Məhkəmə qərarları › İş №2(103)-7891/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7891/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7891/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Gözəlov Adil Alxas oğlunun, İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçılar iddianın təmin edilməsi tədbiri barədə ərizə təqdim edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması üçün cavabdeh olan Cavabdeh MMC və elecə də üçüncü şəxslərə mülkiyyətçilərə məxsus olan torpaq sahəsinin 0.4131 ha hissəsinin istifadə olunmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3567/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, - küçəsi 80, Balaxanı-Binəqədi şossesində yerləşən iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsinin 0,4131 ha hissəsindən istifadə edilməsi cavabdeh “xxxxxxxx” MMC-yə və üçüncü şəxslərə qadağan olunmuşdur. Cavabdeh MMC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad düzgün qəbul edilməmişdir. Belə ki xx xxxx 2018-ci ildə Askon şirkətinin təsisçiləri Məmmədov Rövşən Tacir oğlu və X2 ünvan 1 ünvanında qeydiyyatda olan (“xxxxxxxxx” MMC-nin hüquqi ünvanı) X4 ilə aşağıdakı məzmunda torpaq sahəsinə alqı-satqı müqaviləsi bağlamışdırlar: “Satıcı Askon şirkəti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş 11/21733 nömrəli arayışa əsasən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesi 80 ünvanında yerləşən 4.2 hektar torpaq sahəsindən 1.2 torpaq sahəsini X3 verir”. Həmçinin həmin alqısatqı müqaviləsi Bakı şəhəri 42 saylı Dövlət X1 iştirakı ilə satıcı və alıcı tərəfindən imzalanmışdır. Bundan başqa satılmış torpaq sahəsinin mərclənmə nişanları olan cizgiplan da satıcılar və alıcı tərəfindən imzalanmışdır. Həmin mərclənmə nişanları olan cizgiplan tərəflər arasında xx xxxxxx 2008-ci il tarixində Bakı şəhəri 38 saylı Notariat Kontorunun notariusunun iştirakı ilə imzalanmışdır. Mərclənmiş cizgi-planda tərəflər bölgü ilə razı olduqlarını, hər hansı etiraz, əlavə və şikayətlərinin olmadığını öz imzaları ilə təsdiq edirlər. Bu sübutlardan da göründüyü kimi Cavabdeh MMC qanunsuz heç bir torpaq sahəsinə sahiblənməmişdir və Cavabdeh MMC-nin sahibliyində kənar şəxslərin mülkiyyəti yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq iddianı təmin etmə tədbiri kimi ərizədə göstərilən torpaq sahəsinin istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Bu, tərəflər arasında mübahisənin yaranmasına qədərki vəziyyətin qorunub saxlanmasına xidmət etməklə, həm də ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar