Məhkəmə qərarları › İş №2(103)-7945/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7945/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7945/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X5 və Cavabdeh2 qarşı “öhdəliyin icrası ilə bağlı pul vəsaitinin, dəymiş zərərin və işgüzar fəaliyyəti ləkələyən məlumatların yayılması ilə bağlı ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iddiaçılar tərəfindən görülmüş mala işinə görə ödəməli olduğu 32.900 (otuz iki min doqquz yüz) manat, şum işinə görə ödəməli olduğu 2.200 (iki min iki yüz) manat olmaqla, cəmi 35.100 (otuz beş min bir yüz) manat məbləğində pul vəsaiti, 2019-cu ilin dekabr ayından ödəmədiyinə görə iddiaçıların hər birinə dəymiş zərərə görə 3.000 (üç min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat, yalandan və əsassız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı onların işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40.000 (qırx min) manat məbləğində ziyanın cavabdeh tərəfdən tutularaq iddiaçılara ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-1719/20) iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin 10 sentyabrına qədər iddiaçı şəxslərin həmkəndlisi X2 tanışlığı ilə Ağcabədi rayonu ərazisindəki “Harami düzü” adlanan ərazidə Cavabdeh1 MMC-yə məxsus ərazidə X4 rəhbərlik etdiyi torpaq sahəsində həmkəndliləri Əhmədov X7, İddiaçı3 və X3 ilə birlikdə “Lizinq” müqaviləsi ilə götürülmüş traktorlar ilə şum işlərini aparmışlar. Aralarındakı müqaviləyə əsasən hər bir hektar torpaq sahəsini şumlamaq işinə görə onlara ödənilməli olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaitindən 0,50 (əlli qəpik) manat hissəsini işi düzəldən Cavabdeh2 ödəməklə qalan 24,50 (iyirmi dörd manat əlli qəpik) manat hissəsini həmin işi görərək, hesablanmış pul vəsaitinin əksər hissəsini alsalar da, 2.200 (iki min iki yüz) manat hissəsi ödənilməmişdir. İşin görülməsindən ötrü müqavilə onunla X9 arasında Cavabdeh2 iştirakı ilə bağlanmışdır. Sənədləşməyə əsasən işin hər bir hektarının pulu isə Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə sənədlərində 35 (otuz beş) manatdan rəsmiləşdirilmişdir. Şum işlərini onlardan başqa traktoristlər də icra edirdilər. Bundan sonra 2019-cu ilun oktyabr ayında Cavabdeh2 onlara məxsus torpaq sahəsində mala işləri aparılmasını və qalan borclarını ödəyəcəyini vəd etmişdir. Cavabdeh2 təklifi ilə Ağcabədi rayon ərazisində həmin Cavabdeh1 MMC-yə məxsus 3.290 hektar sahədə mala işləri aparılmasına hər hektarın malasına görə onlara 10 (on) manat məbləğində pul ödəyəcəyini vəd etdiyinə görə onunla razılaşmışlar. Cavabdeh2 bununla bağlı müqaviləyə imza etdirsə də, müqaviləni işin sonunda verəcəyini vəd etdiyindən iddiaçı şəxslər ona inanmış və buna görə də müqavilə onda qalmışdır. Qeyd edilən 3.290 hektar torpaq sahəsində 4 traktorist işi tam başa vurduqdan sonra MMC-nin baş aqranomu Mehman adlı şəxs onlardan işi təhvil almışdır. Gördukləri işə görə 32.900 (otuz iki min doqquz yüz) manat və şum işinə görə borclu qaldıqları 2.200 (iki min iki yüz) manat məbləğində pullarının ödənilməsini tələb etsələr də, Cavabdeh2 onlara hər hektara görə 4 (dörd) manatdan pul ödəyəcəyini, borclu qaldığı 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini isə xərclədiyinə görə verməyəcəyini bildirmişdir. Onlar sonuncuya bu məbləğin yanacaq pulunun ödənilməsi ilə bağlı olduğunu bildirmişlər. O, sənədləşdirməni 14 (on dörd) manatdan rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı şəxslərə pul ödəməyəcəyini bildirmişdir. Ümumiyyətlə, iddiaçı şəxslərin onlara məxsus torpaq sahəsində işləmələri və müvafiq müqavilənin onlara verilməyəcəyi bildiriləndə onlar başa düşdülər ki, belə bir müqavilə heç bağlanmamışdır. İddiaçılar məcbur olub müxtəlif instansiyalara müraciətlər etsələr də, heç bir əhəmiyyəti olmamışdır. Bunun əksi olaraq, onlar Cavabdeh1 MMC İddiaçı1 guya 402 (dörd yüz iki) manat dəyərində “Tilt” (pas əlehinə) 6 ədəd dərman preparatlarını oğurlaması barədə polisə şikayət etmişdir. Ağcabədi Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı isə bu fakt öz təsdiqini tapmamış və İddiaçı1 barəsində cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul olunmuşdur. MMC-nin direktor müavini H.Həsənov və onun əlaltısı olan Cavabdeh2 traktorist olan 4 nəfər iddiaçı şəxsi aldadaraq onları işlətməklə razılaşdıqları 32.900 (otuz iki min doqquz yüz) manat məbləğində pul vəsaitini və şum işinə görə onlara ödənilməli 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini ödəməmişlər. “xxxxxxxxx” MMC tərəfindən gördükləri mala işinə görə ödənlməli olan 32.900 (otuz iki min doqquz yüz) manat və şum işinə görə ödənilməli olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti 2019-cu ilin dekabr ayından ödənilmədiyinə görə onların hər birinə 3.000 (üç min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində zərər dəymiş, yalandan və əsassız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40.000 (qırx min) manat məbləğində mənəvi ziyan vurmuşlar. Bu baxımdan, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Harami düzü” adlanan torpaq sahəsində görülmüş şum işinə görə ödənilməmiş 2.200 (iki min iki yüz) manat, mala işinin görülməsinə görə 32.900 (otuz iki min doqquz yüz) manat, həmin müddət ərzində dəymiş maddi ziyana görə 12.000 (on iki min) manat, cavabdehlərin iddiaçı şəxslərin işgüzar fəaliyyətini ləkələmək məqsədilə hüquq mühafizə orqanlarına yalan məlumatlar vermələrinə görə 40.000 (qırx min) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən alınaraq iddiaçı şəxslərə ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 MMC-nin direktor müavini H.Həsənovun nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi Azərbaycan Respublikasının əsas iqtisadi prioritetlərindəndir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmişdir. Ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsində yeni intensiv texnologiyalardan istifadə olunur. Bu istiqamətdə respublikada mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır və müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Bu metodların tətbiqi istehsalda səmərəliliyi yüksəltməklə yanaşı, həm də təbii resurslardan dayanıqlı istifadəyə imkan verir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasında taxıl məhsulları istehsal edən ən böyük kənd təsərrüfatı şirkətidir. Belə ki, kənd təsərrüfatı sahəsində ümumi qəbul edilmiş praktikaya əsasən bu sahədə fəaliyyət göstərən şirkətlər şum, mala və səpin işlərinin görülməsini kənar fiziki və ya hüquqi şəxslərə tapşırır, onlar da öz növbəsində müəyyən şəxslərin işəmuzd əməyindən istifadə etməklə müqavilə üzrə müəyyən olunmuş öhdəlikləri yerinə yetirirlər. Şirkətdə istifadədə olan bir sıra sahələrdə müvafiq kənd təsərrüfatı işlərinin görülməsi məqsədilə, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində şirkət hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh2 ilə (icraçı) xx xxxx 2019-cu il tarixdə 10/25 nömrəli xidməti müqavilə bağlamışdır. İcraçı tərəfindən 2.640 ha torpaq sahəsində mala, 797 ha sahədə isə təkrar mala işləri görülmüşdür. Tələb olunan məbləğ hazırkı mülki iş üzrə digər cavabdeh olan Cavabdeh2 ödənilmişdir. Belə ki, qeyd edilən cəmiyyətlə müvafiq işlərin görülməsinə dair məhz D.Süleymalı arasında xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsi bağlanmış və bununla bağlı qeyd edilən müqavilə tərəfləri arasında xx xxxxxx 2019-cu il tarixli akt imzalanmışdır. Ona görədə onlara münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçılara qeyd edilən işlərin birinci mərhələsində 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, ikinci mərhələsində isə 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti ödənilmiş və bundan sonra iddiaçı şəxslərə onun cəmi 2.239 (iki min iki yüz otuz doqquz) manat məbləğində borcu qalmışdır. Qalan məbləglər tam ödənilmişdir. Cavabdeh2 (icraçı) ilə Cavabdeh1 MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2019cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinin məzmunundan görünür ki, “icraçı” “sifarişçi”yə təhkim olunmuş ərazidə müqaviləyə əlavə olunmuş razılaşma protokolunda göstərilən kənd təsərrüfatı işlərini, “icraçı”ya məxsus onun istifadəsində olan kənd təsərrüfatı texnikaları “sifarişçi” ilə razılaşdırılmış müddətdə, həcmdə və keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür (1.1-ci bənd). “Sifarişçi” “icraçı” tərəfindən yerinə yetirilmiş “iş”in dəyərini “icraçı” ilə razılaşdırılmış tariflərə uyğun nağd və nağdsız qaydada “icraçı”ya ödəməyi öhdəsinə götürür (1.2-ci bənd). “İcraçı” tərəfindən müddətlərə uyğun yerinə yetirilən “iş”lər təhvil-təslim aktı ilə rəsmiləşdirilir (1.3-cü bənd); Cavabdeh1 MMC-nin məsul şəxsləri ilə Cavabdeh2 arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın məzmunundan görünür ki, müəssisə ilə “İmişli” şəxsi dəstəsi arasında razılaşdırılmış şum malası və səpin işlərinin yerinə yetirilməsi şərtlərinə uyğun olaraq, müəssisənin uzun müddətli icarəsində olan sahələrdə 2019-cu ilin payızında 2020cu ilin məhsulu üçün 2.640 ha şum malası və 797 ha sahədə təkrar mala işləri aparılmışdır. Razılaşdırılmış müqavilə üzrə şum malasının dəyəri 1 (bir) hektarın qiyməti 8 (səkkiz) manat olmaqla, 2.640 ha sahə üçün 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, təkrar mala işi zamanı 1 (bir) ha qiyməti 4 (dörd) manat olmaqla, 797 ha sahə üçün 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğ hesablanmışdır. Ümumilikdə, “İmişli” şəxsi dəstəsinin şum malası və səpin işləri üçün 24.308 (iyirmi dörd min üç yüz səkkiz) manat məbləğində pul məbləği hesablanmışdır. Şum malası və təkrar mala işləri zamanı “İmişli” şəxsi dəstəsi tərəfindən 1 (bir) litrinin qiyməti 0,60 (altmış qəpik) manat olmaqla, cəmi 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində 21.176 (iyirmi bir min bir yüz yetmiş altı) litr dizel yanacağı istifadə olunmuşdur. Şum malası və səpin işlərinə görə hesablanmış vəsaitdən istifadə olunmuş dizel yanacağının dəyəri və əvvəlcədən ödənilmiş avans 4.235 (dörd min iki yüz otuz beş) manat çıxıldıqdan sonra ödəniləcək məbləğ 7.367 (yeddi min üç yüz altmış yeddi) manat olmuşdur; İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətində göstərmişdir ki, şum işinə görə iddiaçılara bütün məbləğlər ödənilmişdir, mala işinə görə ümumilikdə 24308 manat hesablanmış, öncədən iddiaçılara ümumi 4152 manat avans ödənilmişdir. Avans ödənilməsini iddiaçılar özləri də etiraf etmişlər. Hesablanmış məbləğdən 12705 manat yanacaq üçün, 976 manat isə ehtiyat hissələrinə görə çıxılmışdır. 618,1 manat yanacaq daşıyan maşının xərci, 1667 manat yeməkxana xərcləri çıxıldıqdan sonra nəticədə 4189 manat ödənilməmiş pul qalmışdır. İddiaçılar həmin pulu istənilən vaxt ala bilərlər. Bundan başqa, iddiaçıların ona 7500 manat borcları var. İddiaçı tərəf onlara təqdim edilən məbləğlərlə bağlı məhkəmə iclasında etiraflar etsələr də, məhkəmə qətnaməsində bunların heç biri nəzərə alınmamışdır. İddiaçılar və onların vəkili məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, Cavabdeh2 qətnaməni yalnız iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. İddianın təmin olunmayan hissəsi iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların və onların vəkilinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, icraçı olaraq Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinə əsasən, icraçı sifarişçiyə təhkim olunmuş ərazidə müqaviləyə əlavə olunmuş razılaşma protokolunda göstərilən kənd təsərrüfatı işlərini, icraçıya məxsus onun istifadəsində olan kənd təsərrüfatı texnikaları sifarişçi ilə razılaşdırılmış müddətdə, həcmdə və keyfiyyətdə yerinə yetirməyi, sifarişçi isə icraçı tərəfindən yerinə yetirilmiş işin dəyərini icraçı ilə razılaşdırılmış tariflərə uyğun nağd və nağdsız qaydada icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İcraçı tərəfindən qeyd edilən müddətlərə uyğun yerinə yetirilən işlər təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, müqavilə tərəfləri arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli akta əsasən müəssisənin uzun müddətli icarəsində olan sahələrdə 2019-cu ilin payızında 2020-cu ilin məhsulu üçün 2.640 ha şum malası və 797 ha sahədə təkrar mala işləri aparılmışdır. Razılaşdırılmış müqavilə üzrə şum malasının dəyəri 1 (bir) hektarın qiyməti 8 (səkkiz) manat olmaqla, 2.640 ha sahə üçün 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, təkrar mala işi zamanı 1 (bir) ha qiyməti 4 (dörd) manat olmaqla, 797 ha sahə üçün 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğ hesablanmışdır. Ümumilikdə, “İmişli” şəxsi dəstəsinin şum malası və səpin işləri üçün 24.308 (iyirmi dörd min üç yüz səkkiz) manat məbləğində pul məbləği hesablanmışdır. Şum malası və təkrar mala işləri zamanı “İmişli” şəxsi dəstəsi tərəfindən 1 (bir) litrinin qiyməti 0,60 (altmış qəpik) manat olmaqla, cəmi 21.176 (iyirmi bir min bir yüz yetmiş altı) litr 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində dizel yanacağı istifadə olunmuşdur. Şum malası və səpin işlərinə görə hesablanmış vəsaitdən istifadə olunmuş dizel yanacağının dəyəri və əvvəlcədən ödənilmiş avans 4.235 (dörd min iki yüz otuz beş) manat çıxıldıqdan sonra ödəniləcək məbləğ 7.367 (yeddi min üç yüz altmış yeddi) manat olmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı işlərin (şum, səpin və s.) aparılmasını iddiaçılara tapşırmış, lakin onlarla rəsmi yazılı müqavilə bağlamamışdır. İddiaçılar görülən işlərin dəyərinin cavabdehlər tərəfindən tam ödənilmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışlar. İddiaçıların tələbi görülmüş mala işinə görə 32.900 (otuz iki min doqquz yüz) manat, şum işinə görə 2.200 (iki min iki yüz) manat olmaqla, cəmi 35.100 (otuz beş min bir yüz) manat məbləğində pul vəsaitinin, 2019-cu ilin dekabr ayından ödəmə gecikdirildiyinə görə iddiaçıların hər birinə dəymiş zərərə görə 3.000 (üç min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat, yalandan və əsassız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı onların işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40.000 (qırx min) manat məbləğində ziyanın cavabdehlərdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən – cavabvdeh Cavabdeh2 20194 manat pulun tutulması hissəsində əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı şəxslərin tələb etdikləri 32.900 (otuz iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin iddiaçıların özlərinin də izahatlarında qeyd etdikləri kimi iş materiallarında öz əksini tapmış müqavilə tərəfləri arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla müəyyən edilmiş 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində dizel yanacağı onlara ödənilmişdir. Tələb edilən pul məbləğindən qalıq vəsait, yəni 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat (32.900 – 12.706 = 20.194) məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı şəxslərin xeyrinə tutulmalıdır. Məhz qeyd edilən müvafiq işlərin görülməsi və onların xidmət haqqının ödənilməsi ilə bağlı icraçı olaraq Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 MMC-nin direktoru Z.Əmirov arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinə və ona əlavə edilmiş müvafiq akta əsasən müqavilə tərəfləri arasında razılaşdırılmış işlərin görülməsi və onların xidmət haqlarının ödənilməsi həyata keçirilmiş, məhz “İmişli” şəxsi dəstəsinin adından Cavabdeh2 müqavilə tərəfi olaraq iştirak etmiş, buna görə də iddiaçı şəxslərə müəyyən edilmiş pul məbləğinin verilməsi də məhz sonuncunun cavabdehliyindədir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329.2,385.1, 443, 445.1, 448.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh2 apelyasiya şikayətində iddiaçılara cəmi 4189 manat ödənilməmiş borcu qaldığını, qalan borcların avans və xidmət haqqı kimi ödənildiyini göstərmişdir. Ümumiyyətlə, işdən göründüyü kimi, Cavabdeh2 iddiaçılarla rəsmi müqavilə bağlamasa da, iddiaçılar qarşısında Cavabdeh1 MMC-nin deyil, məhz onun öhdəlik daşıdığını və 4189 manat ödənilməmiş borcu qaldığını etiraf etmiş və bununla da iddianı qismən qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılarla Cavabdeh2 arasında podrat müqaviləsindən irəli gələn öhdəliklər olmuşdur və Cavabdeh2 bir sifarişçi kimi Mülki Məcəllənin 753.1-ci maddəsinin tələbinə müvafiq olaraq podratçıya şərtləşdirilmiş muzdu ödəməyə borcludur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Apelyasiya şikayətinin dəlillərindən biri Cavabdeh2 tərəfindən xidmət haqqı ilə əlaqədar iddiaçılara avans ödənilməsi və bunun məhkəmə tərəfindən nəzərə alınmaması barədədir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan (i.v.175) görünür ki, həqiqətən də məhkəmə iclasında izahat verərkən iddiaçılardan İddiaçı3 1350 manat, İddiaçı1 1678 manat, İddiaçı4 520 manat və İddiaçı2 604 manat avans aldıqlarını etiraf etmişlər. Apelyasiya baxışı zamanı izahat verərkən iddiaçılardan biri (İddiaçı3) bu halı bir daha təsdiq etsə də, digərləri həmin halı etiraf etmədilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin protokoluna bununla bağlı qeydlər verilmədiyini nəzərə alaraq iddiaçıların avans alınması ilə bağlı birinci instansiya məhkəməsində verdikləri izahatları inandırıcı və mötəbər sayır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə Cavabdeh2 iddia tələbinə qarşı etirazını avans ödənilməsinin etiraf olunan hissəsində sübut etmək vəzifəsindən azad edlir. Bu, MPM-nin 106.3-cü maddəsinin də tələbinə uyğundur. Həmin maddəyə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçılardan İddiaçı3 1350 manat, İddiaçı1 1678 manat, İddiaçı4 520 manat və İddiaçı2 604 manat, cəmi 4152 manat avans ödənilməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilməli və cavabdehdən iddiaçıların xeyrinə tutulan pul vəsaitinin məbləği 16042 manat (20194 – 4152) müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 xeyrinə 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 16042 (on altı min qırx iki) manat müəyyən olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar