Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7965/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “inzibati xəta haqqında qərar və vəzifəli şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, dayanacağa ödənilmiş pulun qaytarılması, iş vaxtını itirməyə görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYİ) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş 27.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol (qərar), həmçinin BDYİ-nin vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin Dövlət tərəfindən ödənilməsi, 3000 manat mənəvi ziyanın əvəzinin, dayanacağa ödədiyi 5 manatın, iş vaxtını itirməsinə görə 400 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 06 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; cavabdehin rəsmi qeydə alındığı yer isə Xırdalan şəhəri ərazisində yerləşir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı Bakı şəhərinin Səbail rayonunda pasport qeydiyyatındadır və həmin rayonda yaşayır; Mülki Prosessual Məcəllənin 36.8-ci maddəsinə əsasən isə, inzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunverici, inzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı yalnız iddianın predmeti ilə şərtləndirmişdir. Bu səbəblə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, prosessual qanunvericiliyi düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1319/2021 saylı iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7965/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7965/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver