Məhkəmə qərarları › İş №2(103)-788/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-788/2022

08.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-788/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cəlləddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(007)-77/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli sərəncamına əsasən “AMAY” istehsalat-kommersiya firmasına (halhazırda A.M.A.Y” Açıq Səhmdar Cəmiyyəti) Bakı şəhəri Nizami rayonu Babək prospektindəki 2269-cu məhəllədə (hazırkı ünvanı ünvan 2 emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Buna müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti planlaşdırma idarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən qeyd olunan torpaq sahəsində təyinatı üzrə istehsalat sexi və 5 mərtəbəli qeyri-yaşayış sahəsi inşa edilmişdir. Lakin bu günlərdə onlara məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisi və orada yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olmasına dair çıxarış və texniki pasport almışdır. Halbuki həmin əmlakın sahibi olan "xxxx" ASC tərəfindən bununla bağlı cavabdehə razılıq və ya etibarnamə verilməmişdir. Cavabdeh qeyd olunan sənədləşməni həyata keçirdiyi zaman "xxxx" ASC-nin təsisçisi və direktoru ölkə ərazisində olmamışdır. Yuxarıda adı çəkilən müqavilə və möhürlər saxtalaşdırılaraq etibarsız əqdlər bağlandığından hesab edir ki, MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılmalı və qeyd olunan cinayət faktı barədə prokurora xəbər verilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı 02 dekabr 2016-cı il tarixli çıxarış və eyni tarixli **********56-06301 reyestr nömrəli texniki pasport etibarsız hesab edilməli, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi ev 47F ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binası və həmin əmlakın yerləşdiyi torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq "xxxx" ASC-yə təhvil verilməli, həmin qeyriyaşayış binasının və əmlakın yerləşdiyi torpaq sahəsinin qanunsuz rəsmiləşdirilməsinə dair cinayət faktı ilə əlaqədar xüsusi qərardad çıxarılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(007)-77/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisə kifayət qədər araşdırılmamış, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli 378 saylı sərəncamında torpaq sahəsinin iddiaçıya tikinti-layihələndirmə işləri üçün istifadə məqsədi ilə ayrıldığı qeyd edilsə də, iddiaçı torpaq sahəsində hər hansı bir iş görməmişdir. İddiaçının istinad etdiyi inşaat pasportunun 14-cü bəndində qeyd edilmişdir ki, memarlıq və planlaşdırma göstərişləri iki il müddətinə etibarlıdır, 15-ci maddədə isə 2 il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən ayrılmış torpaq sahəsinin geri alınması göstərilmişdir. Bundan əlavə, 2001-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən kənd təsərrüfatı istehsaslı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilir. Beləliklə, iddiaçı "xxxx" ASC həmin torpaq sahəsindən 2 il ərzində təyinatı üzrə istifadə etmədiyindən, onun bütün hüquqlarına xitam verilmiş və hazırkı iddianı qaldırmağa onun subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(007)-77/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli 378 saylı sərəncamına əsasən “AMAY” istehsalat-kommersiya firmasına (hal-hazırda A.M.A.Y” Açıq Səhmdar Cəmiyyəti) Bakı şəhəri Babək prospektindəki 2269cu məhəllədə (hazırkı ünvanı ünvan 2 emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin məqsədlə iddiaçıya müvafiq inşaat pasportu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışdan və həmin tarixli **********56- 06301 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi ev 47F ünvandakı istifadədə olan 0,0441 ha torpaq sahəsində yerləşən 1917,7 kv.m sahəsi olan qeyri-yaşayış binası 02 dekabr 2016-cı il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli sərəncamına əsasən "xxxx" istehsalat-kommersiya firmasına Bakı şəhəri Nizami rayonu Babək prospektindəki 2269-cu məhəllədə kərpic və ağac emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmasına dair məlumat qeyd olunsa da, həmin sərəncamda nə qədər torpaq sahəsinin ayrılması qeyd olunmamışdır. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ayrıc aktı və ya torpaq bölgü sxemi qoşma olaraq göstərilməmişdir. Mülki iş materiallarının 14-cü səhifəsində olan və heç bir səlahiyyətli orqan tərəfindən təsdiq olunmamış ayrıc aktı mübahisə predmeti olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. (müqayisəli sxem əlavə olunur) Mülki iş materiallarında olan və heç bir səlahiyyətli orqan tərəfindən təsdiq olunmamış ayrıc aktı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquq subyekti Cavabdeh adına tərtib olunmuş **********56-06301 reyestr nömrəli texniki pasportda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin hüdudları daxilində yerləşir. Apellyasiya icraatı zamanı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilən sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi ev 47F ünvanda istifadədə olan 0,0441 ha torpaq sahəsində yerləşən 1917,7 kv.m qeyri-yaşayış binası 02 dekabr 2016-cı il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən, sahəsi 1917,7 kv.m olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında 05 oktyabr 2005-ci il tarixdən Cavabdeh tam mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2-1(82)- 2798/2016 saylı qərarına əsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmuş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçı Cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi ev 47F ünvandakı istifadədə olan 0,0441 ha torpaq sahəsində yerləşən 1917,7 kv.m sahəsi olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında 05 oktyabr 2005-ci il tarixdən Cavabdeh tam mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2-1(82)-2798/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçı Cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İşdən görünür ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi ev 47F ünvandakı istifadədə olan 0,0441 ha torpaq sahəsində yerləşən 1917,7 kv.m sahəsi olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olmasına dair hal-hazırda qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı "xxxx" ASC Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 1996-cı il tarixli 378 saylı sərəncamının çıxarılmasından 23 il sonra hazırkı iddianı qaldırmış, həmin qeyriyaşayış sahəsinə dair nə 05 oktyabr 2005-ci il tarixli 644 saylı Qeydiyyat vəsiqəsini, nə də daşınmaz əmlak üzərində Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2- 1(82)-2798/2016 saylı qərarını mübahisələndirməmişdir. Bundan əlavə, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin və onun altında yerləşən torpaq sahəsinin ona məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(007)-77/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar