Məhkəmə qərarları › İş №2(103)-7917/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7917/2020

04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7917/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun, Cavabdeh2 Sadiq oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5645/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada olaraq 25000 manat məbləğlərində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada olaraq 23820 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 05aprel 2017-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlayaraq cavabdeh ondan 25000 manat məbləğində pulu borc alaraq 05aprel 2019-cu il tarixə qədər qaytarmağı öhdəlik götürmüşdür. Həmin müddətin keçməsinə baxmayaraq bu günə qədər cavabdeh ondan aldığı 25000 manat məbləğində pulu geri qaytarmaq istəmir. Cavabdeh pulu borc alan aman xx xxxxx 2017-ci il tarixdə notarial qaydada zaminlər olan digər cavabdehlər zaminlik müqaviləsinə imza atmaqla borclu ilə birgə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Bundan başqa cavabdeh 25000 manat borc puldan 1180 manatını ona qaytarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5645/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Sadiq oğlundan müştərək qaydada 23820 (iyirmi üç min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçıya olan borcunun hissə-hissə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə düzgün tərtib edilmədiyindən və qəbul edildiyi zaman yol verilmiş prosessual hüquq pozuntuları ucbatından dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Sadiq oğlu apelyasiya şikayətinə dair ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5645/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2017-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 X1 xx xxxxx 2017-ci ildə 2500 manat pulu borc almış və həmin pulu xx xxxxx 2019-cu il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Zaminlik müqavilələrindən” görünür ki, həmin tarixdə X4 ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 aralarında müqavilə imzalanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən, zaminlik müqaviləsi üzrə “zaminlər” “borclu”nun X2 qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində ərizə təqdim edərək, həmçinin apelyasiya şikayətində, iddia tələbini qəbul etdiyini və 23820 manat məbləğin onun tərəfindən hissə-hissə tutulmasına etiraz etmədiyni bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kollegiya həmçinin qeyd edir ki, qətnamə ilə müəyyən edilmiş pul məbləğinin hissə-hissə ödənilməsi hazırki mərhələdə deyil, qətnamənin icrası mərhləsində borclunun ərizəsi ilə həll olunmalı olan məsələdir. Ona görə də apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5645/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5645/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar