Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-791/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu Cavabdeh3 qarşı QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4783/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən inşa etdirilmiş fərdi yaşayış evini əldə etmək üçün sonuncuya 28.500 manat ödəmiş, əvəzində Cavabdeh1 43 saylı Notariat kontorunda həmin fərdi yaşayış evinin İddiaçı adına keçməsinə etirazının olmamasına dair razılıq ərizəsi vermiş, bundan sonra İddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüş, evin kommunal xidmətləri onun adına keçirilmiş, sonradan İddiaçı ölkə hüdudlarından kənarda olduğu müddətdə oğlu Pərviz Xanzadə ondan xəbərsiz həmin evi podrat müqaviləsi əsasında X3 təhvil vermiş, bundan xəbər tutan İddiaçı evin əldə edilməsinə xərclədiyi pulun qaytarılması ilə bağlı X4 və X3 qarşı məhkəmədə iddia qaldırmış, həmin iddiası təmin edilmədikdən sonra Cavabdeh1 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödədiyi 28.500 manatın, 3 il 6 ay qanunsuz istifadəyə görə illik 5% olmaqla 4987,50 manatın, mənəvi zərərə görə 2000 manatın və cəmi 35.487,5 manat pulun Cavabdeh1, zərərin əvəzi kimi 2000 manat pulun cavabdeh 43 saylı Notariat ofisinin notariusu Cavabdeh3 və ödədiyi dövlət rüsumunun (120+83 manat) cavabdehlərdən müştərək qaydada tutulması haqqında qətnamə; eyni zamanda Cavabdeh1 əməlində dələduzluq cinayətinin, notarius Cavabdeh3 əməlində isə korrupsiya cinayətlərinin elementləri olduğundan iş üzrə xüsusi qərardad çıxarılmaqla, aidiyyəti üzrə prokurorluga göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə özünə ev almaq məqsədilə rəfiqəsi Şəfiqə Quliyeva ilə bir neçə ünvanlara baxmışdır. Nəhayət, Cavabdeh1 rast gəlmiş və onun satdığı evə dair mövcud sənədlərlə maraqlandıqda, Cavabdeh1 ona torpağa dair bələdiyyə qərarının olduğunu bildirmişdir. İddiaçı cavabdehin makler kimi fəaliyyət göstərdiyini sonradan bilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflər arasında olan razılaşmaya əsasən, cavabdehin iddiaçıya göstərdiyi fərdi yaşayış evini iddiaçı 28.500 manat ödəməklə almışdır. İddiaçı 28.500 manat pulu cavabdehə notariusda vermişdir. Cavabdeh də notariat qaydasında təsdiq edilmiş razılıq məktubunu iddiaçıya vermişdir. Cavabdeh bələdiyyə qərarını da iddiaçıya təqdim edəcəyini demişdir. Tərəflər arasında kreditor-borclu münasibəti olmamışdır. İddiaçı evi aldıqdan sonra evi təmir etmiş, içərisini zəruri avadanlıqla təmin etmişdir. Evi aldıqdan sonra iddiaçı işi ilə əlaqədar bir müddət xaricdə yaşamalı olmuşdur. Qayıdanda isə görmüşdür ki, Namiqdən aldığı evdə Şəlalə Bəşirova adlı qadın yaşayır. Şəlalə Bəşirova evi iddiaçının övlad kimi qəbul etmədiyi Pərviz Xanzadədən aldığını bildirmişdir. Həmin vaxt iddiaçı polisə və məhkəməyə müraciət etmişdir. Məlum olmuşdur ki, Şəlalə ilə Pərviz arasında notariat kontorunda formal olaraq podrat müqaviləsi bağlanmış, müqaviləyə görə Pərviz Şəlaləyə ev tikməyi öhdəsinə götürmüş, Şəlalə də Pərvizə 20000 manat nəğd, 6.000 manatı isə hissə-hissə olmaqla, cəmi 26.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə iddiaçıya Şəlalənin evdən çıxarılmasını tələb etmək, həmçinin evin alınması üçün verdiyi pulu Şəlalədən və Pərvizdən tələb etmək üçün subyektiv hüququnun olmadığı bildirilmişdir. İddiaçının tələbi üzrə işə polisdə və məhkəmədə baxılarkən o, aldığı evin torpağına dair vəd verdiyi bələdiyyə qərarını Cavabdeh1 tələb etmişdir. Lakin Namiq müxtəlif bəhanələr gətirərək bundan yayınmış və iddiaçını aldatmışdır. İddiaçının Şəlalə və qeyrilərinə qarşı iddiası üzrə işə məhkəmədə baxılarkən iddiaçı Cavabdeh1 xahiş etmişdir ki, heç olmasa, gəlib məhkəmədə həqiqəti desin ki, podrat müqaviləsi saxtadır, o, evi hazır vəziyyətdə almışdır. Lakin Cavabdeh1 məhkəməyə gəlməkdən yayınmışdır. İddiaçı sonradan bilmişdir ki, Namiq də Şəlalənin işinə kömək edən digər maklerlərlə əlbir imiş. İddiaçının olmadığından istifadə edib iddiaçı ilə ədavətdə olan, harada yaşadığını bilmədiyi iddiaçının oğlu Pərvizlə Şəlalə arasında formal müqavilə bağlayıb, iddiaçıya zərər vurulmasına müvəffəq olmuşlar. Beləliklə, Cavabdeh1 28.500 manata aldığı fərdi yaşayış evinə dair iddiaçıya vəd verdiyi sənədi - bələdiyyə qərarını təqdim etmədiyindən məhkəmə iddiaçının evə dair subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, Şəlalənin evə mülkiyyət hüququ olmasa da, ondan evi tələb edənin gərəkdir ki, evə dair səlahiyyəti, hüquqi ixtiyarı olsun. Şəlalədən və qeyrilərindən pul tələbinə gəlincə, məhkəmə izah etmişdir ki, evi alarkən, yaxud başqa səbəblə məhz həmin şəxslərə tərəfindən pul verilmədiyi üçün iddiaçının tələbi təmin edilə bilməz. Pulu kimə vermisənsə, ondan tələb etməyə ixtiyarın var. Ona görə də iddiaçı hazırda bilavasitə Cavabdeh1 verdiyi 28.500 manat pulu özünə qaytarmağı məhz ondan tələb edir. Çünki Cavabdeh1 pulu ələ keçirmək üçün iddiaçını elə əvvəlcədən aldatmışdır. Əvvəla onun sözü gedən evi satmaq səlahiyyəti olmamış, həmçinin evin torpağına dair vəd verdiyi sənədi də verməmişdir. Eyni zamanda iddiaçı cavabdehdən evi alarkən cavabdehin adından tərtib edilmiş ərizə, həmçinin iddiaçının aldığı ev satılarkən tərtib edilmiş saxta podrat müqaviləsi eyni notariat ofisində tərtib edilmişdir. İddiaçının iki dəfə zərər çəkməyində əlbəttə ki, notarius da ən azı maddi məsuliyyət daşıyır. Çünki həm iddiaçının aldığı evin “sənədləşməsi” zamanı, həm də aldığı ev Şəlalə Bəşirovanın adına “sənədləşdirilərkən” eyni notarius tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4783/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı cavabdehlə bağladığı əhəmiyyətsiz əqd əsasında ödədiyi pul məbləğini tələb edir, yəni hazırkı tələb əvəzedilən əşya ilə bağlı olmaqla, tələb bir il ərzində irəli sürülə bilərdi. İddiaçının hazırkı iddia ərizəsi ilə birinci dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyi tarix (xx.xx.2021-ci il) nəzərə alınsa belə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
6. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, AR Mülki Məcəlləsinin 337.5, 354.1, 135.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında hər hansı əqd bağlanmamışdır. Cavabdeh iş üzrə digər cavabdeh olan notariusla əlbir olaraq, iddiaçını aldatmışlar. Cavabdehin notariat qaydasında təsdiq etdiyi əqd birtərəfli əqddir və onun bağlanması, təsdiqi, yaxud ləğvi zamanı iddiaçının iradə ifadəsi nəzərə alınmır. İndiki mübahisə üzrə ümumi iddia müddəti ilə bağlı qaydalar tətbiq edilməlidir. Mübahisəyə tam baxdıqda predmet fərdi müəyyən əşya olduğundan, yəni məsələ daşınmaz, fərdi-müəyyən əşya olduğundan əvəz edilə bilən əşya kimi qiymətləndirməsi də səhvdir. Hazırkı mübahisənin həllində ümumi iddia müddəti tətbiq edilməli olduğundan məhkəmənin gəldiyi nəticə və tətbiq etdiyi bir illik iddia müddəti səhvdir. Nəticədə məhkəmə tərəfindən iddiaçının qanuni mənafeyi təmin edilməmiş, hüquqları pozulmuş, cavabdehin isə qanunsuz hərəkətləri iddia müddətini səhv tətbiq edilməklə pərdələnmişdir. Məhkəmə iddia müddətini tətbiq edərkən hüququ pozulmuş şəxsin öz hüquqlarının pozulduğunu bildiyi, yaxud bilməli olduğu vaxtı müəyyən etməmiş, yalnız cavabdeh tərəfindən notariat qaydasında təsdiq edilmiş birtərəfli əqdin tarixini və iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etdiyi müddəti nəzərə almışdır. Nəzərə almaq lazımdır ki, iddia tələbi birtərəfli əqdin mübahisələndirilməsi deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 12.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 6. Mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
22. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
23. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
24. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
25. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarı
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı
27. .....əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
28. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
29. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən inşa etdirilmiş fərdi yaşayış evini əldə etmək üçün ona 28.500 manat ödəmiş, Cavabdeh1 43 saylı Notariat kontorunda həmin fərdi yaşayış evinin İddiaçı adına keçməsinə etirazının olmamasına dair razılıq ərizəsini vermiş və pulu almasını təsdiq etmiş, bundan sonra iddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüş, evin kommunal xidmətləri onun adına keçirilmiş, sonradan İddiaçı ölkə hüdudlarından kənarda olduğu müddətdə oğlu Pərviz Xanzadə ondan xəbərsiz həmin evə dair podrat müqaviləsi bağlamaqla X3 təhvil vermiş, iddiaçı evin əldə edilməsinə ödədiyi pulu X4 və X2 geri ala bilmədiyinə görə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
35. Kollegiya birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etməklə, əhəmiyyətsiz əqd üzrə 1 illik müddətin ötürülməsi əsası ilə iddianı rədd etməsina dair mövqeyi ilə razılaşır.
36. Belə ki, iddiaçı 2018-ci ildə mübahisəli fərdi yaşayış evinə görə Cavabdeh1 28.500 manat pul ödəmiş, sonuncu əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir.
37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5845/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Pərviz Xanzadə, Şəlalə Bəşirova, "xxxx" MMC-nin direktoru Məzahir Quliyevə qarşı evin dəyərinə görə 28.500 manat, əşyaların dəyərinə görə 9.140 manat tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə iclasında İddiaçı izahatında alqısatqıdan sonra bir müddət həmin evdə yaşasa da, sonradan xaricə getdiyini, xaricdə olarkən qızı Sənanın ona zəng edərək evdə başqa şəxsin yaşadığını dediyini, 2020-ci ildə Bakı şəhərinə qayıdaraq polisə şikayət etdiyini bildirmişdir.
38. İşin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmasa da, iddiaçı mübahisəli fərdi yaşayış evinin müqabilində Cavabdeh1 28.500 manat pul vermişdir. Bu fakt Cavabdeh1 özü tərəfindən də etiraf olunmuşdur.
39. Kollegiya qeyd edir ki, tərəflərin notarial qaydada hərəkətlərin (razılıq ərizəsinin verilməsi, pulun ödənilməsi) həyata keçirilməsində həqiqi niyyəti mübahisəli tikiliyə dair alqı-satqı müqaviləsi bağlamaq olmuş, lakin qeyd edilən əmlak özbaşına tikili olduğundan və satıcı qismində çıxış edən Cavabdeh1 bu əmlak üzərində sərəncam verməyə dair hüquqları olmadığından, habelə bu alqı-satqı qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmədiyindən tərəflərin qanunsuz tikilinin özgəninkiləşdirilməsi ilə bağlı həyata keçirilmişdir.
40. Mülki Məcəlləyə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3).
41. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının bağladığı həmin əqd Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından əhəmiyyətsizdir.
42. Bu mənada kollegiya qeyd edir ki, hazırkı iddia tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələri (cavabdehin əsasssız varlanması) ilə bağlı irəli sürülmüş tələb kimi qiymətləndirilməlidir.
43. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.
44. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
45. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
46. Göründüyü kimi hazırda iddiaçı cavabdehlə bağladığı əhəmiyyətsiz əqd əsasında ödədiyi pul məbləğini tələb edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə, Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyil, əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət olmaqla, iddia müddəti kimi nəzərdə tutulmuşdur.
50. İşin araşdırılan halları ilə bu müddətin iddiaçı tərəfindən ötürülməsi müəyyən edildiyindən, habelə cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin başlanğıcının hesablanması, habelə bu müddəti tətbiq etməklə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticələr düzgün olmuşdur.
51. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
52. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4783/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.