömrəli “PORCHE Cayenne Turbo” markalı avtomobillərə cavabdeh tərəfindən tərtib edilmiş, hər bir protokol üzrə 20 manat cərimə və 12 manat dəbbə pulu təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli, BNA1967354 saylı, xx.xx.2022-ci il tarixli, BNA2022849 saylı, xx.xx.2022-ci il tarixli, BNA2111315 saylı, xx.xx.2022-ci il tarixli, BNA2186684 saylı, xx.xx.2022-ci il tarixli, BNA2216938 saylı, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-cı il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA1197264 saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoların və onlar əsasında təyin edilmiş inzibati cərimələrin və dəbbə pullarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)- 4745/2022 saylı qərardadı ilə iddia ərizəsini qəbulundan imtina edilmişdir. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(006)- 4745/2022 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Hazırkı iddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, iddiaçının tələbi inzibati xətadan irəli gələn hüquq münasibəti ilə bağlıdır və həmin tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalı olduğundan, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçı özü də şikayətdə inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verilməsinin mümkünlüyünü göstərmiş, lakin nəzərə almamışdır ki, həmin qərarın mübahisələndirilməsi mülki məhkəmə icraatı qaydasında iddia verməklə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri çərçivəsində mümkündür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)-4745/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)- 4745/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7862/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7862/2022
06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver