Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7945/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(011)-392/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Opel Astra» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2295 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(011)-392/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə birinci instansiya məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə də belə bir tarixli qətnamə mövcud deyildir MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmçinin, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, onu iddiaçının adından "xxxx" ASC-nin Hüquq və Sığorta Hadisələr Xidmətinin hüquqşünası X2 imzalamış, lakin sonuncuya "xxxx" ASC tərəfindən belə bir səlahiyyət verilməsini təsbit edən etibarnamə işdə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 73.1 və 73.4-cü maddələrinin tələblərinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında "xxxx" ASC tərəfindən X2 barəsində verilmiş «İmza hüququ barədə» 12 fevral 2020-ci il tarixli sərəncam olsa da, orada məhkəmə aktlarından şikayət verilməsi (şikayətin imzalanması) səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Halbuki, yuxarıda da qeyd ediljdiyi kimi, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(011)-392/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7945/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7945/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver