Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7978/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.05.2021ci il tarixli, 2(009)-87/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 4729 manat məbləğində sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus **-ZG-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz E270 CDİ markalı nəqliyyat vasitəsi 13.11.2018-ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 16.07.2019- cu il tarixində Cavabdeh2 idarə etdiyi **-ZG-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz E270 CDİ markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **-XS-*** dövlət qeydiyyat nişanlı Renault Loqan markalı və **-TT-*** dövlət qeydiyyat nişanlı Mercedes- Benz markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP3105081 saylı inzibati tənbeh etmə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 20.07.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-TT-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 4379,00 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən tərtib olunmuş 24.07.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-XS-*** dövlət qeydiyyat nişanlı Renault Loqan markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 350,0 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 09.08.2019-cu il tarixli və 18.10.2019-cu il tarixli sığorta aktlarına əsasən ümumilikdə 4729,0 manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(009)-87/2021 saylı qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə sığorta ödənişinin əvəzi olaraq 4180,00 (dörd min yüz səksən) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi müəyyən edilmiş 3839.0 manat bərpa xərci real bazar qiymətini əks etdirmir. Belə ki, 1997-ci il buraxılışlı 'Mercedes-Benz” markalı avtomobili saz vəziyyətdə olanının ölkədə olan real satış dəyəri 6000-8000 manat arasındadır. Üstəlik, həmin avtomobilin bütün ehtiyat hissələri 2-cı əl ehtiyat hissələri bazarında (ölüxana) mövcuddur. Həmçinin, həmin avtomobilin əzilmiş hissələrini təmir etmək mümkündür. Təmiri mümkün olan detalın hansı səbəbdən dəyişilməsi başa düşülən deyil. Dəyişilən detallar "Paşa Sığorta” ASC-dən tələb olunsa da, həmin detalların verilməsindən imtina olunmuşdur. Ekspert rəyinə əlavə olunmuş dəyişilməli hissələrin qiymətləri təxminən 2 dəfə şişirdilmişdir. Ekspert tərəfindən hesablanmış qiymət avtomobilin real bazar qiymətinin yarısından çoxdur. Bu isə ağlabatan olmamaqla, reallıqdan uzaqdır. Ekspert rəyi ilə razılaşmadığlarından rəyi vermiş ekspertin məhkəmədə dindiriiməsi barədə vəsatət versələr də, məhkəmə vəsatəti təmin etməmişdir. Qanuni qətnamə qəbul edilməsi üçün ekspert məhkəməyə dəvət olunub verdiyi rəy ilə bağlı dindirilməli, bundan sonra növbəti prosessual hərəkətlər həyata keçirilməli idi. Göstərilənlərə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(009)-87/2021 saylı qətnaməsinin ləğv edilərək, işin faktiki halları əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, 16.07.2019-cu il tarixində Cavabdeh2 idarə etdiyi **-ZG-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz E270 CDİ markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **-XS-*** dövlət qeydiyyat nişanlı Renault Loqan markalı və **-TT-*** dövlət qeydiyyat nişanlı Mercedes- Benz markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4729,0 manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh etmə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 20.07.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-TT-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 4379,00 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsi əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Adıçəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyəthəm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, ** ZG *** dövlət qeydiyyat nişanlı Mersedes Benz E270 CDİ markalı avtomobil X1 mülkiyyətində olsa da, 22.02.2017-ci il tarixdə Bakı şəhəri 28 saylı DNK-da verilmiş etibarnamə əsasında Cavabdeh1 etibar edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən məhkəmə kolegiyası bu qənaətə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş nəqliyyat vasitələrinin sahiblərinə sığortaçı "xxxx" ASC tərəfindən ödənilmiş pul məbləğinin sonuncu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına dair iddiası əsaslı olmuşdur. Apellyator öz şikayətində məhkəmə tərəfindən müəyyən edilmiş subroqasiya qaydasında ödənilməli olan məbləğin şişirdildiyini bildirsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən avtomobillərə dəymiş zərərlə bağlı ödənilmiş pul məbləği həcmində tələb irəli sürülmüşdür. Buna baxmayaraq, məhkəmə tərəfindən həmin avtomobillərə dəymiş zərərin real məbləğinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert tədqiqatı ilə avtomobillərə dəymiş zərərin aradan qaldırılması ilə bağlı təmir bərpa xərcinin 3839,0 və 350,0 manat (cəmi 4180,0 manat) olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının rəyini qiymətləndirərək bu qənaətə gəlir ki, tərtib edilmiş rəydə əks olunan məlumatlar işdə olan digər sübutlarla uyğunluq təşkil etməklə bir-birini tamamlayır, bu səbəbdən də həmin rəyi mötəbər sübut kimi qəbul edir. Apelyator öz apellyasiya şikayətində onun tərəfindən avtomobildə dəyişilmiş hissələrin ona verilməsini tələb etdiyini, lakin bundan imtina edildiyini bildirmişdir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb subroqasiya ilə bağlıdır və bu tələblə sığortaçı onun tərəfindən sığortalıya ödədiyi sığorta məbləğinin əvəzini tələb edir, həmçinin avtomobilin əzilmiş ehtiyat hissələrinin cavabdehə qaytarılması ilə bağlı hər hansı öhdəlik daşımır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(009)-87/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7978/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7978/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver