Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7869/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat maddi zərərin, torpaq üçün ödədiyi 12.000 manat pulun və mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 14.07.2009-cu il tarixli 2793 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə 2 sot torpaq sahəsi ona satılmışdır. Maddi imikanı olmadığından həmin ərazidə ev tikə bilməsə də, ev üçün bünövrə tökmüş və ətrafını çəpərləmişdir. Maddi imkanı olduğu zaman orada ev tikmək üçün getdikdə neft şirkətinin işçiləri tərəfindən torpaq sahəsinin zəbt edildiyini görmüşdür. Məlum olmuşdur ki, Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət həddini aşaraq ona neft qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş dövlət torpaqlarından torpaq sahəsi satmış və qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona maddi və mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-1530/20) iddia qismən təmin edilərək vurulmuş maddi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manatın və mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manatın, cəmi 5000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Binəqədi qəsəbə bələdiyyəsi apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinin qanunsuz hərəkəti (qərarı) nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Tələbin əsasını Binəqədi qəsəbə bələdiyyəsinin səlahiyyət həddini aşaraq dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verməklə fərdi yaşayış evinin tikintisi üçün ona 200 kvm torpaq sahəsi satması və qeyd olunan halın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapması təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin başqa bir iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılma tələbi rədd edilmiş və qətnamə ilə iddiaçıya tərpaq sahəsi ayrılması barədə bələdiyyə qərarının hüquqi qüvvəsinin olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçının tələbi məhz Bələdiyyənin 200 kvm torpaq sahəsinin ayrılmasına dair 14 iyul 2009-cu il tarixli qərarı əsasında ona dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir və bu tələb Binəqədi qəsəbə bələdiyyəsinə qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi bələdiyyələr inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddianın əsasını inzibati orqanın (bələdiyyənin) qanunsuz qərarı (inzibati aktı) nəticəsində vurulmuş ziyanın ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2020-ci tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7869/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7869/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver