Məhkəmə qərarları › İş №2(103)-7989/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7989/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7989/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğlunun, Cavabdeh1, Cavabdeh1 vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 və üçüncü şəxs "X5” MMC-yə qarşı pulun qaytarılması və madd və mənəvi ziyanın ödənilməsinə dair ilk tələbinə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 551/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 və üçüncü şəxs "X5” MMCyə qarşı ilk iddia ilə müraciət edərək, evin alqı-satqısı zamanı Cavabdeh3 Həsən oğlundan ondan artıq alınmış 20000 manat pulun, evin təmiri zamanı ona vurulmuş maddi ziyana görə Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək olaraq 4000 manat pulun, Cavabdeh2 ondan alınmış 1000 manat pulun, ona vurulan mənəvi ziyana görə Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək olaraq 20000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 551/2019 nömrəli qərardadı ilə İddiaçı ilkin iddiası "Cavabdeh2 ondan alınmış 1000 manat pulun alınaraq, ona verilməsi” tələbinə dair hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 1554 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdeh X3 alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Cavabdeh1 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanaraq reyestrdə 3M-552 nömrəsi ilə qeyd edilmiş "Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”nin surətinə əsasən, tərəflər xx.xx.2016-cı il tarixə kimi xx.xx.2013-cü il tarixli "X5” MMC ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, MMC tərəfindən inşa edilmiş yaşayış binasının ümumi sahəsi 160.0 kv.m olan 4 otaqlı, 212 nömrəli mənzilini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 100000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satılacaq mənzil xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh1 sahibliyində və istifadəsindədir. Satıcı mənzili 100000 manat məbləğində qiymətləndirir və gələcəkdə həmin mənzili həmin qiymətə alıcıya satmağı, alıcı isə mənzili gələcəkdə 100000 manata almağı öhdəsinə götürür. Alıcı 100000 manat məbləğindən 36000 manat notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, satış qiymətinin qalan 64000 manatı isə mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürür (səh.9); "X5” MMC-nin xx xxxx 2017-ci il tarixli mədaxil qəbzinə əsasən, İddiaçı xx xxxx 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişdiyi yerdə, 2436cı məhəllədə tikilən binanın 212 nömrəli mənzilinin dəyərinə görə 64000 manat pul ödəmişdir (səh.10); "X5” MMC-nin şəhadətnamə-arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişdiyi yerdə, 2436-cı məhəllədə tikilən binanın 17-ci mərtəbədəki 160 kv.m sahəsi olan 3 otaqlı 212 nömrəli mənzil MMC tərəfindən İddiaçı ayrılmış və vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilmişdir, onun şirkətə borcu yoxdur (səh.8); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 8149 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov və E.Süleymanov küçələrinin kəsişməsində, 2436-cı məhəllədə "X5” MMC tərəfindən inşa edilmiş yaşayış binasının 212 saylı mənzili üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 2555 manat məbləğində müəyyən olunmuş, təmir işləri zamanı sərf olunan tikinti materiallarını iş üzrə iddiaçı tərəfindən alındığından, həmin materialların dəyəri smetaya daxil edilməmişdir, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (səh.98). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, evin təmiri zamanı vurulmuş maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2500 manat məbləğində pul Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq, İddiaçı verilməsi, ikin iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilmiş, Cavabdeh1 "1554 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı alınıb, ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, məhkəmə xərclərinə aid olan, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 402, 405-ci maddələrinəistinadən qeyd edilmişdir ki, Cavabdeh1 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış "Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”yə əsasən xx xxxxxx 2016-cı il tarixə kimi xx xxxx 2013-cü il tarixli "X5” MMC ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, MMC tərəfindən inşa edilmiş yaşayış binasının ümumi sahəsi 160.0 kv.m olan 4 otaqlı, 212 nömrəli mənzilini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 100000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Satılacaq mənzil Cavabdeh1 sahibliyində və istifadəsində olmuş, satıcı mənzili 100000 manat məbləğində qiymətləndirərək gələcəkdə mənzili həmin qiymətə alıcıya satmağı, alıcı isə mənzili gələcəkdə 100000 manata almağı öhdəsinə götürmüş, alıcı 100000 manat məbləğindən 36000 manat notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə satıcıya ödəmiş, satış qiymətinin qalan 64000 manatı isə mənzilin alqısatqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüş, "X5” MMC-nin xx xxxx 2017-ci il tarixli mədaxil qəbzinə və arayışına əsasən İddiaçı xx xxxx 2017-ci il tarixli müqavilə üzrə mənzilinin dəyərinə görə 64000 manat pulu ödəmiş, onun şirkətə borcu qalmamışdır. Hazırda ilkin İddiaçı mənzilin alqı-satqısı zamanı artıq alınmış pulun, təmir zamanı vurulmuş maddi ziyana görə pulun və mənəvi ziyana görə pulun alınması ilə bağlı, qarşılıqlı iddiaçı Cavabdeh1 isə mənzilin tam təmir olunaraq təhvil verilməsinə baxmayaraq təmir haqqının tam ödənilməmiş hissəsinin alınması ilə bağlı iddia qaldırmışlar. Məhkəmə ilkin iddianın "evin alqı-satqısı zamanı artıq alınmış 20000 manat pulun Cavabdeh3 Həsən oğlundan alınması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin pulu tələb etməsinin əsası kimi Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişdiyi yerdə, 2436-cı məhəllədə tikilən binanın 17-ci mərtəbədəki 160 kv.m sahəsi olan 3 otaqlı 212 nömrəli mənzilinə görə Cavabdeh3lə aralarında olan danışıqlar zamanı cavabdehin ondan 80000 manat dəyərində mənzil üçün 100000 manat aldığına istinad etmişdir. Hansı ki, yuxarıda istinad edilən xx xxxxxx 2016-cı il tarixli ilkin müqavilə Cavabdeh1 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında notariat qaydada bağlanmışdır, tərəflər xx xxxx 2013-cü il tarixdə "X5” MMC ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 sahibliyində və istifadəsində olan həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 100000 manata alıcıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satıcı sahibliyində və istifadəsində olan mənzili 100000 manat məbləğində qiymətləndirmiş, gələcəkdə həmin mənzili həmin qiymətə alıcıya satmağı, alıcı mənzili gələcəkdə 100000 manata almağı öhdəsinə götürmüş, alıcı 100000 manat məbləğindən 36000 manatı notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, satış qiymətinin qalan 64000 manatı isə mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürür. İlkin müqavilə əsasında 36000 manatın ödənilməsindən sonra mənzilin dəyərinə görə 64000 manatın İddiaçı tərəfindən tam ödənilməsinə və borcunun olmamasına görə "X5” MMC tərəfindən xx xxxx 2017-ci il tarixli mədaxil qəbzi verilmişdir. Dəyərinin ödənilməsi şərti ilə mənzilin alqı-satqısına dair ilkin müqavilə məhz Cavabdeh1 ilə İddiaçı arasında bağlanmışdır, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər, müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürülməmişdir, ilkin müqavilə qüvvədədir, müqavilə şərtləri isə tam yerinə yetirilmiş, mənzil təhvil verilmiş, ilkin İddiaçı tərəfindən mənzilin dəyəri olan 100000 manat pul tam ödənilmişdir. İddia tələbi isə müqavilə tərəfi olan Cavabdeh1 qarşı deyil, müqavilə tərəfi olmayan şəxsə - Cavabdeh3 Həsən oğluna qarşı irəli sürülmüşdür. Belə olan halda, bu tələb daxilində ilkin iddiaçının Cavabdeh3 20000 manat pul tələb etməsinin əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. İlkin iddianın "evin təmiri zamanı vurulmuş maddi ziyana görə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4000 manat pulun alınması” hissəsinə münasibətdə qeyd edlmişdir ki, ilkin iddiaçı həmin tələbini Cavabdeh3 onu aldatması, cavabdehlərin ona lazım olan qədərdən artıq materiallar alması və dəyərindən baha qiymətə satmaları, evin təmiri üçün alınan mala görə ondan 4000 manat artıq almaları ilə əsaslandırmışdır. İlkin iddiaçı tərəfindən həmin tələblə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, habelə mənzildə təmir işləri aparılıb-aparılmasını, müsbət halda həmin təmirin mənzilin hansı sahələrində aparıldığını, mənzilin təmiri üçün görülmüş işlərin xərcin nə qədər təşkil etməsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyində mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin 2555 manat məbləğində müəyyən olunduğu, təmir işləri zamanı sərf olunan tikinti materialları iş üzrə iddiaçı tərəfindən alındığından həmin materialların dəyərinin smetaya daxil edilmədiyi göstərilmişdir. İlkin iddiaçının tələbi mənzilin təmiri zamanı vurulmuş maddi ziyanla bağlı olduğu üçün o, bu maddi ziyanın vurulmasını, həcmini sübut etməlidir. İlkin iddiaçı ona məhz 4000 manat maddi ziyan vurulmasını təsdiq edən sübutunu təqdim etməmişdir, evin təmiri ilə bağlı işləri həyata keçirmiş cavabdehlərdən Cavabdeh1 evin təmiri zamanı ilkin iddiaçıya 1500 manat maddi ziyan vurulmasını etiraf edir, digər Cavabdeh3 isə məhkəmə iclaslarına gəlmədiyi üçün onun iddianı rədd və ya etiraf etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mənzildə təmir işlərinin hər iki cavabdeh tərəfindən birlikdə həyata keçirildiyi öz təsdiqini tapmışdır. Ekspertin rəyinə gəldikdə, məhkəmə həmin rəyi məhkəmə tədqiqi zamanı müəyyən edilmiş sübutlarla birlikdə qiymətləndirərək qeyd edir ki, rəylə mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 2555 manat kimi müəyyən olunmuşdur, həmin məbləğ mənzilin təmiri zamanı ilkin iddiaçıya vurulmuş maddi ziyanın məbləği kimi qəbul edilə və qiymətləndirilə, iddia təmin edildiyi halda isə maddi ziyanın məbləği 2555 manat məbləğində müəyyən oluna bilməz. Ona görə ilkin iddia həmin hissədə etiraf olunan 1500 manat məbləğində pulun ilkin iddiaçının xeyrinə tutulması yolu ilə, qismən təmin olunmalıdır. ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 İddiaçı məxsus mənzilin təmiri zamanı yol verdikləri hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə o, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İlkin iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehlərdən müştərək qaydada 1000 manatın alınıb, ilkin iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir, belə qənaətə gəlir ki, mənəvi zərərin məbləğinin 20000 manat müəyyən edilməsi üçün əsaslar yoxdur, ilkin iddia qismən təmin olunmalıdır. Cavabdeh1 qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, həmin iddiaçı tələbini cavabdeh İddiaçı mənzilində aparılan təmir işləri zamanı mənzil sahibinin ona razılaşdıqları pulun 1554 manat hissəsini ödəmədiyi ilə əsaslandırmışdır. Hansı ki, qarşılıqlı iddiaçı tələbinin əsasını təşkil edən hər hansı sübutunu təqdim etməməklə yanaşı, əksinə, məhkəmə tədqiqi zamanı mənzilin təmiri zamanı vurulmuş maddi ziyan qismində 1500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilkin İddiaçı xeyrinə tutulmalı olunması ilə bağlı hüquqi nəticəyə gəlinmişdir. Cavabdeh1 tərəfindən iddia həmin hissədə etiraf olunmuşdur. Ona görə qarşılıqlı iddia təmin edilməməlidir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 08 11.2019-cu il tarixli 2{007)-551/2019 saylı qətnaməsinin “ilkin iddia qalan hissədə təmin edilməsin" hissəsində ləğv edilməsi, qalan hissədə iddiamın təmin edilməsi, evin alqı-satqısı zamanı Cavabdeh3 Həsən oğlundan məndən artıq aldığı 20.000 manatın, evin təmiri zamanı mənə vurulmuş maddi ziyana gorə Cavabdeh3 Həsən oğlundan və X1 müştərək olaraq 4000 manat pulun, ona vurulan mənəvi ziyana görə Cavabdeh3 Həsən oğlundan və X1 müştərək olaraq 20000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkməsinin 2(007)-551/2019 saylı iş üzrə qəbul etdiyi 08.11 2019cu il tarixli qətnamənin ləğv edib, ilkin iddianın rədd,qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-6989/2020 saylı Qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2056/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarda Azərbaycan Respublikası MPM-nin 52, 63, 68, 218, 416-418-ci maddələrinə; Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına istinadən qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə instansiyaları birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili olmuş Vəkil2 cavabdehin iddiaçıya 1500 manat ödəməyə hazır olmasına istinad edərək, iddianın Cavabdeh1 tərəfindən etiraf olunması qənaətinə gəlinmişdir. Lakin iş materialları ilə Cavabdeh1 vəkili olmuş Vəkil2 iddianı etiraf etmək səlahiyyətinin olması müəyyən edilmir. Qeyd edilməlidir ki, iddianın etiraf edilməsi mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəməyə cavabdeh tərəfindən yazılı formada təqdim edilməli və ya bu barədə protokola qeyd edilməklə protokol imzalanmalıdır. Vəkilin hüquq və vəzifələri sırasında isə iddianın etiraf edilməsi nəzərdə tutulmamışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 iştirak etmiş olduğu məhkəmə iclaslarında ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq prosessual pozuntuya yol verməklə cavabdehin vəkilinin izahatını cavabdehin ilkin iddianı etiraf etməsi kimi qiymətləndirmişdir. Digər tərəfdən iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından (səh 81) görünür ki, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Nizami rayonu, A.Manafov və E.Süleymanov küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, "xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının ümumi sahəsi 160 kv.m təşkil edən 4 otaqlı, 212 nömrəli mənzilində təmir işləri aparılmışdırmı, müsbət halda həmin təmir mənzilin hansı sahələrində aparılmışdır, mənzilin təmiri üçün görülmüş işlərin xərci hazırki bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil edir sualı qoyulmuş, xx.xx.2019-cu il tarixli rəydə (səh 100) Bakı şəhəri, Nizami rayonu, A.Manafov və E.Süleymanov küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, "xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının 212 saylı mənzili üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin 2555 manat məbləğində müəyyən olunması göstərilmişdir. Halbuki, adı çəkilən qərardaddan görünür ki, ekspert qarşısında ümumi mənzildə həyata keçirilmiş təmir işlərinin olub-olmaması, olmuşdursa, ümumi təmir işinin bazar qiymətinə hansı məbləğinin təşkil edilməsi sualı qoyulmuş, ekspert qarşısında qoyulan sualdan kənara çıxaraq cavabdeh tərəfindən həyata keçirilmiş təmir işlərinə dair xərci müəyyən etmişdir. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşmasını əsaslandırmamış, apelyasiya kollegiyası da bu hala əhəmiyyət verməmişdir. Digər Cavabdeh3 Həsən oğlunun kasasiya şikayətinin dəlillərinə gəldikdə isə kasasiya kollegiyası qeyd edir ki, qeyd edilən kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, apelyasiya kollegiyası Cavabdeh3 Həsən oğlunun iddiaçının mənzilində təmirdə iştirak etməsinin iş materialları ilə təsdiqləndiyini qeyd etsə də, həmin halın nə ilə təsdiqləndiyi nə iş materiallarından, nə də proses iştirakçılarının izahatlarından görünmür. Ümumilikdə hər iki kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdehlərin iddiaçıya qarşı hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurmaları, onların əməllərində delikt olubolmaması araşdırılmamış, apelyasiya kollegiyası obyektiv həqiqətə nail olunması üçün ədalətli məhkəmə araşdırmasını tam həyata keçirməmiş, səthi olaraq birinci instansiya məhkəməsinin qənaətinin haqlı olmasını qeyd etməklə məhkəmə araşdırmasını yekunlaşdırmışdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 4 il ərzində məhkəmə proseslərində cavabdeh tərəfi dindirən olmadığını, Cavabdeh3 onun qonşusu olduğunu, onun öz evini satıb yeni ev almaq istədiyini bildirdikdə Cavabdeh3 ona mübahisəli evi göstərdiyini, həmin ev Cavabdeh3 məxsus olsa da, mülkiyyətçi kimi Cavabdeh1la 2016-cı il tarixdə ilkin müqavilə imzaladığını, notariat kontorundan çıxan zaman ona bir kişinin yaxınlaşaraq Arifin sənəd işlərini gördüyü üçün 2000 manat tələb etdiyini, müqavilə bağlandıqdan sonra cavabdehlərin evi ona təhvil verdiklərini, 6 ay ərzində evin pulunu hissə-hissə ödədiyini, 6 ay sonra öz adına evi özəlləşdirməyə getdikdə ona həmin binada mənzillərin kv.m-nin 500 manata, hətta ondan da aşağı qiymətə satıldığının məlum olduğunu, həmçinin müqavilədə 160 kv.m qeyd edildiyini, çıxarış üzrə 120.0 kv.m göstərildiyini, evin mansartlı ev olduğunu, elektrik xətti çəkdiyini, yararlı ev olmadığını, lift olmadığını, evə dair artıq ona çıxarış və texniki pasport verildiyini bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin vəkili iddianı etiraf etdiyi üçün birinci instansiya və apellyasiya məhkəmələrində qarşılıqlı iddia ərizəsi üzrə araşdırılma aparılmadığını, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu, kassasiya şikayəti vermədiyini, Zaminlə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsinin bağlandığını, qiymət üzrə razılaşdıqlarını, həmçinin təmir işləri üzrə razılığa gəldiklərini, məbləğin kifayət qədər hissəsi ödənildikdən sonra tərəflər arasında mübahisə düşdüyünü, iş materiallarınd aolan ekspert rəyi ilə də razılaşmadıqlarını bildirmiş, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, mübahisəli evi 2013-cü il tarixdə aldığını, sonra İddiaçı ilə 2016-cı il tarixdə alqı-satqı barədə ilkin müqavilə bağlandığını, sonradan evi təmir etməsi ilə bağlı Aynurə ilə razılığa gəldiyini, özü usta olduğu üçün evi təmir etdiyini, təkcə divar kağızı çəkmədiyini, sonra iddiaçı ilə aralarında mübahisə yarandığını bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Həsən oğlu öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının onun qonşusu olduğunu, ona almaq üçün ev axtardığını bildirdiyini, Zaminlə tanış etdiyini, notariat kontoruna birlikdə getdiklərini, orada Aynurə ilə Zamin arasında olan təmirlə bağlı razılaşma barədə məlumatı olmadığnı bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs "X5” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinini müəyyən etdiyi halları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-388, 404; MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarının nəticə hissəsində göstərməsə də əsaslandırıcı hissəsində yalnız ilk iddianın təmin edilən hissəsinə qiymət vermiş və ona görə məhkəmə araşdırılmasının hazırki prosessual hədləri bu məcrada məhdudlaşır. Kollegiya hesab edir ki, ilk iddia üzrə iddianın alqı-satqı üzrə müqavilə azadlığı, təmir üzrə müqavilənin və smetanın tərtib edilməməsi ilk iddianın əsaslı olmadığına, iddianın hissəvi etirafının isə prosessual tələblərə cavab vermədiyinə görə, habelə ekspert rəyi ilə cavabdehliyin müəyyən edilməsinin əsassız olması səbəbindən bu hissədə iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Mənzilin satılması zamanı mənzil sahəsinin uyğunsuzluğu ilə bağlı əlavə təqdim edilmiş dəlillər məhkəmə araşdırmalarının predmeti olmadığından və bütövlükdə müqavilə mübahisələndirilmədiyindən müzakirə edilə bilməz, lakin bu əsasla başqa tələbin olması istisna edilmir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə rədd edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcləri isə rüsumlar hissəsində onları ödəyən şəxslərə aid edilməli, ekspert xərci hissəsində iddiaçılardan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh3 Həsən oğlu, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən (ilk iddia ərizəsinin təmin edilən hissəsində) ləğv edilsin, həmin hissədə iddia ərizəsi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul məhkəmə xərci ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar