Məhkəmə qərarları › İş №2(103)-7990/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7990/2023

26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7990/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı BOKT QSC-nin "xxxx" MMC-nə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı BOKT QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin "xxxx" MMC-nə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab olunması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə İddiaçı BOKT QSCnə çatdırılmış, onun nümayəndəsinin xx.xx.2023-cü il tarixdə imzaladığı apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya və məzmuna əməl olunmadığı əsas göstərilməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyrimümkün hesab edilmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı BOKT QSC-nin nümayəndəsi növbəti dəfə apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpası barədə ərizə vermişdir. Göründüyü kimi İddiaçı BOKT QSC-nin nümayəndəsi ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş və məhz bu səbəblə də ötürülmüş müddətin bərpasını istəmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə qətnamədən şikayət vermə müddətinin bərpası haqqında İddiaçı BOKT QSC-nin nümayəndəsi tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan mülki işi apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, İddiaçı BOKT QSC-nin nümayəndəsinin qətnamədən apellyasiya şikayəti üzrə müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı BOKT QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar