Məhkəmə qərarları › İş №2(103)-789/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-789/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-789/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh4, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə brilyant daş ilə bağlıldır. Brilyanta dair xx.xx.2019-cu ildə iddiaçı (alıcı) ilə Sevinc Rəsulova (satıcı) arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanıb və o, 20.000 manata alqı-satqı edilib. Sevinc Rəsulova xx.xx.2021-ci ildə ölüb, onun hüquq varisi (övladı) Cavabdeh4dır. İddiaçı zərgərlik fəaliyyəti ilə məşğuldur. O, bildirir ki, həmin əşya xx.xx.2019-cu ildə, saat 21 radələrində fəaliyyət göstərdiyi zərgərlik mağazasında (Yasamal rayonu, ünvan 1 ünvanında) ona brilyant adı ilə satılıb. Növbəti gün – xx.xx.2019-cu ildə müəyyən edib əşya brilyant deyil, şüşədir. Belə ki, əşyanı alanda (saat 21 radələrində) sutkanın qaranlıq vaxtı olub, növbəti gün səhər (saat 10 radələrində) günəş işığında əşyaya baxdıqda onun brilyant olmadığını bilib. Bundan dərhal sonra polisə şikayət edib, əşyanı polisə təqdim edib, eksertiza keçirilib və ekspert rəyi ilə müəyyən edilib ki, brilyant adı ilə ona satılmış əşya şüşədir. İddiaçının nəzərdə tutduğu ekspert rəyi iş materiallarına əlavə edilib. Ekspertizanı Yasamal RPİ İstintaq Şöbəsinin müstəntiqi təyin edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/5077-9/8145 nömrəli rəyinə görə, tədqiqata təqdim edilmiş 1 ədəd zavod qablaşdırma formasında, üzərində “HRD X1” yazısı olan plastik qablaşdırmada qaş qiymətli qaşlara aid deyil, çəkisi 0,84 qramdır, şüşədir, orta bazar qiyməti təxminən 10 manatdır. İddia ərizəsində 5 cavabdeh göstərilib. 1-ci Cavabdeh4 və 2-ci Cavabdeh5 ata-övladdır. 1-ci cavabdeh brilyantı satan şəxsin (Sevinc Rəsulovanın) övladı və hüquq varisidir, 2-ci cavabdeh isə brilyantı satan şəxsin əridir. 3-cü Cavabdeh1 zərgər, 4-cü Cavabdeh2 və 5-ci Cavabdeh3 hər ikisi rəssamdır. Onların hər üçü satıcı ilə alıcının əlaqələndirilməsində iştirak ediblər. Belə ki, satıcı Sevinc Rəsulova ilə 5-ci Cavabdeh3 əvvəlcədən tanışlıq münasibəti olmuş və o, alıcı tapmaqda kömək etməsi üçün Cavabdeh3 müraciət etmişdir. Cavabdeh3 ilə 4-cü Cavabdeh2 əvvəlcədən tanışlıq münasibəti olmuş və o, alıcı tapmaqda kömək etməsi üçün Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 ilə 3-cü Cavabdeh1 əvvəlcədən tanışlıq münasibəti olmuş və o, alıcı tapmaqda kömək etməsi üçün Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 ilə iddiaçının əvvəlcədən tanışlıq münasibəti olmuş və o, əşyanı alması üçün iddiaçıya müraciət etmişdir. Bundan sonra - xx.xx.2019-cu ildə, saat 21 radələrində 4 nəfər (satıcı, 3-cü, 4-cü və 5-ci cavabdehlər) birlikdə iddiaçının zərgərlik mağazasına gəlmişlər. Orada alıcı (iddiaçı) ilə satıcı Sevinc Rəslovanın arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, alıcı satıcıdan həmin əşyanı 20.000 manata almış və pul nağd şəkildə satıcıya ödənilmişdir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 30.000 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat, cəmi 21.000 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh4 alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh4, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı oluğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İddianın digər cavadehlərə qarşı olan hissəsi rədd edilmiş, iddiaçı qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mövqeyi belə olmuşdur ki, iddianın onlara qarşı olan hissəsi əsassızdır. Qətnamənin yoxlanılması: Yuxarıda qeyd olunduğu kimi xx.xx.2019-cu ildə iddiaçı (alıcı) ilə Sevinc Rəsulova (satıcı) arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən satıcı öhdəlik götürüb ki, 3,04 karat brilyant daşı iddiaçının mülkiyyətinə verəcək, alıcı isə üzərinə öhdəlik götürüb ki, brilyant daşı qəbul edib əvəzində 20.000 manat ödəyəcək. Hər iki tərəf öz öhdəliyini müqavilənin bağlandığı gün icra edib. Öhdəliklər icra olunduqdan 1 gün sonra – xx.xx.2019-cu ildə alıcı bildirib ki, satıсı öz öhdəliyini icra etməyib, yəni alıcıya brilyant deyil, şüşə verib. Satıcının hüquq varisi – övladı Cavabdeh4 isə buna etiraz edib və bildirib ki, satıcı alıcıya brilyant verib, alıcı brilyantı əldə etdikdən sonra dəyişib, ekspertə şüşə təqdim olunub. Bu mübahisəyə Mülki Məcəllənin 529.2-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Kreditor (iddiaçı) əşyanın onun mülkiyyətinə verilməsini öhdəliyin icrası kimi, yəni brilyantın verilməsi kimi qəbul edib. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsindən görünür ki, əşyanı alıcının mülkiyyətinə vermək satıcının öhdəliyidir. Əşya brilyant kimi qəbul edildikdən sonra onun brilyant olmadığını sübut etmə yükü alıcının (iddiaçının) üzərinə düşür. Lakin alıcı bunu sübut də bilmir. Ona görə də hesab olunur ki, satıcı öz öhdəliyini icra edib, yəni alıcıya brilyant verib. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci: Əşya alıcıya (iddiaçıya) vakuum qablaşdırmada verilib. Belə ki, satıcının hüquq varisi (Cavabdeh4) əşyanın alıcıya vakuum qablaşdırmada verildiyini bildirib. Alıcı (iddiaçı) da əşyanın vakuum qablaşdırmada ona verildiyini təsdiq edib. Vakuum qablaşdırma zamanı hava əşyadan kənarlaşdırılır və o, germetik üsulla bağlanır. Lakin əşya ekspertə təqdim edilərkən vakuumda olmayıb, yəni daha öncə vakuumdan çıxarılıb. Ekspert rəyini vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Sənubər Əliyeva apellyasiya icraatı zamanı dindirilərkən bildirmişdir ki, əşya ona təqdim edilərkən vakuumda olmayıb. Əşya qabı ilə birlikdə ona təqdim olunub, qabın xüsusiyyətinə görə əşya əvvəlcə vakuumda olub. Əgər əşya ekspertə təqdim edilərkən vakuumda olsayıdı, qaydalara görə ekspertiza təyin edən orqanın razılığı olmadan ekspert onu vakuumdan çıxara bilməzdi. Belə halda ekspert əşyanın vakuumdan çıxarılmasına icazə verilməsi üçün ekspertizanı təyin edən orqana müraciət etməlidir. Əgər həmin orqan əşyanın vakuumdan çıxarılmasına icazə verməzsə, belə halda ekspertiza keçirilmir və əşya geri qaytarılır. Lakin ekspertə təqdim edilən əşya vakuumda olmayıb. Göründüyü kimi, əşya alıcıya (iddiaçıya) təhvil verildikdən sonra vakuumdan çıxarılıb. Əşya alıcıya təhvil verildikdən sonra o, əşyanı polisə, polis isə ekspertə təqdim edib. Əgər əşya alıcı (iddiaçı) tərəfindən deyil, başqası tərəfindən vakuumdan çıxarılıbsa, bunu alıcı sübut etməlidir. Lakin alıcı bu barədə sübut təqdim etməyib və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmayıb. Ümumiyyətlə, alıcı əşyanın konkret hər hansı şəxs tərəfindən vakuumdan çıxarıldığını iddia etməyib və onun şahid qismində dindirilməsi barədə vəsatət verməyib. Ona görə də hesab olunur ki, əşya alıcının (iddiaçının) özü tərəfindən vakuumdan çıxarılıb. O cümlədən nəzərə alınmalıdır ki, alıcı (iddiaçı) zərgərdir, zərgərlər isə qiymətli daşların vakuumdan çıxarılmasının hansı nəticələr doğurduğunu bilir. Belə halda qiymətli daş həm dəyərdən düşür, həm də onun dəyişdirilməsi (qabına başqa əşya yerləşdirilməsi) imkanı yaranır. Əgər alıcı (iddiaçı) zərgər olmasayıdı, belə mülahizə irəli sürülə bilərdi ki, o, vakuumda olan qiymətli daşların belə xüsusiyyətini bilmir. Ona görə də alıcı (iddiaçı) satıcı tərəfindən ona vakuum qablaşdırmada təhvil verilmiş qiymətli daşı başqa şəxsə (polis əməkdaşına və s.) təhvil verdikdə, daşın həmin ana olan vəziyyətinin (vakuumda olub-olmadığının) aktlaşdırılmasını və aktın bir nüsxəsinin ona verilməsini tələb etməli idi. Lakin alıcının (iddiaçının) izahatından görünür ki, belə akt tərtib olunmayıb, ümumiyyətlə o, qiymətli daşı təhvil verdiyi polis əməkdaşının adını və vəzifəsini bilmir. Müqayisə üçün qeyd olunmalıdır ki, alıcı (iddiaçı) xx.xx.2019-cu ildə əşyanı satıcıdan təhvil alarkən satıcıdan əlyazma formasında belə məzmunda qəbz alıb: “Öz malımdır, oğurluq deyil”. Lakin növbəti gün alıcı əşyanı başqa şəxsə təhvil verərkən ondan heç bir sənəd (qəbz, akt və s.) almayıb. Halbuki, həmin zaman sənədləşmə xüsusilə əhəmiyyətli idi, çünki alıcı əşyanın brilyant olmadığını iddia edirdi və bu əşyaya görə satıcıya artıq 20.000 manat ödəmişdi. Bundan başqa, apellyasiya icraatı zamanı məhkəmə Yasamal RPİ-nin İstintaq Şöbəsinə yazılı müraciət edərək həmin əşyanın məhkəməyə təqdim edilməsini tələb etmişdir. Lakin əşya məhkəməyə təqdim edilməmiş, məhkəmənin müraciətinə isə cavab verilməmişdir. Apellyasiya icraatı zamanı iddiaçı bildirmişdir ki, məhkəmənin Yasamal RPİnin İstintaq Şöbəsinə yazılı müraciətindən sonra özü də həmin Şöbəyə şifahi müraciət edərək ora təhvil verdiyi əşyanın qaytarılmasını xahiş etmiş, lakin ona bildirmişlər ki, əşyanı tapa bilmirlər. Göründüyü kimi, iddiaçı əşyaya görə ödədiyi pulu geri tələb edir, lakin əşyanın özünü nə məhkəməyə, nə də əks tərəfə təqdim edə bilmir. Qiymətli daş vakuumdan çıxarıldıqdan sonra onun dəyişdirilməsi, yəni onun qabına başqa əşya (məs., brliyanta bənzər şüşə) qoyulması mümkündür. Xüsusilə zərgərlik fəaliyyəti ilə məşğul olan şəxslərdə qiymətli daşlara bənzər şüşə olur, alıcı (iddiaçı) isə zərgərdir. Ona görə də məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən əşya (şüşə) satıcının alıcıya təhvil verdiyi əşya sayıla bilməz, satıcı öz öhdəliyini icra edib, yəni alıcıya brilyant verib. İkinci: Alcının (iddiaçının) özünün verdiyi məlumata görə 27 ildir zərgərlik fəaliyyəti ilə məşğuldur. Bu qədər təcrübəsi olan zərgərin dəyəri 10 manat olan şüşəni dəyəri 20.000 manatdan çox olan, 3,04 kart brilyantdan ayıra bilməməsi ağlabatan deyil. Ekspert rəyi vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Sənubər Əliyeva apellyasiya icraatı zamanı dindirilərkən bildirmişdir ki, təcrübəli zərgərlər xüsusi müayinə alətlərindən istifadə etmədən də şüşəni brilyantdan ayıra bilirlər. İddiaçının özünün izahatından görünür ki, əşyanı qəbul etməmişdən əvvəl onun həqiqliyini xüsusi müayinə alətləri ilə yoxlayıb, onun bazar dəyərini təxminən 25.000- 28.000 manat civarında qiymətləndirib, bundan sonra 20.000 manat ödəyib. İddiaçının 20.000 manat ödəməsi faktı onu təsdiq edir ki, o, əşyanın həqiqi brilyant olduğu qənaətinə gəlib. İddiaçı bildirir ki, növbəti gün – xx.xx.2019-cu il tarixdə müəyyən edib əşya brilyant deyil, şüşədir. Belə ki, əşyanı alanda (saat 21 radələrində) sutkanın qaranlıq vaxtı olub, növbəti gün səhər (saat 10 radələrində) günəş işığında əşyaya baxdıqda onun brilyant olmadığını bilib. Məhkəmə qeyd edir ki, iddiaçını əşyanı məhz sutkanın qaranlıq vaxtında almağa məcbur edən hal olmayıb. Əgər sutkanın qaranlıq vaxtı əşyanın həqiqi brilyant olduğunu müəyyən etməyə imkan vermirdirsə, belə halda o, əşyanın müayinəsini sutkanın işıqlı vaxtı həyata keçirə, bundan sonra onu ala bilərdi. İddiaçı daha sonra bildirir ki, əşya vakuum qablaşdırmada olduğuna görə onun həqiqi brilyant olduğunu zənn edib. Məhkəmə qeyd edir ki, birinci, iddiaçının özünün bildirdiyinə görə növbəti gün əşyanın həqiqi brilyant olmadığını müəyyən edib, həmin zaman da əşya vakuum qablaşdırmada olub. Əgər vakuum qablaşdırma əşyanın həqiqiliyini müəyyən etməyə mane olubsa, iddiaçı növbəti gün də onun həqiqi olubolmadığını müəyyən edə bilməzdi. İkinci, əgər vakuum qablaşdırma əşyanın həqiqiliyini müəyyən etməyə mane olurdusa, iddiaçı 20.000 manatı ödəməmişdən əvvəl satıcıdan tələb edə bilərdi ki, əşya vakuumdan çıxarılsın, lakin o, bunu etməyib. Ona görə də məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən əşya (şüşə) satıcının alıcıya təhvil verdiyi əşya sayıla bilməz, satıcı öz öhdəliyini icra edib, yəni alıcıya brilyant verib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 529.2-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Rəsim oğlu, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat İddiaçı Cavabdeh4 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar