Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7884/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Sövhəddin Çəltikovun iştirakı ilə, iddiaçı Çəltikov Sövhəddin Əsəd oğlunun Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakın açıq hərrac vasitəsilə satılaraq əldə olunacaq pul vəsaitinin paylara uyğun bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Sövhəddin Çəltikov tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin ümumi paylı mülkiyyətində olan 2 daşınmaz əşya - Nərimanov rayonu, Daş Karxanası, 91 nömrəli fərdi yaşayış evinin “B” tikilisi və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0,10 ha torpaq sahəsi açıq hərracda satılsın və satışdan əldə olunan pul paylara uyğun bölüşdürülsün. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin daşınmaz əşyalarda tərəflərin hər birinin payı ½ hissə təşkil edir. Hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin normada ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 220.3- 220.4-cü maddələrdə nəzərdə tutulmuş qaydalar isə 1-ci və 2-ci qaydalardır. Müəyyən olunur ki, iddiaçı 1-ci və 2-ci qaydanın tətbiqini tələb etmədən məhkəməyə müraciət edərək 3-cü qaydanın tətbiqini tələb edib. Odur ki, 3-cü qaydanın tətbiqi barədə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi məhz buna görə iddianı rədd edib, bu, düzgün nəticədir. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7884/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7884/2020
06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver