Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7902/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(094)-50/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********00040) əsassız olaraq yazılmış 217 manat borcun «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı üzrə «Azəriqaz» İstehsalat Birliyinin **********00040 saylı kodu ilə abonentidir. 10 iyul 2020-ci il tarixdə «Azəriqaz» İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Həmin sayğac çıxarılarkən sayğaca heç bir müdaxilə edilmədiyi qeyd edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Aktda sayğacın çıxarılma səbəbi sayğacın 10 ildən artıq (müddətdən 2 dəfə artıq) işləməsi göstərilmişdir. «Azəriqaz» İstehsalat Birliyinin daxili laboratoriyasında 21 sentyabr 2020-ci il tarixdə sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsinin guya küt alətlə deşildiyi göstərilmişdir. Bununla əlaqədar ona 217 manat borc hesablanmışdır. Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 05 may 2014-cü il tarixli 1632 saylı müqavilənin 4.4-cü bəndində (istehlakçının qaz sayğacı haqqında məlumat) sayğacın üzərindəki plombların nömrəsi qrafasında plombun nömrəsi göstərilmişdir. 10 iyul 2020-ci il tarixdə qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilərkən ona 10 il müddətində nəzarətçilərin dəfələrlə yoxlamasına baxmayaraq, heç bir qanunsuz müdaxilə barəsində nə bildiriş, nə də şifahi xəbərdarlıq edilməmişdir. Hesab edir ki, cavabdeh əsassız olaraq ondan borc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(094)-50/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanına dair (abonent kodu **********00040) təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi, borcun silinməsi vəzifəsinin «Azəriqaz» İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-50/2021 saylı iş üzrə 27.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən iddiaçıya, yəni istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayyət olunmasını yoxladıqda sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətə düşməsi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akt tərtib olunmuşdur. Daha sonra müəyyən olunmuşdur ki, sayğacın hesablanma mexanizminin qoruyucu plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Bununla bağlı bildirirlər ki, sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, bu hal isə cavabdehin, yəni “Azəriqaz” İstehsalat Birliyinin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə etməsinə və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. İddiaçıya aid olan **********00040 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.07.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməməlidir. Hazırkı iş üzrə sayğaca müdaxilənin (təqsirin) mövcudluğunu sübut etmək vəzifəsi bu faktı təsdiq edən aktı qəbul etmiş orqan kimi cavabdehin üzərinə düşsə də, həmin orqan tərəfindən bu hal sübuta yetirilmədiyindən dəymiş zərər kimi hesablanmış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə olan halda iddia tələbi qismən təmin edilməli, İddiaçı hesablanmış (itirilmiş qazın bərpası üçün zərər) 216 manat borc silinməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanına dair (abonent kodu **********00040) təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi, borcun silinməsi vəzifəsinin «Azəriqaz» İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(094)-50/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7902/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7902/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver