Məhkəmə qərarları › İş №2(103)-7910/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7910/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7910/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1409/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 64.000 manat borcun və devalvasiya nəticəsində borc məbləğinin dollara nisbətdə yaranmış fərqi, əlavə olaraq 20.000 manatın, ümumilikdə 84.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ilin əvvəlində tanıdığı Cavabdeh1 6.000 manat məbləğində borc vermişdir. Borc pul aldıqdan sonra Cavabdeh1 yenidən onunla görüşərək 2-3 ay müddətinə 60.000 manat borc verməyini istəmişdir. Həmin vaxt maddi vəziyyəti yaxşı olduğuna və həm də cavabdehlə qohumluq münasibətlərinin olması səbəbilə cavabdehin istədiyi məbləği 2013-cü ilin avqust ayında vermişdir. Cavabdeh həmin vaxtdan 3 ay sonra verdiyi məbləği işlərinin pis getməsi və maddi sıxıntısının olması səbəbi ilə ödəyə bilmədiyini bildirmiş və ondan əlavə yenidən 4.000 manat pul istəmiş, lakin həmin vaxt özünün də pula ehtiyacı olduğundan yalnız 2.800 manat pulu cavabdehə vermişdir. Bu məbləğdən sonra cavabdehin ona borcu 68.800 manat təşkil etmişdir. Bir müddət sonra uzun sürən təkidlə cavabdehə maddi vəziyyətinin pisə doğru getdiyini bildirmiş və cavabdeh hər ay onun pulundan 1.000 manat verəcəyini bildirmişdir. 2016-cı ilin avqust ayından 3 ay müddətində hər ay 1.000 manat ödəmişdir. Bundan sonra cavabdeh maddi vəziyyətinin pisləşməsi səbəbi ilə artıq ona pul verə bilməyəcəyini bildirmişdir. Onlardan uzun müddət pulun qaytarılmasını tələb etsə də, ona pullarının olmamasını əsas gətirərək daha heç bir ödəniş etməyəcəklərini bildirmişlər. Uzun müddət onlarla apardığı danışıqlardan sonra 2017-ci ilin mart ayında 200 manat, sentyabr ayında 500 manat, 2018-ci ilin noyabr ayında 300 manat, 2019-cu ilin avqust ayında 300 manat, sentyabr ayında 200 manat və noyabr ayında 300 manat verdikdən sonra cavabdehlərin ona 64.000 manat borcu qalmışdır. Bundan sonra dəfələrlə Yasin və Cavabdeh1lərdən pul tələb etsə də, onlar maddi vəziyyətlərinin yaxşı olmadığını əsas gətirərək pulu geri qaytarmayacaqlarını bildirmişlər. Ailə üzvlərinin hər biri hazırda ayrı-ayrı biznes sahəsində çalışırlar və ailənin aylıq gəlirləri 5.000-6.000 manat civarındadır. Onun cavabdehlərə pulu verdiyi vaxt dolların məzənnəsi manata nisbətdə 0,78 manat idi. Məlum devalvasiyadan sonra onlarda olan pulunun dəyəri iki dəfə aşağı düşmüşdür. Hazırda heç bir yerdə işləmir. Birinci qrup əlildir və həyat şəraiti ağırdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1409/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nədənsə yalnız Cavabdeh1 izahatında qeyd olunanları əsas tutaraq, həmçinin İddiaçı 2017-2019-cu illər ərzində borcdan ödənişlər edildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsi səbəbi ilə iddia müddətinin ötürüldüyü qənaətinə gəlmiş və buda son nəticədə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı 2017-2019-cu illər ərzində cavabdehlər tərəfindən borcdan ödənişlər edilməsi ilə bağlı məhkəməyə şifahi vəsatət verərək arvadı İpək və oğlu Vüsalın şahid qismində dindirilməsini xahiş etmişdir. Hətta işə baxan hakim iddiaçının 2016-cı ildən qeydlər apardığı kitabçaya da baxış keçirmiş, vəsatətdə qeyd olunan şəxslərin şahid qismində dindirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi dərk etsə də məhkəmə bu xüsusatları ümumiyyətlə araşdırmamış və ya araşdırmaq istəməmişdir. Qeydlər apardığı kitabçadaki yazıların rəngindən də göründüyü kimi, iddiaçı qaytarılan borcla bağlı hər il üzrə qeydlər aparmışdır. Lakin məhkəmə iddiaçının əsaslı və iş üçün mühüm əhəmiyyət kəsb edən vəsatətini təmin etməmişdir. Məhkəmə öz qətnaməsində qanuni qüvvəyə minən istintaq orqanının qərarına qiymət verərək qeyd etmişdir ki, İddiaçı polis bölməsində cavabdeh tərəfindən ona 2017-2019-cu illər ərzində pulun qaytarılması ilə bağlı izahat verərək güya ki, o, borcun 2019-cu ilə qədər davam etməsi barədə görüntü yaratmağa cəhd etmişdir. Maraqlıdır o zaman iddiaçı haradan bilirdi ki, sonradan mülki mühakimə icraat qaydasında məhkəməyə iddia tələbi ilə müraciət edəcək və cavabdeh müddətin tətbiqi ilə bağlı ərizə verəcək. Buda məhkəmənin iddiaçıya münasibətdə qərəzli olmağın bariz nümunəsidir. İddiaçı 2017-2019-cu illər ərzində cavabdehlər tərəfindən borcdan ödənişlər edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi və iş materiallarında olan "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 31.07.2020-ci il tarixli qərardan göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən borcla bağlı sonuncu ödənişin 2019-cu ilin noyabr ayında ödənildiyini bildirmişdir. Cavabdeh isə son ödənişi 2016-cı ilin oktyabr ayında etdiyini, bundan sonra 200-300 manat olmaqla xırda ödənişlər etdiyini, lakin həmin məbləğləri özündə qeyd etməmiş və özündə qeydiyyat apardığı 02 vərəq əlyazması təhqiqata təqdim etmişdir. İstintaq orqanının qərarından da görünür ki, cavabdeh tərəfindən son ödənişi 2016-cı ilin oktyabr ayında etdikdən sonra 200-300 manat olmaqla xırda ödənişlər etmişdir. Buda iddiaçının iddia ərizəsində və izahatında 2017-2019-cu illər ərzində cavabdehlər tərəfindən borcdan xırda ödənişlər edilməsi ilə bağlı göstərdiyi xüsusatları təsdiq edir. Beləliklə, cavabdeh iddiaçıya olan borcdan sonuncu ödənişi 2019-cu ildə etdiyindən müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, tərəflər aralarında borc münasibətlərinin yaranmasını təsdiq etmişlər. Qeyd edilən qərarda İddiaçı verdiyi ifadədə cavabdehlərin 2016-cı ilin avqust ayından başlamaqla 3 ay müddətində avqust-oktyabr hər ay 1000 manat, 2017-ci ilin mart ayında 200 manat, sentyabr ayında 500 manat, 2018-ci ilin noyabr ayında 300 manat, 2019-cu ilin avqust ayında 300 manat, sentyabr ayında 200 manat və noyabr ayında isə sonuncu dəfə 300 manat ödəniş etdiklərini və bundan sonra Cavabdeh1 və Cavabdeh2 ona 64000 borcu qaldığını, Cavabdeh1 isə verdiyi ifadədə 2016-cı ilin may ayından başlamaqla, oktyabr ayı daxil hər ay 1000 manat olmaqla cəmi 6000 manat pulun ana borcdan çıxılması şərti ilə verildiyini, bundan başqa bir neçə dəfə Nazirə 200-300 manat olmaqla xırda pullar verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 nümayəndəsi və vəkilli X5 iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlili əsaslıdır. Belə ki, 2017-2019-cu illər ərzində borcdan ödənişlər edildiyini bildirən iddiaçı sübut etmə yükü onun üzərinə düşməsinə baxmayaraq, dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası qeyd edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31.07.2020-ci il tarixli qərarından və məhkəmə iclaslarında iddiaçının verdiyi izahatlardan görünür ki, iddiaçı cavabdeh tərəfindən borcla bağlı sonuncu ödənişin 2019-cu ilin noyabr ayında ödənildiyini bildirsə də, cavabdeh son ödənişi 2016-cı ilin oktyabr ayında etdiyini qeyd etmişdir. 200-300 manat məbləğində ödənişlərin məhz 2017-2019-cu illərdə ödənilməsi nə iş materialları, nədə ki, cavabdehin izahatı ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlili əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin cavabdehin ərizəsini nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı həyat yoldaşı və oğlunun birinci instansiya məhkəməsində şahid qismində dindirilməsinə dair vəsatət verdiyini bildirsə də, qeyd olunan vəsatət nə iş materialları nə də, məhkəmə iclas protokoları ilə müəyyən edilmir. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında oğlunun şahid qismində izahatının alınmasına dair vəsatət təqdim edilsə də, vəsatət rədd edilmişdir. Belə ki, həmin vəsatət birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Eyni zamanda vəsatətin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüz olması əsaslandırılmamışdır. Bunda başqa iddiaçı məhkəmə kollegiyasına ödənişlərin aparılmasının qeyd olunduğu bloknotu məhkəmə kollegiyasına təqdim etsə də, həmin bloknotda pul vəsaitinin məhz cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1409/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar