Məhkəmə qərarları › İş №2(103)-799/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-799/2021

20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-799/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakların hərracdan satılaraq pulunun paylara uyğun bölüşdürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 253,5 kv.m qeyri yaşayış sahəsinin, ünvan 2 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin və “xxxx” MMC-nin üzərində Cavabdeh ½ hissədə pay hüququnun olmasının müəyyən edildiyini, əmlaklardan payının naturada ayrılmasının mümkün olmadığını, cavabdehin isə əmlaklarda payına mütənasib hissəyə uyğun kompensasiya ödəməklə əmlakları əldə etmək fikrində olmadığını, bu səbəblə əmlaklara dair sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmədiyini irəli sürmüş, buna görə də ünvan 3 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı məzilin naturada bölünməsi, naturada bölgü aparılması mümkün olmadıqda əmlakların bazar qiyməti ilə qiymətləndirilərək məcburi qaydada satılması və satış pulunun aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyriyaşayış sahəsinin və ünvan 2 ünvanda yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin açıq hərracda satılması, ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin hərracda ilkin satış qiymətinin 750 000 (yeddi yüz əlli min) manat, ünvan 2 ünvanda yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 250 000 (iki yüz əlli min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması, əmlakların satışından əldə edilən məbləğin İddiaçı və Cavabdeh ½ (ikidə bir) hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və ünvan 2 ünvanda yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin dəyərinin yarısını cavabdehə ödəməsi şərtilə mənzilin özünün mülkiyyətində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini cavabdehin həmin mənzilin dəyərinin yarısı olan 125 000 manatı almaq şərtilə mənzildən imtina etdiyini bildirməsinə baxmayaraq məhkəmənin bu hala əhəmiyyət vermədiyi arqumenti ilə əsaslandırmışdır. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun “ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, əmlakın satışından əldə edilən məbləğin tərəflər arasında ½ (ikidə bir) hissədə paylarına uyğun olaraq bərabər qaydada bölünməsi” hissəsində dəyişdirilməsini və həmin əmlakın bərabər paylarla naturada bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini sözügedən qeyri-yaşayış sahəsinin naturada bölünməsinin mümkün olduğu arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı özünün apellyasiya şikayətindən imtina etdiyini, ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin ikinci ekspert rəyində 1 və 2 saylı hissələri kimi göstərilən aptek və ofisin istənilən birinin cavabdeh tərəfindən götürülməsinə, digər hissənin özünə qalmasına etiraz etmədiyini, cavabdeh bunu qəbul etməzsə, həmin sahələrin hər ikisindən də ona pay verilməsi halında qeyriyaşayış sahəsi ilə bağlı cavabdehlə razılığa gələ biləcəyini, əks təqdirdə qətnamənin dəyişdirilmədən saxlanılmasını tələb etdiyini bildirmiş, Cavabdeh isə nə bu təklifi, nə də mənzilə görə kompensasiya təklifini qəbul etmədiyini, eyni zamanda apellyasiya şikayətinə əlavə verdiyini və qətnamənin mənzillə bağlı hissəsindən də narazı olduğunu, mənzilin çıxarışı olmadığından onun hərracdan satılmasının qeyri-mümkünlüyünü qeyd edərək qətnamənin qeyri-yaşayış sahəsi ilə əlaqədar hissədə ləğv, mənzilə dair hissədə dəyişdirilməsini, mənzilin naturada bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də təmsil etdiyi şəxsin mövqeyinə uyğun izahat vermiş, qətnamədən şikayət hazırlayarkən müvəkkilinin mənzillə bağlı hissədən razı olduğunu düşündüyü üçün həmin hissəni mübahisələndirmədiyini, müvəkkilinin özünün təqdim etdiyi şikayətə əlavənin nəzərə alınaraq müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının Cavabdeh apellyasiya şikayəti üzrə onun mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. İddiaçı öz apellyasiya şikayətindən imtina etdiyindən qətnamə onun mübahisələndirdiyi hissədə artıq apellyasiya baxışının predmeti deyildir; cavabdeh isə mümkün hesab olunan apellyasiya şikayətində qətnaməni “ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, əmlakın satışından əldə edilən məbləğin tərəflər arasında ½ (ikidə bir) hissədə paylarına uyğun olaraq bərabər qaydada bölünməsi” hissəsində mübahisələndirmişdir. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi “apellyasiya şikayətinə əlavə”yə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermiş şəxsin apellyasiya şikayətinin məzmununa əlavələr etmək hüququ qanunvericilikdə qadağan olunmamışdır; lakin, əgər “əlavə” ilə qətnamənin əvvəl mübahisələndirilməyən hissəsi mübahisələndirilirsə, bu hərəkət apellyasiya şikayəti verilməsi müddətinin daxilində edilə bilər. Apellyasiya şikayəti vermiş şəxs apellyasiya şikayəti verilməsi müddəti bitənədək onun məzmununa əlavələr etməklə qətnamənin əvvəl mübahisələndirmədiyi hissəsini də mübahisələndirməyə haqlıdır, müddət bitdikdən sonra isə şikayətin məzmununa bu cür əlavələr edilməsi istisna olunur. Belə ki, apellyasiya şikayəti vermək subyektiv hüquq olaraq bir imkandır, “müddət” bu imkanın həddidir. Qanunvericilik (MPM-nin 360-cı maddəsi) apellyasiya şikayətinin müddətini müəyyən etməklə imkanın həddini müəyyən etmişdir; imkandan isə onun həddindən kənarda istifadə oluna bilməz. Odur ki, apellyasiya şikayəti vermək hüququ olan şəxs yalnız apellyasiya şikayəti verilməsi müddətinin daxilində qətnaməni mübahisələndirə bilər. Əgər müddət bitdikdən sonra şikayətin məzmununa əlavələr edilməklə qətnamənin əvvəl mübahisələndirilməyən hissəsi mübahisələndirilirsə, bu hal müddət bitdikdən sonra apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 253,5 kv.m qeyri yaşayış sahəsinin və ünvan 2 ünvanında yerləşən 139,8 kv.m sahəsi olan 3 otaqlı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh pay hüququ tanınmış, iddiaçı da məhz bu fakta istinadla müvafiq iddia tələblərini irəli sürmüşdür. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş ekspert rəyinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, qeyri-yaşayış sahəsinin ekspertin mümkün hesab etdiyi qaydada bölünməsinə cavabdeh etiraz etməklə yanaşı, iddiaçının təklif etdiyi qaydada bölünməsinə də razılıq vermədiyindən, həmçinin cavabdeh iddiaçıya kompensasiya məbləği ödəmək istəmədiyindən əmlak açıq hərracdan satılmaqla satış pulu paylara uyğun bölüşdürülməlidir. Kollegiya həmin qənaətlə razılaşır; belə ki, paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında əmlaklara sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli əmlaklardan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmiş, bu baxımdan iddiaçı, əmlakların payına düşən ½ hissəsinin naturada ayrılmasını, bu mümkün olmadıqda isə onların açıq hərracda satılması və satış pulunun aralarında paylarına uyğun bölünməsini istəmişdir; mənzilin naturada bölünməsinin mümkün olmadığı, qeyri-yaşayış sahəsinin ekspertin təklif etdiyi qaydada bölgüsünün isə tərəfləri qane etmədiyi müəyyənləşdirilmişdir, əmlakların digər mülkiyyətçisi olan cavabdeh isə iddiaçıya onun arzuladığı kompensasiyanı vermək istəməməklə, həmçinin ona təklif olunan kompensasiya məbləğini qəbul etməməklə əmlakların hərracdan satışına faktiki olaraq etiraz etməmişdir. İddiaçı sonradan imtina etdiyi apellyasiya şikayətində vurğuladığı “cavabdehin mənzilin dəyərinin yarısı olan 125 000 manatı almaq şərtilə mənzildən imtina etdiyini bildirməsinə baxmayaraq məhkəmənin bu hala əhəmiyyət vermədiyi”, eləcə də Cavabdeh nümayəndəsinin şikayətində irəli sürdüyü “qeyri-yaşayış sahəsinin naturada bölgüsünün mümkün olduğu” arqumentləri apellyasiya baxışı zamanı təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı təyin olunmuş əlavə ekspertizanın rəyində, ünvan 1 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin faktiki olaraq iki ayrı sahələrdən ibarət olmaqla aralarında digər şəxslərə məxsus sahələrin olduğu, 1 saylı qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 63,6 m2, 2-ci qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 189,9 m2 təşkil etdiyi, texniki pasport məlumatlarına əsasən 2 saylı qeyriyaşayış sahəsinə küçədən və həyətdən ayrı-ayrılıqda giriş-çıxış üçün nəzərdə tutulmuş qapılarının mövcudluğu, qeyri-yaşayış sahəsinin ilkin ekspert rəyində göstərildiyindən fərqli şəkildə tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü nəticəsinə gəlinməsinə baxmayaraq, tərəflərin, əmlakın sözügedən rəydə göstərildiyi qaydada bölünməsi barədə də razılığa gələ bilmədikləri müəyyənləşdirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin "xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2020 saylı iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh mübahisələndirdiyi hissədə, yəni ünvan 4 ünvanda yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, qeyriyaşayış sahəsinin hərracda ilkin satış qiymətinin 750 000 (yeddi yüz əlli min) manat müəyyən edilməsi, əmlakın satışından əldə edilən məbləğin İddiaçı və Cavabdeh ½ (ikidə bir) hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin; apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın xərci olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh alınaraq Dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Azad İmanov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar